image-pervin-mahmudov-1backend

Türkmənistanda keçirilən Üçtərəfli Zirvə Görüşü mühüm əhəmiyyət kəsb edir

image-reklam_sirab_01

 

Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərində səfərdə oldu.     Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü baş tutdu. Tədbirdə çıxış edən dövlətimizin başçısı Üçtərəfli Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident Sərdar Berdiməhəmmədova təşəkkürünü bildirdi: “

Türkmənistanın sabit və dinamik inkişaf yolu ilə irəliləməsinin şahidi olmaq, onun nailiyyətlərini görmək bizi sevindirir. Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır.

2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır.Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır.

Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır. Bu, rekord göstəricidir”. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan, Türkiyə və Türkmənistan bir sıra sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıq sahəsində qarşlıqlı fəaliyyət göstərir və son illər bu istiqamətdə əhəmiyyətli nailiyyətlər hiss olunmaqdadır. Məlum olduğu kimi, Türkiyə-Azərbaycan əlaqələri çoxşaxəli xüsusiyyətə malikdir. Bu münasibətlərin vacib tərəflərindən biri də ikitərəfli və çoxtərəfli iqtisadi əlaqələrdir. Türkiyənin Azərbaycanın qeyri-neft sektoruna, Azərbaycanın isə Türkiyənin enerji sektoruna yatırdığı investisiyalar iki ölkə rəsmiləri və mütəxəssislər tərəfindən xüsusi vurğulanır. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım müqaviləsilə ikitərəfli münasibətlər bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də fərqli müstəviyə keçib. Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır.

Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib. Azərbaycan öz enerji problemlərini uğurla həll edib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha böyük uğurlara gətirib çıxarıb. Bu ilin noyabr ayında Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclası keçirildi. İclas zamanı diqqətə çatdırıldı ki, 2022-ci ilin yanvar-sentyabr aylarında qarşılıqlı ticarət 34 faiz artaraq 4,35 milyard ABŞ dollarına çatıb, post-pandemiya dövründə iqtisadi-ticari əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaranıb. Təbii ki,  bu baxımdan Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurası və Hökumətlərarası Komissiyanın iclaslarında qəbul edilən qərarların, əldə edilən razılıqların əhəmiyyəti böyükdür. Statistik məlumatlara nəzər salsaq görərik ki, Türkiyənin Azərbaycanın məhsul ixracında payı 2008-2019-cu illərdə 0,7-14,16 faiz arasında dəyişməklə, 2019-cu ildə 2,9 milyard dollara yüksəlib. Türkiyəyə ümumi ixracda əsas yeri neft-qaz əmtəə kateqoriyası tutur. Bu göstərici 2,5 milyard dollar olmaqla 2019-cu ildə Türkiyəyə məhsul ixracının 88 faizini təşkil edib. Türkiyəyə ixracda neft-qaz sektorunun payının kəskin artımı 2015-ci ildən müşahidə edilməyə başlayıb (2014-cü il 56 faiz, 2015-ci il 90 faiz). Məhz bu ildən etibarən idxal-ixrac balansı Azərbaycanın xeyrinə dəyişib. 2015-ci ildə Azərbaycanın Türkiyəyə neft-qaz ixracı 1,3 milyard dollar təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 4,72 dəfə çoxdur. Qeyri-neft sektorunda isə 2019-cu ildə əsas məhsul kateqoriyalarını pambıq (5 faiz, 129 milyon dollar), plastik və polimerlər (2 faiz, 64 milyon dollar), alüminium və məmulatları (2 faiz, 56 milyon dollar) təşkil edib.

Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələr həm də çoxtərəfli strateji əhəmiyyətli əməkdaşlığı əhatə edir. Bu, özünü daha çox enerji-nəqliyyat qovşaqlarını nəzərdə tutan layihələrlə büruzə verir. Bu layihələr 1994-cü ildə “Əsrin müqaviləsi” ilə qəbul edilən neft axtarış-kəşfiyyat işləri ilə başlayıb, sonrakı illərdə isə genişlənib. Azərbaycan və Türkiyənin də tərəfdaş olduğu nəhəng regional layihələrə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP misal göstərilə bilər. Bu layihələr regionda iqtisadi inteqrasiyanın güclənməsi, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.

Bu beynəlxalq nəqliyyat və enerji layihələri Azərbaycan ilə Türkiyənin regionda mövqeyinin güclənməsində, beynəlxalq daşımalarda məsafə və daşıma müddətinin qısaldılmasında, strateji əhəmiyyətinin artmasında, regional enerji təhlükəsizliyinin təminatında, bu ölkələrin tranzit və ticarət əməliyyatları ilə yanaşı, digər sahələrdə gəlirlərin artımında, məşğulluğun həllində və əhalinin rifahının yüksəldilməsində əhəmiyyətlidir.

Azərbaycan qardaş Türkiyə ilə yanaşı Türkmənistanla da geniş iqtisadi, nəqliyyat-tranzit əlaqələrə malikdir. Nəqliyyat-tranzit sahəsi tərəfdaşlığımızın əsas istiqamətlərindəndir və yaradılmış əlverişli infrastruktur və potensialdan səmərəli istifadə regionun inkişafına töhfə verir. Qafqaz və Mərkəzi Asiya regionlarını birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə Azərbaycan və Türkmənistandan keçir, bu da ölkələrimizi beynəlxalq nəqliyyat dəhlizlərinin önəmli iştirakçısına çevirir. Yaxın keçmişi vərəqləyəndə görürük ki, son illərdə iki ölkə arasında 50-dən çox sənəd imzalanıb. Türkmənistanla Azərbaycanın Xəzərdə energetika sahəsində əməkdaşlığında prinsipcə yeni mərhələyə qədəm qoyulub. Qeyd edək ki, Türkmənistan öz neftinin təxminən 60%-ni daxildə istifadə edir. O, hasil etdiyi “qara qızıl”ın yalnız 40%-ni xaricə satır. “Dostluq”yatağının birgə istismarı həm Türkmənistanın ixrac potensialını genişləndirəcək, həm də enerji sektorunda, xüsusilə qaz sahəsində əməkaşlığı gücləndirmək üçün münbit şərait yaradacaq. Bu məqamda Türkmənistanın böyük qaz ehtiyatının olduğunu qeyd etmək yerinə düşər. Türkmənistanda 2019-cu ildə qaz hasilatı 63,2 milyard kubmetr olub. Bunun təxminən yarısı ölkə daxilində istifadə edilib. Türkmənistan qazının əsas alıcıları Rusiya ilə Çindir. Ölkə 2019-cu ildə Çinə təxminən 30 milyard kubmetr qaz satıb. Türkmənistan qazı Çinə “Mərkəzi Asiya-Çin” boru kəməri vasitəsilə nəql olunur. Bu kəmər Mərkəzi Asiyanın zəngin qaz mənbələri ilə Çinin qazpaylayıcı şəbəkəsini birləşdirir. Bir sözlə, enerji resurslarının nəqli marşrutlarının şaxələndirilməsi Türkmənistan üçün prioritetdir. Bu mənada onun üçün ən yaxşı variant Bakı ilə əməkdaşlıqdır. Mühüm enerji infrastrukturuna malik Azərbaycan enerji sahəsində böyük layihələr həyata keçirib. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Cənub Qaz Dəhlizi” layihəsi və s. Ötən il dekabrın sonlarından “Cənub Qaz Dəhlizi”nin Avropa seqmenti – TAP kəməri də işə düşüb və nəticədə Xəzər qazı ilk dəfə İtaliyaya olunmağa başlayıb. İtaliya bu gün Azərbaycan qazının nəql olunduğu son nöqtədir. TAP ilə illik 10 milyard kubmetr qaz nəqli mümkündür. Gələcəkdə kəmərin daşıma qabiliyyətini 20 milyard kubmetrədək artırmaq olar. Bu, əlbəttə ki, Aİ-nin enerji mənbələrinin şaxələndirilməsi siyasətinə yardım edəcək. Azərbaycanla Türkmənistan arasında enerji sahəsində əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir. Bakı qarşılıqlı iqtisadi fayda qazanmaq üçün digər ölkələrin də “Cənub Qaz Dəhlizi”nə qoşulmasına müsbət yanaşır. Üstəlik, ökələr arasında enerji sahəsində əməkdaşlıq Azərbaycanın regionun enerji mərkəzi rolunu gücləndirməkdədir. Amma bu əməkdaşlıq Türkmənistan üçün daha mühüm əhəmiyyət kəsb edir. Çünki ölkə qaz ixracından çox asılıdır və yeni bazarlar, xüsusilə Avropa qaz bazarı onlar üçün cəlbedicidir.

 

Pərvin Mahmudov

Suraxanı rayon sakini, 44 günlük Vətən müharibəsinin iştirakçısı, deputat köməkçisi

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki