Azərbaycanda son illər ailə qurmaq istəyən gənclərin qarşısında duran əsas maneələrdən biri yüksək maddi xərclər hesab olunur. Toy mərasimləri, nişan, qızıl-zinət əşyaları, cehiz, mənzil və digər ənənəvi xərclər bir çox hallarda gənclərin imkanlarını aşır. Nəticədə 30 yaşını ötən, lakin maddi səbəblərdən ailə qura bilməyən şəxslərin sayı artmaqdadır.
Bəs toy və nişan xərclərinin, qızıl və digər maddi tələblərin yüngülləşdirilməsi, dəstək yönümlü addımlar ailə qurmaq istəyən gənclərin işini asanlaşdıra bilərmi? Mövcud ənənələr yenidən nəzərdən keçirilməlidirmi?
Məsələ ilə bağlı Median.Az-a açıqlama verən Millət vəkili Cavanşir Feyziyev bildirib ki, ailə quruculuğu iki gəncin birlikdə yaşamaq haqqında verdiyi şəxsi qərar əsasında öz taleyini birləşdirməsidir. Ona görə də ailə qurmaq elə bir hadisədir ki, hansısa xərclərdən, qızıl- zinət əşyalarından heç cür asılı olmamalıdır.
Deputatın sözlərinə görə, müasir gənclərin əvvəlki vaxtlara nisbətən gec ailə qurmasının məhz bu problemlərlə bağlı olduğunu düşünmürəm. İdeal vəziyyətdə ailə qurmaq üçün cehiz, qızıl, toy məclisi və s. xərclər problem sayıla bilməz, çünki şüurlu şəkildə birgə ailə həyatı qurmaq istəyənlər bu kimi xərclərə yol vermədən də ailə qurub xoşbəxt yaşaya bilirlər.
Millət vəkilinin fikrincə, əsas məsələ ailə institutunun mahiyyətini düzgün dərk edərək ona hazır olmaqdan ibarətdir. Bu məsələdə müasir həyatı keçmişlə müqayisə edib nəticə çıxarmaq düzgün olmazdı. Çünki zamanla ailə institutuna baxış da dəyişir və daha da kamilləşir. Bu insan toplumuna xas olan bir qanunauyğunluqdur.
Cavanşir Feyziyev əlavə edib ki, əgər indiki gənclər əvvəllər olduğu kimi 20-25 yaşlarında ailə qurmaqdan çəkinirlərsə, bundan narahat olmağa dəyməz. Çünki bu gənclərimiz tərəfindən ailə məsuliyyətinin daha yaxşı dərk olunduğunun göstəricisi də ola bilər. Əgər belədirsə, onları yalnız alqışlamaq lazımdır.
“Son bir əsrdə orta insan ömrü nəzərəçarpan dərəcədə artıb. Bu da gənclərə fürsət yaradır ki, 30-35 yaşına qədər təhsil alsınlar, işləsinlər, özlərinə layiqli həyat şəraiti təmin etsinlər və həm maddi, həm də psixoloji-mənəvi baxımdan ailə qurmağa hazır olsunlar. Buna görə də onları vaxtından tez ailə qurmadığı üçün qınamaq və ya danlamaq absurddur”, — deyə deputat qeyd edib.
“Amma kimsə toy xərclərini, qızıl-ziynət əşyalarını, cehizi və s. ailə qurmağın zəruri şərti hesab edirsə, onlar evlənməsə daha yaxşıdır. Çünki bu şəkildə “ənənəyə” sədaqət əslində həyata baxışın yanlış və ictimai şüurun aşağı olmasından xəbər verir. Belə düşünən gənclər ailənin mahiyyətini dərk etmir və hələ ailə qurmağa hazır deyillər”, — deyə C. Feyziyev vurğulayıb.
Cavanşir Feyziyev açıqlamasında onu da deyib ki, bizim cəmiyyətdə ənənələrə münasibət bəzən arxaik düşüncəyə əsaslanır. “Ata-babadan belə gəlib, belə də davam etməlidir” kimi iddialar bu günkü həyat normaları ilə bir araya sığmır. Filosoflardan birinin dediyi kimi, “ənənə libas kimi bir şeydir. Libas köhnəldikcə yenisini onun üstündən geyinmirsən, köhnə libası atıb yenisini geyinirsən”. Bu deyim həyatda da öz təsdiqini tapır. Məsələn, çox da uzaq olmayan bir zamanlar ailə qurmaq üçün bəy evi gəlin evinə “başlıq” ödəməli idi. Bu Azərbaycanda da geniş yayılmış bir ənənə idi. Amma bu gün belə bir hal müşahidə olunmur. Eyni şəkildə nişan və toy mərasimləri, cehiz və ziynət əşyaları və eləcə də bu məclislərə ailəyə yaxın olan və olmayan yüzlərlə qonağın dəvət olunması üçün çəkilən hədsiz xərclər şüurlu şəkildə ixtisar olunmalıdır. Toy məclisi bir ailə tədbiridir. Bu məclislərə yalnız ailəyə çox yaxın olan, bəyi və ya gəlini çox yaxından tanıyan və onları sevən adamlar dəvət olunmalıdır. Məsələn, 20 il öncə xəstəxanada birlikdə müalicə aldığı palata yoldaşını övladının toyuna dəvət etmək nadanlıq sayılmalıdır. Amma təəsüf ki, hələ də buna bənzər hallarla da rastlaşmaq mümkündür. Bu kimi anlamsız məsələlər toy məclisinin xərclərini də artırır. Və ya toy məclisini fonoqram vasitəsilə əyləndirən müğənnilərə minlərlə manat xərc çəkmək sadəcə mənasızdır. Bu kimi xərclərin ailə qurmağa imkan vermədiyini söyləmək də yersizdir. Çünki onları etməmək də olar.
Deputat sonda vurğulayıb ki, valideynlər nişan və toy məclisləri üçün heç bir zərurət olmadan, könüllü olaraq həddindən artıq izafi xərclər çəkirlər. Bu bir sıra hallarda toy sahibinin təkəbbüründən və şöhrətpərəstliyindən irəli gəlir. Bu iki mənfi xüsusiyyəti özündə daşıyan insanlar bir qayda olaraq “başqalarından fərqlənmək” və ya “qonşudan geri qalmamaq” sindromunun daşıyıcılarıdır. Onlar öz davranışları ilə lüzumsuz izafi xərcləri “ənənəyə” çevirirlər. Bütün bunları hər hansı qanunla tənzimləmək mümkün deyil, çünki bütün bunlar vətəndaşın şəxsi məsələsidir və şəxsi arzu və istəkləri əsasında baş verir. Ona görə də əminəm ki, bu kimi məsələlər fərdi şüur və sağlam düşüncə yolu ilə öz həllini tapmalıdır. Hər bir adət və ənənə vətəndaşın özü tərəfindən şüurlu şəkildə dövrün tələblərinə uyğun şəkildə optimallaşdırılmalıdır.


























