Azərbaycanın müasir xarici siyasəti, Prezident İlham Əliyevin rəhbərliyi altında milli maraqların beynəlxalq müstəvidə ən yüksək səviyyədə müdafiəsi və strateji müttəfiqlərlə münasibətlərin dərinləşdirilməsi prinsipi üzərində qurulub. Bunun ən bariz nümunələrindən biri, İsrailin qondarma “erməni soyqırımı”nı tanıma təşəbbüsünün qarşısının alınması ilə bağlı atılan diplomatik addımlardır. Bu hadisə Azərbaycanın beynəlxalq arenadakı çəkisini, eləcə də ölkə başçımızın nüfuzlu diplomatik xəttini bir daha təsdiqlədi.
İsrail parlamentində və siyasi dairələrində qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı təşəbbüslərin dondurulması təsadüfi deyil. Azərbaycan Xarici İşlər Nazirliyinin çevik və əsaslandırılmış diplomatik reaksiyası, bu addımın təkcə İsrail-Türkiyə münasibətlərinə deyil, eyni zamanda Azərbaycan-İsrail strateji əməkdaşlığına da zərər verə biləcəyini arqumentlərlə sübut etdi. Bakının bu məsələdə nümayiş etdirdiyi prinsipiallıq, onun müttəfiqlərinin maraqlarını öz maraqları qədər müdafiə etmək qabiliyyətini və regional sabitləşdirici rolunu dünyaya bəyan etdi.
Bu proses həm də Azərbaycanı “İsrailpərəst” kimi təqdim edərək qərəzli fikirlər formalaşdırmağa çalışanlara verilmiş ən layiqli cavabdır. Azərbaycanın bu addımı sübut etdi ki, rəsmi Bakı İsraillə strateji tərəfdaşlığını inkişaf etdirərkən, Türkiyənin milli maraqlarına təsir edən fundamental məsələlərdə öz qardaş ölkəsinin yanındadır.
Prezident İlham Əliyevin beynəlxalq arenada qazandığı yüksək hörmət, məhz belə çətin və həssas məqamlarda düzgün qərarlar qəbul etmək, konstruktiv dialoq qurmaq və sözügedən ölkələrin qərar qəbuledicilərinə öz haqlı mövqeyini qəbul etdirmək bacarığından qaynaqlanır. Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq platformalardakı fəaliyyəti, ölkənin artıq təkcə regional deyil, qlobal proseslərə təsir edə biləcək bir güc mərkəzi olduğunu təsdiqləyir.
Bu hadisə göstərdi ki, Azərbaycan dövləti həm öz suverenliyini qoruyur, həm də müttəfiqləri arasındakı münasibətlərdə yaranan gərginlikləri aradan qaldırmaq, tarixi ədalətsizliklərin və siyasi təxribatların qarşısını almaq üçün kifayət qədər diplomatik resursa və iradəyə malikdir. Bakı öz hərəkətləri ilə bir daha sübut etdi ki, milli maraqlar hər şeydən üstündür və bu maraqlar beynəlxalq hüquq və strateji tərəfdaşlıq çərçivəsində, ləyaqətlə qorunur.
Vətəninfo.az-ın baş redaktoru,
Nahid Canbaxışlı


























