2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 43 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Mirkişili 9-cu mikrorayon seçiciləri ilə görüşlər keçirib.
Görüşlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu YAP şərəfli inkişaf yolu keçərək bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atır.
Deputatlığa namizəd Tahir Mirkişili bu gün Azərbaycan dövlətinin sosial siyasət sahəsində başlıca məqsədinin insana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması və sosial ədalət prinsipinin daim qorunması olduğunu deyib: Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının Proqramında və seçki platformasında da sosial ədalət və insan amili prinsipi əksini tapıb: “Sosial siyasət sahəsində islahatlar davamlı xarakter daşıyır və əhalinin rifahının daha da yaxşılaşması istiqamətində ardıcıl tədbirlərin reallaşdırılması nəzərdə tutulub”.
Görüşlər zamanı Tahir Mirkişili seçicilərin təklif və müraciətlərini də dinləyib.
Namizədin nümayəndələri Şakir Abışov, Nizami Əliyev çıxış edərək YAP-ın ümumxalq və qələbələr partiyası kimi yüksək nüfuza malik olduğunu deyib, seçiciləri partiya namizədinə səsverməyə çağırıblar.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Tahir Mirkişili Vətən müharibəsi şəhidi Şulan Bayramovun ailəsini də ziyarət edib.