image-reklam-veteninfo
image-1backend

Türkmənistanda rayon sakinlərinin Aşqabaddakı dövlət tədbirlərinə məcburi aparıldığı bildirilir

image-reklam-veteninfo

Türkmənistanda bölgələrdə yaşayan sakinlərin sentyabrın sonunda keçiriləcək Müstəqillik Günü tədbirlərində iştirak etmək üçün paytaxt Aşqabada göndərildiyi bildirilir. Bu barədə AzadlıqRadiosunun türkmən xidməti – “Azatlıq” məlumat yayıb.

Mənbələrin sözlərinə görə, paytaxta göndərilən bəzi sakinlər ailələrindən təxminən bir ay ayrı qalmalı olurlar. Onların Aşqabada televiziya vasitəsilə yayımlanacaq bir neçə saatlıq dövlət tədbirində iştirak etmək üçün əvvəlcədən məşqlərə cəlb edildiyi bildirilir.

Məlumata görə, avqustun 31-də Balkan vilayətinin dəmiryol vağzalından bir qrup sakin Aşqabada yola salınıb. Onların Xalq Şurasının iclasında və Müstəqillik Günü ilə bağlı keçiriləcək tədbirlərdə iştirakı nəzərdə tutulur.

“Paytaxta hər rayondan 20 mədəniyyət işçisi, 10 ağsaqqal, deputatlar və bir sıra vəzifəli şəxslər göndərilib”, – mənbə bildirib.

Mənbələrin iddiasına görə, Balkan vilayətindən Aşqabada göndərilən iştirakçılar təxminən bir ay müddətində onlar üçün ayrılmış hotellərdə qalmalıdırlar. Hotel xərclərinin özləri tərəfindən ödənildiyi və başqa yerlərdə qalmağa icazə verilmədiyi bildirilir.

“Azatlıq”ın mənbələri həmçinin bildirirlər ki, paytaxta göndəriləcək şəxslər dövlət idarələrində hazırlanmış siyahılar əsasında seçilir və prosesə Milli Təhlükəsizlik Nazirliyinin nəzarət etdiyi iddia olunur.

İmtina edənlərə təzyiq göstərildiyi iddia olunur
Dövlət sektorunda çalışan bəzi şəxslər “Azatlıq”a anonim şəkildə bildiriblər ki, dövlət tədbirlərində məcburi iştirakdan imtina edənlər müxtəlif təzyiqlərlə üzləşirlər. Mənbələr həmçinin onların şəxsi həyatına müdaxilə edildiyini iddia edirlər.

Mənbələrdən biri ötən il belə tədbirdə iştirak etməkdən imtina edən qadınla bağlı hadisəni danışıb. Onun sözlərinə görə, qadın və həyat yoldaşı yerli administrasiyaya çağırılıb və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı qadının ərinə gizli kamera ilə çəkildiyi iddia olunan video göstərib.

Mənbənin iddiasına görə, videoda qadının iş yerində başqa bir kişi ilə intim münasibəti əks olunub. Bundan sonra qadının işdən çıxarıldığı, başqa iş tapmasının qarşısının alındığı, ərindən boşandığı və valideynlik hüququndan məhrum edildiyi bildirilir.

Bu iddialar müstəqil şəkildə təsdiqlənməyib.

“Azatlıq”a danışan sakinlərin sözlərinə görə, hakimiyyət tərəfindən təşkil olunan dövlət və təbliğat tədbirlərinə hazırlıq zamanı vətəndaşların şəxsi həyatı, ailə vəziyyəti və sağlamlığı ilə bağlı məsələlər ikinci plana keçir.

Aşqabadda yaşayan bir iqtisadçı isə bildirib ki, hökumət müxtəlif dövlət tədbirləri və təbliğat kampaniyalarına böyük həcmdə vəsait xərcləməklə yanaşı, bu tədbirlərdə iştiraka cəlb olunan vətəndaşların ailə büdcəsinə də əlavə yük yaradır.

“Azatlıq” məcburi iştirak və bundan imtina edən şəxslərə təzyiq göstərilməsi ilə bağlı iddialara dair Türkmənistan Milli Təhlükəsizlik Nazirliyindən və yerli administrasiyalardan rəsmi şərh ala bilməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki