Qərbi Azərbaycana Qayıdış konsepsiyasının strateji və humanitar əsasları
Qərbi Azərbaycana Qayıdış konsepsiyası ölkəmizin milli və tarixi maraqları əsas götürülməklə hazırlanıb. Sənəd qədim Azərbaycan torpağı olan indiki Ermənistanda tarixi ədalətin bərpa olunmasını, azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli və təhlükəsiz şəkildə qayıdışını təmin etmək məqsədini daşıyan genişmiqyaslı bir layihədir. Konsepsiyanın əsaslarını iki mühüm istiqamət – strateji və humanitar aspektlər təşkil edir.
Tarixi ədalətsizlik və müasir reallıqlar
Birinci növbədə, qeyd etməliyəm ki, azərbaycanlılar əsrlər boyu bu ərazidə məskunlaşmış, orada öz mədəniyyətlərini formalaşdıraraq inkişaf etdirmiş, dövlətçilik ənənələri yaratmışlar. Tarixi sənədlər, faktlar, xəritələr Ermənistanın müasir sərhədləri daxilindəki ərazilərin bir vaxtlar Azərbaycanın ayrılmaz hissəsi olduğunu əyani şəkildə təsdiqləyir. XX əsrin əvvəllərindən başlayaraq ermənilərin köçürülməsi və azərbaycanlıların dörd dəfə amansız deportasiyalara məruz qalmaları nəticəsində qeyd olunan ərazilərdə əslində etnik təmizləmə aparılıb və bizim tarixi torpaqlarımızda Ermənistan dövləti qurulub.
Azərbaycanın getdikcə güclənən geosiyasi mövqeyi və regionda yaranan yeni reallıqlar qayıdış konsepsiyasını dəstəkləyir. Bu prosesin bir hissəsi kimi Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfəri, Qarabağın işğaldan azad edilməsi, burada separatizmin kökünün kəsilməsi qayıdış üçün əlverişi zəmin qismində çıxış edir. Xalqımız bu ümummilli ideya ətrafında sıx həmrəylik nümayiş etdirir, eyni zanabda, Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev soydaşlarımızın ləyaqətli qayıdışına qətiyyətli siyasi iradə ortaya qoyur.
Qayıdış prosesinin strateji mərhələləri
Qayıdış prosesinin strateji mərhələləri bunlardır: hüquqi əsasların yaradılması, diplomatik fəaliyyətin gücləndirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi.
Qayıdış prosesinin humanitar aspektinə gəldikdə isə, bu, hər şeydən əvvəl, etnik təmizləmə nəticəsində məcburi qaçqın statusunda qalmış insanlara doğma yurdlarına dönmə imkanını yaratmağı özündə ehtiva edir. XX əsrdə azərbaycanlıların deportasiyalar nəticəsində indiki Ermənistan ərazisindən zorla çıxarılması səbəbindən onların mədəni və mənəvi bağları qırılıb. Humanitar əsaslar bu insanların yenidən öz köklərinə qayıtmalarını, itirilmiş sosial, iqtisadi və mədəni hüquqlarını bərpa etməyi hədəfləyir.
Qayıdışın humanitar mərhələləri bunlardır: insan hüquqlarının təmin olunması, sosial reinteqrasiya, tarixi və mədəni irsin qorunması və bərpası, humanitar dəstək proqramlarının icrası.
Beləliklə, aydın şəkildə görünür ki, Qərbi Azərbaycana qayıdış konsepsiyası azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmasının təmin olunması kimi mühüm bir vəzifəni qarşıya qoyur. Azərbaycan dövət və cəmiyyət olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü iş aparır və tarixi ədalətin bərpası uğrunda mübarizəsini davam etdirir.
Beynəlxalq hüquqda aydın şəkildə təsbit olunur…
Qərbi Azərbaycana qayıdışın beynəlxalq hüquq müstəvisində qanuniliyi, birinci növbədə xalqın öz ərazisinə geri qayıtmaq hüququnun fundamental insan hüquqlarından biri kimi tanınmasıdır. 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsi hər bir insanın öz vətəninə qayıtmaq hüququnu təsbit edir. Eyni zamanda, 1951-ci il Qaçqınların Statusu haqqında Cenevrə Konvensiyası və digər beynəlxalq sənədlər məcburi köçkünlərin və qaçqınların öz doğma torpaqlarına qayıtmaq hüququnu dəstəkləyir. Azərbaycan xalqının Qərbi Azərbaycana qayıdış hüququ həmçinin BMT-nin müvafiq qətnamələri və beynəlxalq hüquq normaları ilə dəstəklənə bilər.
BMT-nin Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar münaqişə zonalarında məcburi köçkünlərin və qaçqınların geri qayıtması üçün şərait yaradılmasını dəfələrlə dəstəkləyib. Azərbaycan xalqının Qərbi Azərbaycana qayıtmaq hüququ da bu prinsiplər əsasında təmin edilməlidir.
Ermənistanın pozuculuq mövqeyi
Təəssüf ki, Ermənistanda revanşist düşüncələr və cəhdlər regional sabitliyə ciddi təhdid yaradır. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistan cəmiyyətində və siyasi dairələrində bəzi qruplar, xüsusən də müxalifət yeni müharibə ritorikasından çıxış edirlər. Bu düşüncələr və yanaşmalar birbaşa olaraq regional sülh təşəbbüslərinə, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına mənfi təsir göstərir, iki ölkə arasında münaqişənin yenidən alovlanması riskini artırır. 44 günlük müharibədən sonra imzalanan üçtərəfli bəyanat, o cümlədən Ermənistanın öhdəliklərinə uyğun olaraq Azərbaycan ərazilərindən çəkilməsi bölgədə sabitliyin təmin olunması üçün mühüm addım olmuşdu. Lakin revanşist düşüncələr bu razılaşmaları təhlükəyə atır və Ermənistanın hərbi əməliyyatlara yenidən başlaması ehtimalını yüksəldir. Belə cəhdlər, eyni zamanda, regional layihələrin, xüsusilə də nəqliyyat və iqtisadi əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsinə birbaşa maneədir. Digər tərəfdən, Ermənistanın revanşist düşüncələri həm də beynəlxalq səviyyədə neqativ reaksiya doğurur. BMT, ATƏT və digər beynəlxalq qurumlar münaqişənin dinc yolla həll olunmasının vacibliyini vurğuladıqları halda, Ermənistanın daxilində bu tip düşüncələrin mövcudluğu, rəsmi İrəvanın sürətlə silahlanma yolu tutmasının məntiqi anlaşılmır. Revanşist ritorika, eyni zamanda, Ermənistanın təcrid olunması prosesini daha da dərinləşdirir.
Yeri gəlmişkən, H.Paşinyan hökumətinin soydaşlarımızın tarixi yurd yerlərinə dönmək istəklərini dünyaya Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları sərgiləməsi məzmununda təqdim etməsi də bu ölkənin pozuculuq mövqeyində dayandığını təsdiqləyir. Azərbaycanın heç bir qonşu dövlətə, o cümlədən də Ermənistana qarşı hər hansı bir ərazi iddiası yoxdur. Söhbət haqqı çatan insanların dinc yolla tarixi torpaqlarına qayıdışından gedir. Bu hüququn tanınması və təmin edilməsi ədalətin təntənəsi olacaq. Ermənistan bir dövlət olaraq buna qısa zamanda lazımi şərait yaratmalıdır.
Azərbaycanın dörd prinsipial yanaşması
Azərbaycanın bu cür revanşist cəhdlərə qarşı bir neçə strateji yanaşması mövcuddur. Bu, ilk növbədə müdafiə potensialının gücləndirilməsi ilə bağlıdır. Ümumiyyətlə, Azərbaycan xüsusilə müharibədən sonra müdafiə potensialını gücləndirmək istiqamətində məqsədyönlü tədbirlər görür. Ordunun modernizasiyası, yeni texnologiyaların və silahların alınması, peşəkar kadrların hazırlanması bu prosesin tərkib hissələridir. Azərbaycan Ermənistan tərəfindən revanşist cəhdlərin qarşısını almaq üçün müdafiə qabiliyyətini həmişə yüksək səviyyədə saxlayır və hərbi balansı öz lehinə qorumağa çalışır. Revanşist qüvvələrin hər hansı hərbi avantüraya cəhd göstərməsi vəziyyətində Azərbaycanın buna adekvat cavab vermək imkanları var və bunu indiyədək dəfələrlə təsdiqləyib.
İkinci yanaşma diplomatik fəallığın artırılması və beynəlxalq əməkdaşlıqla bağlıdır. Azərbaycan beynəlxalq səviyyədə müttəfiqlərinin sayını artırır və regional sabitliyə töhfə verən diplomatik təşəbbüslərlə çıxış edir. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı və ölkəmizin Rusiya ilə münasibətlərində balanslı siyasət bu baxımdan mühüm əhəmiyyət daşıyır. Azərbaycan, həmçinin, Ermənistanın revanşist addımlarının beynəlxalq hüquqa zidd olduğunu diqqətə çatdırmaqla ayrı-ayrı platformalar müstəvisində də fəal iş aparır.
Üçüncü yanaşma iqtisadi inkişaf və inteqrasiya layihələri ilə əlaqədardır. Azərbaycan Zəngəzur dəhlizi və digər regional iqtisadi layihələrlə Ermənistanı əməkdaşlığa təşviq edir. Bu layihələr iqtisadi inkişafa xidmət etməklə yanaşı, revanşist meyllərin qarşısını almaq üçün mühüm addımlardan biri hesab olunur. Çünki iqtisadi əməkdaşlıq Ermənistanın revanşist ritorikadan uzaqlaşmasına səbəb ola bilər.
Dördüncü və son strateji yanaşma isə humanitar və sosial diplomatiya ilə birbaşa bağlıdır. Azərbaycan, həmçinin, bölgədə uzunmüddətli sülhün təmin olunması üçün humanitar təşəbbüslərə və erməni icması ilə dialoqa da yer ayırır. Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, Qarabağda yaşamış ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdikləri təqdirdə onarın qayıdış hüququ təmin edilə bilər. Azərbaycan bu halda ölkəmizdə yaşayan digər azsaylı xalqlar kimi, ermənilərin də bütün hüquq və azadlıqlarının qorunmasına təminatlar verir. Bu, Ermənistanın daxili revanşist dairələrinin anti-Azərbaycan ritorikasına qarşı humanitar yanaşmanın bariz nümunəsidir.
Osman Hacıyev,
Qərbi Azərbaycan İcması Barana rayon icmasının sədri