ABŞ-ın Florida ştatında göyərtəsində 9 nəfərin olduğu “Learjet 60” tipli biznes təyyarəsi qəzaya uğrayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində sağ qalan olmayıb.
“The Washington Post” qəzetinin məlumatına görə, qəza noyabrın 1-də günorta saatlarında Vest Palm Biç şəhərində baş verib.
Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına əsasən, Ostindən Baham adalarına uçan təyyarə yaşayış məntəqəsində qəzaya uğrayıb.
Qəza öncəsi pilotun hava hərəkətini idarəetmə dispetçerləri ilə radio əlaqəsi zamanı əlverişsiz hava şəraitindən şikayət etdiyi bildirilir. Arxivləşdirilmiş radio danışıqlarına əsasən, təyyarə yağış, buzlanma və orta dərəcəli turbulentliklə qarşılaşıb.
Radio danışıqlarında təyyarənin burnunun aşağı əyilməyə başladığı anda pilotun “Biz qəzaya uğrayacağıq!” deyə qışqırdığı eşidilir. Bundan sonra dispetçerlərin təyyarə ilə əlaqə yaratmaq cəhdləri nəticəsiz qalıb.
Məlumata görə, təyyarə mobil evlərdən ibarət yaşayış kompleksinin girişinin yaxınlığında yerə çırpılıb.
FAA qəzanın səbəblərinin araşdırılması üçün Milli Nəqliyyat Təhlükəsizliyi Şurasına (NTSB) dəstək məqsədilə hadisə yerinə mütəxəssislər göndərəcəyini açıqlayıb.
Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmadan sonra müəyyənləşəcək.


























