image-reklam-veteninfo
image-1backend

Xədicə Abbasova Azərbaycana gəldi: “İşlərim çoxdur, heç kimlə görüşə bilmirəm”

image-reklam-veteninfo

“May ayından Bakıdayam, amma o qədər işim var ki, hələ heç kimlə görüşə bilməmişəm. Mənə yaxın olan jurnalist dostlarıma da demişəm ki, bir az gözləsinlər, onlara da vaxt ayıracağam”.

Bunu Musavat.com-a açıqlamasında Türkiyədə yaşayan tanınmış müğənni, bəstəkar Emin Sabitoğlunun həyat yoldaşı Xədicə Abbasova deyib.
O bildirib ki, yay aylarını Azərbaycanın müxtəlif bölgələrində keçirəcək:

“Yay mövsümüdür, havalar da istidir. Təkcə Bakıda qalmayacağam, Azərbaycanın müxtəlif rayonlarına da gedəcəyəm, bir qədər dincələcəyəm. Hazırda isə çox işim var və yay ərzində onlarla məşğul olacağam. Bu işləri yekunlaşdırdıqdan sonra daha rahat olacağam. Qarşıdakı 2-3 ayı Azərbaycanda keçirəcəyəm. Sadəcə, yaxın bir ay ərzində vacib işlərimlə əlaqədar ölkənin müxtəlif bölgələrinə gedib-gələcəyəm.

İşlərimin çoxluğuna görə nə kimləsə görüşə bilirəm, nə də televiziya kanallarına müsahibə verirəm. Hazırda vaxtım çox məhduddur. Amma işlərimi qaydasına salan kimi hər kəsə vaxt ayıracağam.

Əslində, gələn il mənim üçün daha rahat olacaq. Yubileyimlə əlaqədar müxtəlif tədbirlər nəzərdə tutulub. Ona görə də gələn il daha geniş müsahibələr verəcəyəm. Bu il isə şəxsi işlərimi həll edib Türkiyəyə qayıtmalıyam. Orada da məni gözləyən işlər var”.

Qeyd edək ki, 1990-cı ildə Emin Sabitoğlu Xədicə xanımla birlikdə Türkiyəyə köçərək ömrünün sonunadək orada yaşayıb. Emin Sabitoğlu uzun illər yüksək qan təzyiqindən əziyyət çəkib. Görkəmli bəstəkar 18 noyabr 2000-ci ildə Bakıda trombun ürəyinə düşməsi nəticəsində vəfat edib.
Xədicə Abbasova isə uzun illərdir Türkiyədə yaşayır.

emin.jpg (68 KB)

Xədicə xanım illər öncə mətbuata müsahibəsində bəstəkarla tanışlığı haqqında bunları demişdi:

“O gün heç yadımdan çıxmır. Çox gülməlidir. Bir gün müəllimim Rəşid Behbudov dedi ki, sabah bəstəkar Emin Sabitoğlu gələcək. Bəyəndiyi ifaçıya mahnı verəcək. İnanın, o gecə demək olar ki, gözümə yuxu getmədi. Səhərə qədər onunla ilk görüşümüzü fikirləşdim. Həyəcandan birtəhər olurdum ki, Emin Sabitoğlunu görəcəm, mənə mahnısını verəcək. Səhər dəhlizdə o başa, bu başa gedib onu gözləyirdim. Bir də gördüm ki, balacaboy, qıvrım saç, qəribə yerişi olan bir kişi gəldi. Onda mənim uzun, qara saçlarım var idi. Oğlan rolu verildiyi üçün saçımı yığıb başıma papaq qoydular. Emin müəllim məni görəndə dönüb Rəşid Behbudova dedi ki, budur sənin ifaçın?! Bu nədir, qara-mara bir qızdır ki…

Bundan müğənni olar?! İnanın, bu cümləni eşidəndə bütün həyatım darmadağın oldu. Gecəni yatma, onunla bağlı xəyallar qur, o da gəlib desin ki, bu nədir, qara-mara bir qızdır. Üzünə deyə bilməsəm də, ürəyimdə deyinirdim ki, “sən bir buna bax, mənə tülkü ilə bağlı mahnı gətirib sonra da deyir ki, bundan müğənni olar?”
Amma mən özüm də bilmədən, göstərdiyim diqqət sayəsində Emini özümə aşiq etdim. Heç vaxt ağlıma da gəlməzdi ki, bizim aramızda bu cür münasibət olar. Çünki onu bir bəstəkar kimi çox sevirdim. Həyat yoldaşım olacağını düşünmürdüm. O ki qaldı qara-mara qıza, ikinci görüşümüzdə artıq o qara-mara qızdan əsər-əlamət qalmamışdı (gülür). Çünki mən artıq çox sevilən, hamının diqqət mərkəzində olan bir müğənni idim.

emin 2.jpg (424 KB)

Böyümüşdüm, bir az da qəşəngləşmişdim. Yəni uşaq görünüşünü gənc xanım görünüşü əvəz etmişdi. Bir çox ölkələrə qastrol səfərinə gedirdim. Axırıncı dəfə İsveçrədən qayıdanda mənim üçün kokteyl təşkil olunmuşdu. Emin Sabitoğlu ilə ikinci dəfə orda görüşdük. İçəri girən kimi hamıya göstərməyə çalışırdı ki, mən bu qızı öncədən tanıyıram. Yaxınlaşıb “ay Xədicə xanım, bu, sizsiniz? Necə gözəlləşmisiniz”, – dedi. Mən də bilərəkdən özümü elə apardım ki, guya onu tanımıram. Dedim ki, bağışlayın, siz kimsiniz ki, tanımadım. O vaxtkı təhsil naziri Emin müəllimin pərt olduğunu görüb dedi ki, ay Xədicə xanım, necə ola bilər ki, siz tanımayasınız. Bu, bəstəkar Emin Sabitoğludur. Mənsə cavabında özüməməxsus üz cizgisi ilə “həə, yadıma düşdü, siz mənə qara-mara qızdır deyən şəxssiniz. Xatırladım sizi” dedim. Emin Sabitoğlu da qayıtdı ki, “Xədicə xanım, hesab 1:1 oldu” (gülür).




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki