image-1backend

Tarixi nailiyyətlərimizin təməlində inam və qətiyyət dayanır

image-reklam_sirab_01

Ermənistan-Azərbaycan münaqişəsinin tarixçəsini incələdikcə bir daha əmin oluruq ki, dövlətçilik ideologiyası saxtalaşdırılmış faktlara, təhrif olunmuş həqiqətlərə, uydurulmuş miflərə söykənən Ermənistan kimi ölkələr üçün qonşularına qarşı aqressiyadan və hərbi təcavüzdən təbii heç nə ola bilməzdi. Əsrlər boyu milli düşüncəsi “böyük Ermənistan”, “dənizdən-dənizə”, “yeni ərazilər uğrunda yeni müharibə” xülyası ilə zəhərlənən bir toplumdan fərqli davranış tərzini gözləmək ancaq sadəlövhlük olardı. Tarixi Azərbaycan torpaqlarında Ermənistan vaxtilə hansı məqsədlər üçün yaradılmışdısa, o istər çar Rusiyası, istərsə də sovetlər dönəmində yalnız həmin məqsədə xidmət edib, böyük aktorların Cənubi Qafqaz və Türk dünyası ilə bağlı bölücü siyasətində istifadə olunan alət funksiyasından kənara çıxa bilməyib. Təəssüf ki, bu, indinin özündə də belədir. Yeganə fərq ondadır ki, Ermənistanın havadarlarının ünvanı dəyişir, yaxud hamilərinin siyahısına yeniləri əlavə olunur.

Əslində, Sovet İttifaqı ən azından öz təhlükəsizliyini qorumaq naminə etnik ayrı-seçkiliyə, milli zəmində təfriqəçiliyə yol verməməli idi. Amma SSRİ rəhbərliyi bu vacib məqamı nəzərə almadı, sələfinin siyasi xəttinə sadiq qalaraq oturuşmuş ənənəsini davam etdirdi. Mixail Qorbaçovun İttifaqa rəhbərliyi dövründə bu siyasət daha da eybəcərləşdi, erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarına açıq şəkildə dəstək verildi. O dövrdə Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, eyni zamanda, “miatsum” hərəkatının aparıcı simalarından biri olan akademik A. Aqanbekyan 1987-ci ilin noyabrında Parisdə Fransa erməni institutunun və erməni veteranlar assosiasiyasının üzvləri ilə görüşündə separatçılığı təşviq edən belə bir bəyanat səsləndirmişdi: “Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana”. Elə həmin vaxt o, Fransanın “Humanite” qəzetinə müsahibəsində bildirmişdi ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi artıq həll olunmuş məsələdir və bunun üçün Mixail Qorbaçov səviyyəsində siyasi iradə də mövcuddur. Bu cür tarixi faktlar ona dəlalət edir ki, onilliklər ötsə də, böyük dövlətlərin siyasətində ənənələr dəyişmir. Bu gün olduğu kimi, aparıcı aktorlar o zaman da hazırladıqları regional və ya qlobal dəyişikliyin zəruriliyinə dünya ictimaiyyətini inandırmaq üçün əvvəlcə media resurslarında həqiqəti təhrif edir, onların informasiya siyasəti planlaşdırdıqları hadisələrin önündə gəlirdi.

“Humanite” qəzetindən başlanan informasiya təxribatının yada salınmasının bir neçə səbəbi var. Əvvəla, Birinci Qarabağ müharibəsinin nəticəsi bizləri nə qədər məyus etsə də və bunda ölkədaxili səbəblərin, o cümlədən hakimiyyət səriştəsizliyinin, daxili çəkişmələrin, ozamankı AXC-Müsavat iqtidarına vətəndaş etimadsızlığının oynadığı rol hər birimizə məlum olsa da, unutmamalıyıq ki, Ermənistan tək deyildi, arxasında Kreml və başqa havadarları dayanırdı. Amma o da həqiqətdir ki, 44 günlük Vətən müharibəsi dövründə də Ermənistan yalqız deyildi, əksinə, açıq və gizli hamilərinin sayı xeyli artmışdı. 37 il əvvəl başlayan informasiya təxribatının yada salınmasının bir səbəbi də budur ki, özünü cəmiyyətimizə “böyük siyasətçi” kimi sırımağa çalışan, guya özümüzdən olan ayrı-ayrı şəxslər saxta “demokratiya” libasına bürünərək tarixdə şəxsiyyət faktorunun rolunu ya qəsdən unudur, ya da onun əhəmiyyətini kiçiltməyə çalışırlar. Unudurlar ki, tarixi şəxsiyyətin, həqiqi liderin lazımi məqamda siyasi səhnədə olmaması yalnız düşmənin işinə yarıyır, nəticədə bütöv bir xalqın məyusluğuna, dövlətin isə iflic vəziyyətə düşməsinə gətirib çıxarır. Eynilə, 1988-ci ildən başlayaraq 1993-ci ilin iyununadək Azərbaycanda baş verdiyi kimi. Bəzən isə qətiyyətli lider amili tarixi nailiyyətlərin əldə olunmasını şərtləndirən həlledici amillərdən birinə çevrilir. Necə ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra və 44 günlük Vətən müharibəsinin gedişatında hər birimiz qədər bədxahlarımız da bu siyasi gerçəkliyin şahidi oldular.

Prezident İlham Əliyevin ötən il oktyabrın 15-də Xankəndidə Azərbaycanın Dövlət Bayrağının ucaldılmasına həsr olunmuş mərasimdə etdiyi tarixi xatırlatma həmin reallığı bütün dolğunluğu ilə ifadə edir:

“1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldı, Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən çıxarıldı. Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən də çıxarılmışdı. İki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan Ermənistana verilsin. Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı, Fransanın bir qəzetində, yenə Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb”.

Qarabağda erməni separatçılığını təşviq edən “Humanite”qəzetindəki təxribat xarakterli müsahibədən 37 il sonra Fransanın başqa bir nəşri-“Le Fiqaro” qəzeti eyni riyakar dəst-xətti davam etdirdi, 2024-cü il martın 27-də separatçıların “üzdəniraq” tör-töküntüsünə öz səhifələrində xüsusi yer ayırmaqla Azərbaycanın suveren hüquqlarını növbəti dəfə hədəf seçdi. Tarixi xatırlatmanın səbəblərindən biri də Fransa rəhbərliyinin istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də müharibədən sonrakı dörd ildə Azərbaycanın haqq işinə kölgə salmağa xidmət edən ədalətsiz davranış tərzi, qərəzli bəyanat və qətnamələridir. Uzun onilliklər ərzində erməni lobbisi və ona hamilik edən dairələr beynəlxalq media resurslarında elə rəy formalaşdırmağa çalışırdılar ki, guya Ermənistan tarixən “məzlum və əzabkeş” olduğu üçün sivil dünya köməyini ondan əsirgəməməlidir. Həmin çirkin siyasət bu gün də davam etdirilir, eyni ölkə və təşkilatlar siyasi, iqtisadi, hərbi və informasiya dəstəyini Ermənistandan əsirgəmirlər. 2016-cı ilin aprelinə qədər media dəstəyinin bir istiqaməti də ona xidmət edirdi ki, keçmiş “Dağlıq Qarabağ” ətrafındakı rayonların Ermənistanın nəzarəti altında qalması guya onun “özünümüdafiə” hüququ ilə bağlıdır. Ermənistanın “bufer zonası” adı altında həyata keçirdiyi işğalçılıq siyasətinə haqq qazandırmaq cəhdi elə bu cür ədalətsiz ayrı-seçkilik siyasətindən və erməni təəssübkeşliyindən qaynaqlanırdı.

Minsk qrupunun 28 illik vasitəçiliyi ona görə uğursuzluqla nəticələndi ki, işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsinin qoyulması münaqişənin həllinə və ədalətli sülhə xidmət edə bilməzdi. BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin 27 il ərzində kağız üzərində qalmasının bir səbəbi də elə bu cür riyakar yanaşma ilə bağlı idi. Tarixi ədalətə və beynəlxalq hüquqa sadiq olduqlarını hər fürsətdə qabardan ölkə və təşkilatların, o cümlədən keçmiş vasitəçilərin Xocalı soyqırımını indiyədək rəsmi səviyyədə tanımaması, əslində, ayrı-seçkiliyin əyani təsdiqidir. Tarixi həqiqətlərə etinasız münasibətə son qoymaq üçün onu da unutmamalıyıq ki, vasitəçilərin vaxtilə Azərbaycana təklif etdiyi sülh variantlarında Qarabağdakı ermənilərə xüsusi status vəd olunmaqla yanaşı, Laçın və Kəlbəcərin gələcək yurisdiksiyası ya açıq şəkildə şübhə altına alınır, ya da onun həlli qeyri-müəyyən zamana bağlanırdı. İstisnasız olaraq, keçmiş vasitəçilərin hər biri və onların təsiri altında olan beynəlxalq təşkilatlar Azərbaycanı inandırmağa çalışırdılar ki, başqa çıxış yolu yoxdur, guya “məğlubedilməz” Ermənistan ordusu qarşısında Azərbaycanı yalnız fəlakət gözləyir. Bu çirkin təbliğat cəmiyyətimizi bədbinləşdirmək, xalqımızın Qələbəyə olan inamını sarsıtmaq məqsədini güdürdü.

2016-cı ilin Aprel döyüşləri Ermənistanın və himayədarlarının bu iyrənc məqsədini alt-üst etdi. Qəhrəman Azərbaycan Ordusu aprelin 1-dən 5-ə qədər Tərtər rayonunun Talış kəndi ətrafındakı strateji yüksəklikləri, Qazaxlar və Suqovuşan istiqamətindəki yolları, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlı kəndini, Goranboyda Gülüstan kəndini, Füzuli rayonu ərazisində bir neçə yüksəkliyi, ümumilikdə isə 2000 hektar ərazini erməni işğalçılarından azad etdi.

Azərbaycan əsgəri ermənilərin keçilməz hesab etdikləri “ohanyan səddini” cəmi 18 dəqiqəyə yararaq düşmənin yüzlərlə hərbçisini, onlarla döyüş texnikasını məhv etdi. Ermənistan ordusunda kütləvi fərarilik sindromunun təməli də məhz Aprel döyüşlərində qoyuldu. O zaman əldə etdiyimiz Qələbə Ermənistan ordusunun “məğlubedilməzlik” mifi ilə yanaşı, vasitəçilərin ölkəmizə qəbul etdirmək istədiyi təslimçi sülh planlarını da iflasa uğratdı. Aprel Qələbəsi Ermənistana və himayədarlarına həm də bu mesajı verdi ki, Azərbaycan tarixi torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaq, üzləşdiyi təzyiq və təhdidlərə baxmayaraq, ərazisinin bir qarışından belə imtina etməyəcək. Qardaş və dost ölkələrlə yanaşı, bədxahlarımız həmin vaxt ona da əmin oldular ki, Azərbaycanın qələbə əzminin təməlində xalq-lider həmrəyliyi, sarsılmaz siyasi iradə, Vətən naminə hər cür fədakarlığa hazır olan mərd övladları dayanır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

2016-cı ilin Aprel Qələbəsi xalqımıza həm də dörd il sonrakı tarixi Zəfərin ilk müjdəsini verdi. Bu tarixi nailiyyətləri qorumaq və onları gələcək nəsillərə ötürmək üçün bir həqiqəti də unutmamalıyıq. Bilməliyik ki, iqtisadi və hərbi cəhətdən güclü, sözün həqiqi mənasında müstəqil xarici siyasət yürüdən Azərbaycan və qətiyyətli Lider gerçəkliyi bəzilərini bu gün də ciddi şəkildə narahat edir. Çünki məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə bugünkü Azərbaycan onların əsrlərə söykənən məkrli planını iflasa uğradıb, ona görə də tarixi Zəfərimizi həzm edə bilmirlər.

Prezidentin 2022-ci ilin aprelində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında verdiyi bu açıqlama həmin siyasi gerçəkliyi ən dolğun şəkildə ifadə edir: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.

Bunu bildiyimizə görə, Azərbaycanı hədəf seçən ölkə və təşkilatların ədalətsiz davranışına, qərəzli qətnamə və bəyanatlarına təəccüblənməməliyik. Prezident İlham Əliyevin andiçmə mərasimində ictimailəşdirdiyi növbəti gerçəklik isə, milli və dini mənsubiyyətindən, sosial statusundan və siyasi əqidəsindən asılı olmayaraq, hər birimizi səfərbər edən, bütövlükdə cəmiyyətimizi daha sıx birləşdirən istinad nöqtəsinə çevrilməlidir: “Biz, -İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, -sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir”.

Bu gün ətrafımızda baş verənlər Prezidentin xəbərdarlığında nə qədər haqlı olduğunu bir daha təsdiq edir. 37 il əvvəl Azərbaycana qarşı çirkin informasiya təxribatına rəvac verən Fransa İkinci Qarabağ müharibəsinin ilk günlərindən indiyədək qərəzli siyasətindən əl çəkmir. Müharibə dövründə “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” deyən Makron Fransasının Parlamenti “ Dağlıq Qarabağın müstəqilliyinin tanınması haqqında” beynəlxalq hüquqa zidd olan qətnamələr qəbul edir, bununla kifayətlənməyərək, 30 illik işğalçılıq keçmişi olan Ermənistanı silahlandırmaq yolunu seçir. Bir müddət əvvəl Ermənistana “Bastion” zirehli hərbi texnikasını ötürən Fransa hökuməti indi də onu “Caesar” kimi hücum təyinatlı artilleriya qurğuları ilə təchiz edir. Paris meri də daxil olmaqla təşəbbüs qrupu tələb edir ki, Fransanın hərbi kontingenti “sülhməramlı” adı altında Ermənistana yerləşdirilsin. Görəsən, Fransanın Avropa İttifaqında(Aİ) və NATO-dakı müttəfiqləri Ermənistanda revanş niyyətini təşviq edən bu cür təhlükəli addımların Cənubi Qafqazın sülh gündəliyinə zərbə vurduğunu Fransa hökumətinə izah edə bilirlərmi?

Az inandırıcı görünür, ona görə ki, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel kimi siyasətçilər bu cür addımların qarşısını almaq və onların yolverilməzliyini fransız həmkarlarına izah etmək əvəzinə, hərbi cinayətlərdə və separatçılıqda ittiham olunan ermənilərin azad edilməsini ölkəmizdən tələb edirlər. Üstəlik, Azərbaycan vətəndaşlığından və ölkəmizin qanunları əsasında yaşamaqdan imtina etdiklərinə görə Qarabağı könüllü şəkildə tərk etmiş ermənilərin hüquqlarının müdafiəçisi qismində dünyaya car çəkməkdən də utanmırlar. Amma 30 il ərzində qaçqın və məcburi köçkün vəziyyətində, ağır məhrumiyyətlər içərisində yaşamağa məhkum edilmiş milyona yaxın azərbaycanlının hüququ, Xocalı soyqırımı qurbanlarının haqları belələrinin heç yadına da düşmür. Yadlarına salanda isə riyakarcasına bizə deyirlər ki, keçmişi unudun, sülhü və dinc birgəyaşayışı keçmişinizdən üstün tutun. Bunu bizə təlqin edənlər özləri nədənsə unudurlar ki, Ermənistanın Müstəqillik bəyannaməsində və Konstitusiyasında ölkəmizə qarşı hələ də açıq-aşkar ərazi iddiaları nəzərdə tutulur. Sözdə sülhdən danışan Ermənistan rəhbərliyi və onun himayədarları bütün bunları bilə-bilə, Konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendumun keçirilməsini hər vəchlə ləngitməyə çalışır, guya bu proseduru üç-dörd il sonraya planlaşdırırlar. Həmin vaxtdan isə Ermənistan ordusunun silahlandırılması və gücləndirilməsi üçün istifadə olunur. Sual olunur: guya sülh istəyən Ermənistan və məlum havadarları potensial təhlükə vəd edən bu cür addımları kimə qarşı atırlar? Azərbaycan Prezidenti onlardan beynəlxalq hüquq normalarına zidd olan, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təhdid edən Konstitusiyanın dəyişdirilməsini tələb etdikdə isə, utanmadan bunu təhdid kimi qələmə verməyə çalışırlar. Analoji tələbi irəli sürən Ukraynanın mövqeyinə birmənalı dəstək verən ölkə və beynəlxalq təşkilatlar, görəsən, eyni hüququ Azərbaycana niyə tanımırlar? Görəsən, anlayırlarmı ki, bu cür bədnam ayrı-seçkiliyin gerçək motivləri tarix boyu tolerant həyat tərzinə alışmış Azərbaycan xalqını XXl əsrdə şoka salır?!

Cənubi Qafqazı bu cür ədalətsiz və ayırıcı siyasətlə bölməyə çalışan, Türk dünyasının birləşməsinə mane olmaq üçün dəridən-qabıqdan çıxan ölkə və təşkilatların siyasi riyakarlığı əndazəni aşsa da, artıq Azərbaycan xalqını təəccübləndirmir. Amma bu çirkin, eyni zamanda, təhlükəli siyasəti yürüdən dairələr onu da bilməlidirlər ki, Azərbaycan cəmiyyəti indi əvvəlkindən də monolitdir, çünki onun təməlində sarsılmaz inam dayanır: Haqqa və milli-mənəvi dəyərlərimizə inam, güclü Azərbaycan və qətiyyətli Lider reallığına inam, beynəlxalq hüquq normaları və tarixi ədalət prinsipi əsasında sülhə və yeni uğurlara inam!

Ülvi Quliyev

Milli Məclisin deputatı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki