Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək ən gənc və ən yaşlı idmançı bəlli olub.
Veteninfo.az-a verilən məlumatına görə, bu barədə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov yarış öncəsi təşkil edilmiş mətbuat konfransında bildirib.
O, Uşaq Paralimpiya hərəkatının üzvlərinin də Tokioda ölkəni təmsil edəcəklərini söyləyib: “Yeniyetmələr Dana Şandıbina və Vəli İsrafilov üzgüçülük idman növündə millinin tərkibində olacaq. Ən gənc idmançı Şandıbinanın 17, ən yaşlısı güllə atıcısı Yelena Taranovanın isə 59 yaşı var. Taranova 6-cı dəfə paralimpiadada qüvvəsini sınayacaq”.
Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Tokio-2020-yə 36 lisenziya qazanıb. Bu, ötən illərlə müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 11-i paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.
Paralimpiada 24 avqust – 5 sentyabrda keçiriləcək.