image-1backend

Ramazan bitdi – fitrə üçün yığılan 100 milyon manat iddiası…

image-reklam_sirab_01

Ramazanın son həftəsində ən çox müzakirə olunan mövzu fitrə zəkatı ilə bağlı oldu. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvaya əsasən, adambaşına 10 manat məbləğ müəyyənləşdirilib. QMİ imkana görə bu məbləğin artacağını istisna etməyib. Ölkədə 10 milyon insanın yaşadığını nəzərə alsaq, ortaya yüklü bir məbləğ çıxır. Söhbət nə az, nə çox, 100 milyon manatdan gedir. Bu pul kimə və hara verilməlidir?

“Yeni Sabah”a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli suallara aydınlıq gətirib: “Fitrə sədəqəsi fitrətin sədəqəsi mənasına gələn bir anlayışdır. Özəlliklə, Ramazan ayının son günündə verilməsi düzgündür. Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvaya görə, minimum bir hədd 10 manat civarında, daha çox isə 15 manat təyin olunub”.

Digər bir sual isə fitrə zəkatının hansı insanlara verilməsi ilə bağlıdır. Məscidlərə, sandıq qutularına verilməlidir, yoxsa birbaşa şəxsə? İlahiyyatçı deyib ki, fitrə zəkatını kimə verəcəyimizi əvvəldən təyin etməliyik: “O adam bizim yaxın qohum-qonşumuz, tanıdığımız, ehtiyaclı biri ola bilər. Elə bir fitrə sədəqəsi toplamaq olar ki, bir neçə şəxs toplanar və evsiz insana ev alına bilər. Yaxud əməliyyat lazım olan şəxs üçün pul yığıla bilər. Bu cür bir addım nəzərdə tutulur. Yəni fitrə sədəqəsindəki hədəf insanları ələ baxmağa öyrətmək deyil. Elə bir fitrə sədəqəsi verilsin ki, gələn il həmin şəxs özündən aşağı imkanlı bir adama da əl tutsun, yardım etsin. Beləliklə, cəmiyyət yoxsulluğun girdabından xilas olsun. Ona görə İslamın təyin etdiyi bu sədəqələrin ardında böyük anlayış dayanır”.

Qeyd edək ki, martın 10-dan başlayan Ramazan ayı bu gün başa çatır.

Beləliklə də, aprelin 10-11-i Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. Qafqaz Müsəlmanlar İdarəsindən bildirilib ki, hər il olduğu kimi, bəzi məscidlərimizdə bayram namazları səhər saat 8-də, bəzilərində isə saat 9-da qılınacaq.

O ki qaldı fitrə zəkatına, hər il mübarək Ramazan ayının son gecəsindən, yəni bayram axşamından, ya bayram günü zöhr azanına qədər hər bir imkanı çatan müsəlman bu vacibatı yerinə yetirməlidir. Başqa sözlə ifadə etsək, fitr sədəqəsi insanı Ramazan ayına çatdıran, Ramazanı yaşadan və bu ayın bərəkətindən faydalandıran Allaha şükür niyyəti ilə verilən sədəqədir. Bu söz, yəni “fitr” kəlməsi “orucu açmaq” “orucu başa vurmaq” mənasına gəlir. Bu kəlmə dilimizdə keçmiş dövrdən bəri “fitrə” şəklində işlədilir ki, o da ərəb dilindəki “fitra” sözündən gəlib, “yaradılış”, “fitrət” deməkdir. Bu mənada fitrə, yəni fitr sədəqəsi Allahın bizləri kainatda ən uca varlıq (insan) kimi yaratmasının müqabilində edilən təşəkkürün bir ifadəsidir.

Bu əməl bayram günlərində kasıb insanların süfrəsindən tutmuş geyim-keciminə qədər, sosial həyatın bütün sahələrinə təsir edir ki, bu da xüsusən belə bir dönəmdə olduqca mühüm məsələlərdən biridir. Beləliklə, fitrə varlı ilə yoxsulun bir-birinə qaynayıb-qarışmasına, onlar arasındakı uçurumun müəyyən qədər aradan qalxmasına səbəb olur. Varlı kasıba sevgi ilə, kasıb da varlıya hörmət və ehtiramla baxmağa başlayır. Qısqanclıq hissləri korşalır, qəlblər yumşalır, yardımlaşma duyğusu iliklərədək hiss edilir. Fitrə zəkatı – Fitr bayramının axşamı, günəş batdığı vaxt həddi-büluğa çatan və ağıllı olub, bihuş, fəqir və başqasının qulu olmayan şəxsə, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün, təqribən 3 kiloqram öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş və düyü kimi qidalardan müstəhəqqə (ehtiyacı olan fəqirə) verməlidir.

“Ramazana xas əməllərdən biri də fitrə zəkatıdır. Dinimizə görə hər bir müsəlman şəxs fitrə zəkatını verməlidir”. Bu sözləri millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı  açıqlamasında deyib. Millət vəkili qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvaya əsasən, adambaşına 10 manat məbləğ müəyyənləşdirilməsi tövsiyə olunandır: “Belə ki, imkandan asılı olaraq bu məbləğ 3-15 AZN arası dəyişə bilər. Bu asılıdır bilavasitə fitrə zəkatı verilən ərzağın dəyərindən. Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız, məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız daha baha olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var.

Fitrə zəkatının ərzaqla və yaxud ərzağın dəyərində pul ilə verilə bilməsi məsələsinə gəldikdə, bəzi islam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar. Müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra islam alimləri də ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər.

Hesab edirəm ki, günümüzün reallıqları nəzərə alınaraq fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insan nəyə ehtiyacının daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzağı və ya başqa ehtiyacı olan əşyanı ala bilər. Yuxarıda qeyd etdiyimiz kimi, imkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir. Fitrə zəkatı mütləq imkansız insanlara verilməlidir. Fitrə zəkatının vaxtına gəldikdə, Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir.

Düşünürəm ki, fitrə zəkatını sandığa atdıqda ola bilər ki, bayramdan sonraya da qalsın. Ona görə də bu məqamı mütləq nəzərə almaq lazımdır.

Allah bütün oruc və duaları qəbul etsin, dövlətimizi, xalqımızı, Prezidentimizi, birlik və həmrəyliyimizi qorusun, bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə şəfa versin!”“Yeni Müsavat”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki