image-img-20221228-wa0009backend

Qərbi Azərbaycana qayıdış konsepsiyası-yeni strateji yol xəritəsi

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü, yerli və dünya ictimaiyyətinə verdiyi mesajlar böyük əhəmiyyətə malikdir.
Məlumat üçün bildirək ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən bəri fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir və “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin 2022-ci il avqustun 3-də keçirilən Ümumi Yığıncağında birliyin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub.
Qərbi Azərbaycandan qaçqın düşən soydaşlarımız barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə qrum olan İcmanın əsas məqsədi etnik mənsubiyyətinə görə öz ata-baba yurdlarından deportasiya olunmuş azərbaycanlıların ictimai-mədəni birliyinə nail olmaqdır.
Zəngin mədəni və tarixi irsə sahib olan Qərbi Azərbaycan əcdadlarımızın ta qədimdən yaşadığı torpağımızdır. 1920-ci ildə Sovetlər İttifaqı yaranan zaman ittifaq ölkələrinin sərhədləri müəyyənləşəndə heç bir əsas olmadan Azərbaycana qarşı böyük ədalətsiklik edilib və Qərbi Azərbaycan zorla qopardılaraq Ermənistana birləşdirilib. Bu Azərbaycanı Naxçıvandan və Türkiyədən və ümumilikdə türk dünyasından coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi. Bunu bir çox tarixi sənədlər, mənbələr və xəritələr də təsdiqləyir.
Tarixi diyarımız olan Qərbi Azərbaycanın bütün toponimlərinin adları Azərbaycan mənşəlidir. Çünki bu ərazilərdə həmişə azərbaycanlılar yaşayıb və yaradıb. Çirkin erməni xisləti Qarabağdakı kimi, Qərbi Azərbaycanda da özünü göstərib və bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar. Amma nə qədər çalışsalar da azərbaycanlıların tarixi irsini yox etməyə nail ola bilməyiblər.
1948-1953-cü illərdə xalqımız sovet hükuməti tərəfindən növbəti dəfə deportasiyaya məruz qalmışdır. Bu, Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayətin, ədalətsizliyin və düşmənçiliyin təzahürü idi.
Əfsuslar olsun ki, Azərbaycana qarşı bu ayrı-seçkilik və məkrli münasibət bununla bitmədi. Sovet hökümətinin Azərbaycan xalqına qarşı növbəti cinayəti 1980-ci illərin sonlarında törətdildi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsini fürsət bilən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Sovet hökumətinin dəstəyini alan ermənilər həm Qarabağda, həm də o vaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayətlərə əl ataraq, 300-dən çox şəhər və kənddə yaşayan azərbaycanlıları tarixi diyarı olan Qərbi Azərbaycandan zorla, müxtəlif işgəncələrə məruz qoyaraq deportasiya etdilər. Təəssüf doğurucu məqam o idi ki, bütün bunlar Sovet hökumətinin gözünün önündə baş verirdi. Ən son deportasiyaya məruz qalan kəndimiz Nüvədi 1991-ci ilin avqustunda tamamilə boşaldıldı.
XX əsrin əvvəllərindən xalqımıza qarşı edilən bu müsibətlər və tarixi həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün İcmanın üzərinə böyük yük düşür. Ermənistan hər zaman tarixi saxtalaşdırmağa çalışmışdır. İndi isə bu saxtakarlıq ifşa olunmaqdadır. Çünki İrəvanın tarixi mərkəzi Azərbaycan xalqının tarixi irsi idi, Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb.
Dəfələrlə qanunsuz deportasiyaya məruz qalmış Qərbi Azərbaycanlıların hüquqları bərpa edilməli və onlar öz doğma yurdlarına qayıtmalıdırlar. Bunun üçün ikinci Qayıdış Konsepsiyası hazırlanmalıdır. Əlbətdə ki, biz bunu sülh yolu ilə etmək istəyirik.
Min illərdir indiki Ermənistan ərazisinin bir hissəsi- İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı azərbaycanlıların dədə-baba diyarı olubdur.
Bütün tarixi sübutlar göstərir ki, ermənilər bu ərazilərə sonradan müəyyən qüvvələrin məqsədlərinə xidmət etmək üçün müxtəlif yerlərdən köçürülüblər. Köçürülmə zamanı ermənilər yerli əhalini, müsəlmanları sıxışdırıb qovmağa çalışmışdır və bunu müxtəlif metodlarla-hədə, qorxu, işgəncə və cinayət yolu ilə həyata keçirirdilər. Ermənistan mono dövlətdir. Çünki ərazisini zəbt edib özünə dövlət qurduğu xalqın nümayəndələrini orda yaşamağa imkan verməmiş, hər vəchlə onları öz doğma torpaqlarından didərgin salmışdır.
Qərbi Azərbaycandan deportasiya olunmuş həmvətənlərimiz və ümumiyyətlə Qərbi Azərbaycan mövzusu hər zaman həm ümummilli lider Heydər Əliyevin, həm də cənab Prezident İlham Əliyevin xüsusi diqqətində olmuşdur.
Ulu Öndər Heydər Əliyev: “Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik.”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948–1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.”
Artıq Azərbaycan güclü dövlətdir və bunu 44 günlük Vətən müharibəsində bütün dünya gördü. Biz döyüş meydanında düşmənə qalib gələrək əzəli və tarixi torpağımız olan Qarabağa qayıtdıq. İndi isə digər tarixi yurdumuz olan Qərbi Azərbaycana qayıdacağıq. Əlbətdə burda qeyri-qanuni və təəccüblü heçnə yoxdur, bu bizim mənəvi və insanlıq haqqımızdır. Çünki yüz minlərlə vətəndaşımız öz doğma yurd-yuvasından zorla qovulub, deportasiya olunub. İndi isə evə qayıtmaq zamanıdır və əminəm ki, yaxın gələcəkdə biz istədiyimizə nail olacağıq.

Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki