ABŞ Qara dəniz vasitəsilə Rusiya və Ukraynaya məxsus taxıl və enerji resurslarının maneəsiz daşınmasını təmin etmək məqsədilə məhdud atəşkəs təşəbbüslərini nəzərdən keçirir.
Reuters agentliyinin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio oktyabrın 31-də bildirib ki, beynəlxalq ictimaiyyətdə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin edəcək məhdud atəşkəsə maraq artır.
Rubionun sözlərinə görə, Vaşinqton taxıl daşımalarının bərpasına dair Türkiyə və Hindistan tərəfindən irəli sürülən təklifləri araşdırır.
ABŞ dövlət katibi mətbuat konfransında qeyd edib ki, Qara dənizdə gəmiçiliyin məhdudlaşdırılması qlobal ərzaq təhlükəsizliyinə, müəyyən dərəcədə isə enerji təhlükəsizliyinə təhdid yaradır.
“Biz bu razılaşmanın əldə olunmasını istərdik. Bu, müharibəni dayandırmayacaq, lakin münaqişənin müəyyən bir aspektinin həllinə imkan verəcək”, – deyə Rubio vurğulayıb.
Təklif olunan təşəbbüs ümumi hərbi əməliyyatların dayandırılmasını deyil, Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi və ticarət gəmilərinin hərəkətinə şərait yaradılması məqsədilə məhdud atəşkəs tədbirlərini nəzərdə tutur.
Vaşinqton bu təşəbbüsləri qlobal ərzaq və enerji təchizatına yaranan riskləri azaltmaq, eləcə də Qara dənizdə kommersiya gəmiçiliyini bərpa etmək baxımından vacib hesab edir.


























