“Həqiqətən sevincli və qürurluyuq. Bizim qızlarımız Yaponiyanın paytaxtı Tokiodakı Yay Paralimpiya Oyunlarında çox yaxşı çıxış etdilər”.
Bu fikirləri Veteninfo.az-a açıqlamasında Azərbaycanın qadınlardan ibarət paracüdo üzrə milli komandasının baş məşqçisi Ramin İbrahimov Bakıdakı qarşılanma zamanı deyib.
43 yaşlı mütəxəssis bu yarışadək çox uzun yol qət etdiklərini bildirib: “Çox çətin yollardan və pandemiya dönəmindən keçdik. Mən də 3 dəfə paralimpiadalarda iştirak etmişəm. 4-cü dəfə isə məşqçi kimi qatıldım. Yay Olimpiya və Paralimpiya Oyunlarında zəif idmançı yoxdur. Burada əsas psixoloji hazırlıq önəmlidir. Həmişə şəhidlərimiz haqqında, Şuşanı işğaldan azad etməyimiz barədə qızlara danışırdım. Təlim-məşq toplanışlarında söyləyirdik ki, siz qalib ölkənin idmançılarısınız. Ona görə də möhtəşəm nailiyyət əldə etdik. 6 çəki dərəcəsinin 4-də bizim qızlar qızıl medal qazandı. Yaponlar və digər ölkələrin nümayəndələri bizim qızlarla maraqlanırdı. Onlara dedik ki, qələbəmizin birinci simvolu qalib dövlət olmağımızdır. Qarşılanma mərasimindən sonra isə ilk növbədə şəhidlər xiyabanını ziyarət edəcəyik”.
Qeyd edək ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanın qadın paracüdoçuları Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq) və Dürsədəf Kərimova (+70 kq) qızıl medal qazanıb.