“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatı üçün Azərbaycandan verilən səslərin ünvanları bəlli olub.
Bu barədə “Report”a sorğuda iştirak etmiş “CBC Sport” telekanalının əməkdaşı Rasim Mövsümzadə məlumat verib.
O, birinci pilləyə Fransa millisinin və İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi N Qolo Kanteni layiq gördüyünü bildirib. Mövsümzadə ikinci sırada Kantenin London təmsilçisindəki italiyalı komanda yoldaşı Jorjinyonu göstərdiyini söyləyib.
Tanınmış jurnalist Almaniya “Bavariya”sından polşalı Robert Levandovski və İspaniya “Real Madrid”indən fransalı Kərim Benzemanı 3-4-cü yerlərdə yazdığını deyib. Mövsümzadə 7-ci dəfə “Qızıl top”a sahib çıxan Lionel Messini isə 5-ci yerə layiq gördüyünü vurğulayıb.
Qeyd edək ki, səsvermə qaydalarına əsasən, ilk 5 yerin sahibləri müvafiq olaraq, 6 xal, 4 xal, 3 xal, 2 xal və 1 xal qazanıblar. Hazırda Fransanın PSJ klubunda çıxış edən Lionel Messi 613 xalla birinci yeri tutub. Argentinalı forvard Almaniyanın “Bavariya” klubunda çıxış edən ən yaxın rəqibi Robert Levandovskini 33 xal qabaqlayıb. Polşalı oyunçu 580 xalla ikinci olub. İngiltərənin “Çelsi” komandasının italiyalı yarımmüdafiəçisi Jorjinyo 460 xalla üçüncü yeri tutub. “Mançester Yunayted”dən Kriştianu Ronaldu isə 178 xalla 6-cı yerlə kifayətlənib.