image-reklam-veteninfo
image-1backend

Robot itləri gəzdirmək artıq işə çevrilir: Startap bu işə görə 20 dollar ödəyir

image-reklam-veteninfo

ABŞ-ın texnologiya startapı robot itlərin küçələrdə gəzdirilməsi üçün insanlara saatlarla ölçülən əmək müqabilində ödəniş təklif edir. Məqsəd isə süni intellektin robotları idarəetmə bacarığını təkmilləşdirməkdir.

San-Fransiskoda fəaliyyət göstərən Dimensional startapı robot itlərini 4–6 saatlıq ictimai gəzintilərə çıxaran şəxslərə 20 dollar ödəməyi nəzərdə tutur. UPI-nin məlumatına görə, bu qeyri-adi işin əsas məqsədi süni intellekt sistemlərinin öyrədilməsi üçün məlumat toplamaqdır.

Facebook-un Bay Area Jobs qrupunda yayımlanan, daha sonra silinən vakansiya elanında namizədlərdən təxminən 15 kiloqram ağırlığında avadanlığı təhlükəsiz şəkildə idarə etmək tələb olunurdu. Robotun gəzinti zamanı sıradan çıxması halında isə əməkdaş onu şirkətin San-Fransiskonun Dogpatch məhəlləsində yerləşən ofisinə qaytarmalıdır.

Dimensional şirkətinin təsisçisi Staş Pomixter “The New York Times” qəzetinə açıqlamasında bildirib ki, şirkət robotlara ağır fiziki işləri yerinə yetirməyə imkan verəcək açıq mənbəli əməliyyat sistemi hazırlayır.

Lakin ilkin sınaqlar süni intellektin robotların idarə edilməsində hələ insan səviyyəsinə çatmadığını üzə çıxarıb.

Pomixterin sözlərinə görə, robotların real mühitdə sınaqdan keçirilməsi zamanı süni intellekt agentlərinin avadanlığı idarə etməkdə ciddi çətinlik çəkdiyi məlum olub. Bu səbəbdən prosesdə insan müdaxiləsi hələ də zəruridir.

Təcrübələr üçün şirkət Çinin Unitree istehsalçısından robot itlər əldə edib. Hər bir robotun startap üçün təxminən 2 min dollara başa gəldiyi bildirilir.

Beləliklə, robotların insan əməyini əvəz etməsi istiqamətində aparılan araşdırmalar göstərir ki, texnologiyanın inkişafına baxmayaraq, süni intellektin real dünyada müstəqil fəaliyyət göstərməsi üçün hələ insan dəstəyinə ehtiyac var.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki