image-ycbackend

Üçtərəfli Bəyanat status – kvonu dəyişdi

image-reklam_sirab_01

 “Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim starus–kvonu, dəyişdirdim. Bax orada, döyüş meydanında. Yoxdur status-kvo, təmas xətti yoxdur, yarmışıq onu, 30 il onlar qururdular bu təmas xəttini.”- bu sözləri Ali baş komandan, Prezident İlham Əliyev 2020-ci il oktyabrın 9-da; müharibənin hələ qızğın zamanlarında söyləmişdi. Lakin müharibə bitdikdən sonra da dövlət başçısı bu qətiyyətli mövqenin daim arxasında olduğunu göstərməkdədir. Bu da öz növbəsində 44 gün davam edən müharibənin qələbə rəmzi olaraq imzalanan 10 Noyabr Bəyanatında bircə kəlmə belə olsun status sözünə rast gəlməməyimizdən irəli gəlir. 10 Noyabrda imzalanan bəyanat düşmənin məğlubiyyət, bizim isə qələbə rəmzimiz idi. Lakin status məsələsinə toxunarkən mütləq onun köklərinə də enməliyik. Belə ki, XIX və XX əsrlərdə istər Rusiya imperiyası, istərsə də sovet Rusiyası bölgəmizə minlərlə erməni və erməni ailələri köçürürdü və zamanla Azərbaycan torpaqlarında rusların köməyilə öz dövlətlərini quran erməni silahlıları bununla kifayətlənmir və nəhayət, Dağlıq Qarabağ Muxtar Vilayəti adlı bir ərazi bölgüsünün yaradılmasına da nail olurlar. Bu da yenə Sovet Rusiyasının erməniləri öz əlində saxlamaq üçün onlara sanki bir hədiyyəsi idi. Bu isə Azərbaycana – Qarabağa yaxılmış qara bir ləkə idi və bu ləkə illər boyunca bizim boynumuza qoyulan ağır bir yük idi.

Tarixə nəzər salsaq görərik ki, statusla bağlı bir çox məsələlər qaldırılırdı. Belə ki , 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi. Bunun  ardınca da, 1989-cu ilin noyabrında SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin muxtariyyətliyinin ləğv edilib birbaşa Azərbaycan Sovet Sosialist Respublikasına qatılmasına dair qərar qəbul etmişdir. Lakin 1989-cu ilin dekabrın 1-də Ermənistan Sovet Sosialist Respublikası Ali Soveti və Qarabağ Milli Şurasının birgə iclası həmin qərarı əsassız hesab edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşməsini açıqlamışdır. Lakin 1991-ci il noyabrın 26-da yenicə müstəqillik qazanmış Azərbaycan Respublikası Ali Sovetinin qanunu ilə DQMV inzibati ərazi vahidi ləğv olunmuşdur.

1923 -1991 – ci illərdə mövcud olmuş bu qurum nəhayət, Sovet Rusiyasının dağılması ilə tarixin qara səhifəsinə basdırılmışdır. Lakin Ermənistan heç bir zaman bununla barışmaq istəmədi. Hətta özünün belə tanımadığı qondarma respublikanın dünya miqyasında tanınmasına çalışmış və İkinci Qarabağ müharibəsindən də dərs çıxarmayan düşmən, yenə də eyni xülyalarla yaşamağa davam edir. Öz çıxışlarında və müxtəlif ölkələrin jurnalist və müxbirlərinə verdiyi müsahibələrində bu məsələyə münasibət bildirən İlham Əliyev “Dağlıq Qarabağ” və “status” ifadələrinin artıq keçmişdə qaldığını xüsusi vurğulayaraq bu ifadələri işlətməyin qarşı tərəfə heç bir xeyir gətirməyəcəyini bildirmişdir.

Status məsələsini qaldıran və qaldırmağa çalışan hər bir ölkəyə qarşı Prezident İlham Əiyev qətiyyətlə bildirmişdirir ki, onlar öz ərazilərindən ermənilərə ikinci bir dövlət qurması üçün yer ayıra bilərlər, lakin Azərbaycan ikinci bir dövlət üçün onlara yer verməyəcək. Bu məqamda isə dövlət başçısının çıxışlarından Azərbaycan Respublikasının tolerant mövqe tutduğunu bütün dünya bir daha görür. Belə ki, stastus məsləsini tarixə həkk edən dövlət başçısı orada əvvəldən məskunlaşan ermənilərin yenə də yaşamağa davam edə biləcəklərini xüsusi vurğulayır. Eyni zamanda dövlət başçısı Xankəndində yaşayan 25000 insan üçün statusun ortaya atılmasının necə absurd bir fikir olduğunu bildirərək əlavə edib ki, Azərbaycan Xankəndinə nə qədər adam və nəqliyyat vasitəsi gəlib-getdiyini görür və orada baş verənlərlə bağlı məlumatlara sahibdir: “Bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı maşınların sayını bilirik. Biz insanların hərəkətini görürük. Necə deyərlər, digər obyektiv vasitələr var ki, onları əsas götürüb, dəqiq bilirik orada nə qədər adam yaşayır – 25 min maksimum. …25 min insan üçün status yaratmaq hansı məntiqə sığır?”

Beləliklə, kim nə deyirsə desin, 44 günlük müharibə nəticəsində imzalanan üçtərəfli bəyanat status-kvonu yerli-dibli tarixə həkk etdi. Son olaraq deməliyik ki, status xülyasıyla yaşayan hər bir kəs bilməlidir ki, “Dəmir yumruq” öz yerindədir və lazim gələrsə, düşmənin başını əzməyə hər daim hazırdır!

 

Bakı Dövlət Universiteti – Babayeva Xalidə

      

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki