image-4backend

Qafqazdan Afrikanın şimalına dostluq körpüsü

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri siyasi əhəmiyyəti və tarixi məqam nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdir. Bu səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafına, uğurlu perspektivinə ciddi töhfə verəcəyinə şübhə yoxdur. Qahirədə dövlət başçılarının görüşlərinin nəticəsi olaraq imzalanan sənədlər Azərbaycan və Misir arasında çoxspektrli əməkdaşlığın dərinləşdirilməsi üçün zəruri hüquqi bazanı daha da təkmilləşdirəcək, beynəlxalq platformalarda bundan sonra da onların vahid mövqedən çıxış etmələrinə möhkəm zəmin yaradacaq.
İyunun 8-də Qahirədə Azərbaycan–Misir dövlət sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə 7 sənəd imzalanıb. Sənədlərin imzalanması mərasimindən sonra Misir Prezidenti Əbdülfəttah əs-Sisi mediaya açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin səfərinin ikitərəfli əlaqələri gücləndirəcəyini qeyd edib. “Misir Cənubi Qafqazda sabitlik və sülhün bərqərar olmasına sadiqdir”, – deyən Əbdülfəttah əs-Sisi Azərbaycanı COP29-a evsahibliyi münasibətilə təbrik edərək, Azərbaycan Prezidenti İlham Əliyevlə aparılan danışıqların iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyini vurğulayıb. Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev Misirin dövlət başçısı Əbdülfəttah əl-Sisini COP29-a dəvət edib.
Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, beynəlxalq məsələlər istiqamətində ölkələr arasında fikir ayrılığı yoxdur və Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, bütün beynəlxalq məsələlərdə fikrirlər üst-üstə düşür. Hər iki dövlər beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirlər və Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik edib.
Dövlər başçısı bildirib ki: “Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır – müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır.”
Azərbaycanın nəinki bölgənin, eləcə də Avropanın enerji təhlükəsizliyi sahəsində oynadığı önəmli rolu, transmilli nəqliyyat qovşağı¬nın üzərində yerləşməsi rəsmi Qahirənin diqqətindən yayınmır, onu xarici siyasət prioritetlərinə müəyyən korrektələrə sövq edir. Dünyanın “yaşıl enerjiyə” keçidlə bağlı çağırışlarına Bakının fəal şəkildə qoşulduğu indiki məqamda Misirin Azərbaycanla ikitərəfli münasibətləri nəzərdən keçirmək, Azərbaycanın müəllifi və iştirakçısı olduğu qlobal layihələrə qoşul¬maq istəyi təbii qəbul olunmalıdır. Misirin belə bir istəyi ölkəmiz üçün də maraq kəsb edir. İnanırıq ki, ikitərəfli əməkdaşlığın yeni müstəvidə inkişafının nəticəsi olaraq, rəsmi Qahirə Azərbaycan–Ermənistan münasibətlərinə yanaşmada neytral mövqeyini ölkəmizə dəstək mövqeyi ilə əvəzləyəcək. Rəsmi Bakının hədəfində olan bu məsələ ciddi xarakter daşıyır və cənab Prezidentin Qahirə səfəri bu yöndə uğurlu perspektivdən xəbər verir.
Bu gün Azərbaycan–Misir münasibətləri özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bakı ilə Qahirə arasında intensivləşən təmaslar, dünən imzalanan sənədlər hər iki xalqın milli maraqlarına cavab verir. Dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından yeni imkanlar yaradır, ölkələrimiz arasında münasibətlərin inkişafı üçün böyük potensialın mövcudluğundan xəbər verir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək. Bu əməkdaşlıq dünyada islamofobiya meyillərinin gücləndiyi indiki dövrdə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan beynəlxalq miqyasda özünü göstərən dini, irqi ayrı-seçkilik kimi zərərli tendensiyalara qarşı fəal mübarizə aparır. İslam həmrəyliyi prinsipini rəhbər tutan Azərbaycan bu məqsədlə ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Bu kontekstdən yanaşanda Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrində Misirlə münasibətləri xüsusi əhəmiyyət daşıyır.
Bu gün misirli iş adamlarının Azərbaycanda fəaliyyəti çoxşaxəlidir. Paytaxt Bakıda və bölgələrdə ticarət, sənaye, eləcə də xidmət sahələrində Misir sərmayəsi ilə 10-dan çox şirkət fəaliyyət göstərir. Bundan başqa, enerji daşıyıcıları sahəsində ikitərəfli əməkdaşlığın da istiqamətləri genişdir. Həmin əlaqələrin daha da genişləndirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Neçə illərdir ki, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə yaxından əməkdaşlıq edir. İkitərəfli əlaqələr turizm sahəsində də inkişaf edir. Rəsmi statistikaya əsasən, son beş ildə Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda, Azərbaycanla Misir arasında humanitar, sosial xarakterli bir sıra mühüm layihələr həyata keçirilir.
Hazırda bəzi ərəb dövlətləri, o cümlədən Misir və İraq uzun illərdir mina problemindən əziyyət çəkir. Azərbaycan da Qarabağ torpağını mənfur qonşuların “yeraltı” müharibəsinin fəsadlarından – minalardan təmizləməklə məşğuldur. Azərbaycan bu problemə beynəlxalq ictimaiyyətin diqqətini daha çox yönəltmək istiqamətində Misirlə yaxından əməkdaşlıq etməyə hazırdır. Prezident İlham Əliyevin Qahirəyə rəsmi səfərində müzakirə edilən məsələlərin siyahısında bu mövzu da yer alıb.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki