Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov Qazaxıstan Respublikasında keçirilən “Süni zəka dövründə elm: əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda MDB Ölkələrinin Alimlərinin VI Forumunda iştirak edib. 29-30 oktyabr 2026-cı il tarixlərində Almatı şəhərində təşkil olunan forumda S.Qəhrəmanov “Sosial və humanitar elmlərdə süni intellekt: cəmiyyət, mədəniyyət, təhsil və dövlət idarəçiliyi” mövzulu dəyirmi masada “Süni intellekt dövründə akademik nəşriyyat: yeni imkanlar və çağırışlar” adlı məruzə ilə çıxış edib.
O, elmi məruzəsində süni intellektin redaksiya-nəşriyyat işlərinin təşkili, elmi nəşrlərin beynəlxalq əlçatanlığının artırılması üçün geniş imkanlar yaratdığını, rəqəmsal texnologiyaların sürətli inkişafının akademik nəşriyyatın ənənəvi fəaliyyət istiqamətlərini dəyişdirərək ona yeni məzmun qazandırdığını bildirib. S.Qəhrəmanov süni intellektin akademik nəşriyyata inteqrasiyasında yaranan elmi və etik çağırışlardan da danışıb. Qeyd edib ki, elmi informasiyanın etibarlılığı, müəlliflik və elmi məsuliyyət məsələlərinə ciddi diqqət yetirilməli, akademik dəyərlərin qorunması başlıca prioritet olmalıdır.
S.Qəhrəmanov AMEA-da süni intellektin elmi fəaliyyətə inteqrasiyasının aktual istiqamətlərdən olduğunu bildirib. Akademiyada süni intellektin humanitar və ictimai elmlərdə tətbiqi genişləndiyi üçün ingilis dilində “Journal of Artificial Intelligence in Humanities and Social Sciences” adlı elmi jurnalın təsis olunduğunu vurğulayıb. Əlavə edib ki, bu təşəbbüs yeni tədqiqat metodlarının müzakirəsi, fənlərarası əməkdaşlıq və beynəlxalq elmi kommunikasiyanın inkişafı üçün mühüm platforma formalaşdırmaq məqsədi daşıyır.
AMEA-nın DərgiPark platforması haqqında da məlumat verən S.Qəhrəmanov bildirib ki, bu elektron resurs akademik nəşrlərin vahid rəqəmsal mühitdə toplanmasında, idarə olunmasında və elmi məqalələrin daha geniş auditoriyaya çatdırılmasında geniş imkanlar yaradır. Natiq belə elmi platformaların müasir tədqiqat istiqamətlərinin formalaşmasına, elmi nəticələrin beynəlxalq səviyyədə müzakirəsinə və akademik nəşriyyatın rəqəmsal transformasiyasına töhfə verdiyini söyləyib.
Forumun sonunda filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanova sertifikat və hədiyyələr təqdim olunub.



























