“MDB Oyunları ilk dəfədir keçirilir. Bu, gözəl təşəbbüs və muay tay üçün əla fürsətdir. Oyunlarda inanılmaz rəqabət var. Bu cür yarışların keçirilməsi muay tayın populyarlaşması baxımından da önəmlidir”.
Veteninfo.az-ın Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Beynəlxalq Muay tay Federasiyasının prezidenti Stefan Foks I MDB Oyunları ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Azərbaycan tay boksçularının yarışdakı çıxışını dəyərləndirən funksioner ölkəmizdə istedadlı idmançıların çox olduğunu bildirib: “Bu, yeni nəsildir. Azərbaycan son 3-4 ildə bu idman növü üzrə xeyli inkişaf edib. Burada hər zaman güclü idmançılar olub”.
Muay tayın olimpiya proqramında olmadığını xatırladan Foks Beynəlxalq Olimpiya Komitəsi (IOC) ilə müzakirələrin davam etdiyini vurğulayıb: “Amma qarşıda xeyli sayda beynəlxalq yarış var. Gələn il ABŞ-da, 2023-cü ildə Tailandda turnirlərimiz olacaq”.
O, tezliklə Azərbaycana gələcəyini əlavə edib: “Dəfələrlə söz versəm də, alınmayıb. Yaxın vaxtlarda Azərbaycana gəlib, Milli Olimpiya Komitəsini və yerli federasiyanı ziyarət edəcəyəm”.