İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf ABŞ-nin İrana endirdiyi son zərbələrə sərt reaksiya verib.
Vətəninfo.az xəbər verir ki, Qalibaf “X” hesabında paylaşım edərək Minab şəhərində məktəbə, Lamerdə idman zalına və Hörmüzqan əyalətinin Sirik şəhərinin Kuhestək bölgəsində toy mərasiminə endirildiyi bildirilən zərbələri xatırladıb. O, həmin hücumlar zamanı uşaqların da öldürüldüyünü iddia edib.
“Minab məktəbi – uşaqlar qətlə yetirildi. Lamerd idman zalı – uşaqlar öldürüldü. Kuhestəkdəki toy mərasimində isə uşaqlar ailələri ilə birlikdə öldürüldü”, – deyə Qalibaf bildirib.
İran parlamentinin sədri daha sonra ABŞ-ni sərt ifadələrlə ittiham edib.
“Əgər bir güc şeytan kimi davranır, hədəfləri onun kimi seçir və şeytan kimi öldürürsə, deməli, o, şeytandır. Daha kiçik bir Şeytanı qoruyursa və o da eyni şəkildə davranırsa, deməli, söhbət Böyük Şeytandan gedir”, – Qalibaf qeyd edib.


























