Azərbaycanın 6 paralimpiyaçısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparıb.
Veteninfo.az-ın məlumatına görə, yarışın növbəti günündə daha iki güllə atıcısı, bir üzgüçü və üç atlet qüvvəsini sınayıb.
Qadınların 10 metr məsafəyə güllə atma yarışında Yelena Taranova , kişilərdə isə Kamran Zeynalov təsnifat mərhələsində mübarizəni dayandırıb.
100 metr məsafəyə sərbəst üsulla üzmədə Roman Saley fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal əldə edib.
Yelena Çebanu, Yuliya Yanovskaya və Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda çıxış edib. 11.99 saniyəlik nəticə göstərən Vəliyeva Azərbaycana ilk gümüş medalı qazandırıb. İvanovskaya yarışı 4-cü, Çebanu isə 7-ci pillədə başa vurub.
Qeyd edək ki, hazırda aktivində 10 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu yerdə qərarlaşıb.