Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. Ulu öndərimiz bütün sahələrdə olduğu kimi dilimizin inkişafında da müstəsna xidmətlər göstərib
Zaman-zaman hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Heç şübhəsiz, Azərbaycan xalqı da, bu baxımdan, tarixi şəxsiyyətlər yetişdirib və bu mənada Ulu öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Məhz xalqımız üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli lider zirvəsinə yüksəldib. Bu xidmətlərin nəticəsidir ki, hər il 10 may tarixi xalqımız tərəfindən milli bayram səviyyəsində qeyd olunur. Məlum olduğu kimi, bu il 90 illik yubileyini qeyd edəcəyimiz Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqının tərəqqi və inkişaf dövrü başladı. Təsadüfi deyil ki, məhz Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi.
Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri olacaq sosial-iqtisadi əsasları, infrastruktur təminatını, milli kadr potensialını formalaşdırdı. İnsanlarımıza milli dövlətçilik düşüncəsini aşıladı. Hər bir azərbaycanlı özünü bəlli bir coğrafiyanın gələcəyinə görə məsuliyyət daşıyan vətəndaş kimi dərk etməyə başladı. Ölkə üçün gərəkli mütəxəssislərin hazırlanması məqsədilə 1970-1982-ci illər arasında və daha sonralar minlərlə azərbaycanlı gənc məhz Heydər Əliyevin təşəbbüsü əsasında keçmiş SSRİ-nin müxtəlif şəhərlərindəki nüfuzlu ali məktəblərdə təhsil almağa göndərildilər. Sadalananlar Ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə Onun siyasi iradəsi əsasında görülmüş işlərin yalnız məhdud bir hissəsidir və bütün bunlar 80-ci illərin sonlarına doğru Azərbaycanın istiqlal mübarizəsi tarixinin hərəkətverici qüvvəsi rolunda çıxış etdi.
Tarix göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Tam qətiyyətlə demək olar ki, ulu öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi.
Ölkə rəhbərinin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci il oktyabrın 31-də Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən gərgin və tam demokratik müzakirələr nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit (21-ci maddə) olundu.
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin inkişafı naminə “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunda dəfələrlə dəyişikliklər etmişdir. Heydər Əliyev öz çıxışlarında qeyd edirdi ki, Azərbaycan dili türk dili deyil, türk soylu bir dildir. Bizim Azərbaycan kimi dövlətimiz və onun öz dövlət dili var. Hər zaman deyildiyi kimi, hər bir xalqın ana dili onun milli varlığını təsdiq edir və xalqın mədəniyyəti, elm və təhsilinin inkişafında dil başlıca rol oynayır. Hər bir vətəndaşın təhsili öz ana dilini öyrənməklə başlayır. “Dövlət dili haqqında qanunda” təhsildə ana dilinin vacibliyi barədə aşağıdakılar qeyd edilir: 1. Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır; 2. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir; 3. Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir; Elm sahəsində elmi əsərlərin yazılması Azərbaycan dilində olmalıdır. Azərbaycan dilinin inkişafı bu sahələrdə daha çox özünü göstərir. Belə ki, müstəqillik əldə edildikdən sonra “Dil haqqında qanuna” əsasən Azərbaycan dilində sərbəst danışmaq və yazmaq hər bir Azərbaycan vətəndaşından tələb olunur.Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Heydər Əliyev qeyd edirdi ki: “İndi biz dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri ifadə etməyə qadirik. Bu, böyük nailiyyətdir. Bu, iqtisadi və başqa nailiyyətlərin hamısından üstün bir nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus dilimiz var və o da o qədər zəngindir ki, dünyanın hər bir hadisəsini biz öz dilimizdə ifadə edə bilirik”.
Azərbaycan dili Azərbaycan xalqının milli sərvətidir, millətin formalaşmasında başlıca amillərdən biridir və Azərbaycan xalqının keçdiyi tarixi-siyasi yolu məhz Azərbaycan dilində öz əksini tapmışdır. Azərbaycan xalqının türksoylu və dilinin türk dilləri qrupuna aid olması, son illərdə dünya səviyyəsində inkişaf etməsi Azərbaycan xalqının dünyanın ən qədim xalqlarından biri olduğunu göstərir. Bu barədə Ulu Öndərin artıq deyimə çevrilmış fikirdə olduğu kimi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”.
Uzun illər boyu Sovet Birliyinin tərkibində olması Azərbaycan dili ciddi sınaqlara və təzyiqlərlə məruz qalmışdır. Bütün bunlar ölkəmizdə Azərbaycan dilinin inkişafını ləngitmiş və rus dilinə olan meyl artırmışdır. Hətta o dövrdə Azərbaycanda rus dilində danışa bilməyən insanlara geridə qalmış kimi baxırdılar.Lakin bu, o qədər də uzun çəkmir. 90-cı illərdən sonra Azərbaycanın müstəqilliyə qovuşması və Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dilinin dirçəlişinə səbəb oldu. Azərbaycan dili Azərbaycan Respublikasının rəsmi dili elan edildi və latın qrafikasına keçildi. Azərbaycanda bütün dövlət orqanlarında sənədlərin, təhsilin yüksək səviyyədə Azərbaycan dilində aparılması, KİV-də, elm sahəsində və kitab və əsərlərin yazılmasında Azərbaycan dilindən və latın qrafikasından istifadə etmək tələbi qoyuldu.
Hər bir insan ikidillilik məsələsinə olduqca ciddi yanaşmalıdır ki, öz ana dilini unutmasın. İnsan bir neçə dildə danışa bilər, lakin onun öz doğma dilini mükəmməl bilməsi mütləqdir. İkinci dilin öyrənilməsində belə ana dili ən vacib amillərdən hesab olunur. Çünki dillər müqayisə və tutuşdurularaq öyrəniləndə daha tez mənimsənilir. Yeni dilin öyrənilməsi təfəkkürün formalaşmasına, yeni ictimai-siyasi aləmə səyahətə, yeni bir mədəniyyətə, mental prosesə, dillə əlaqədar psixoloji məsələlərin araşdırılmasına və s. Məsələlərin dərk olunmasına zəmin yaradır.
Ümummilli liderimiz Heydər Əliyev demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
Azərbaycan dilinin “Kitabi-Dədə Qorqud” kimi mükəmməl eposu var. Təkcə bu kifayətdir ki, dilimizin qədim tarixi ilə öyünək. Bayatılarımızın, laylalarımızın, nağıl və dastanlarımızın tarixini isə yəqin ki, eramızdan çox-çox əvvəllərdə axtarmalıyıq.
Bu gün Azərbaycan dilini tədris edən və bu işdən şərəf duyan biz müəllimlər qarşısında şox mühüm, müqəddəs vəzifələr dayanır. İnanırıq ki, Azərbaycan dilinin işlənmə arealının, təsir dairəsinin genişləndiyi, onun tədrisinə böyük önəm verildiyi bir dönəmdə dilçi alimlərimiz, elmimizin cəfakeşləri bu şərəfli missiyanın da öhdəsindən ləyaqətlə gələcək, ulu öndərin Azərbaycan dilinin inkişafı naminə qəbul etdiyi qərarlar, imzaladığı qanunlar, fərman və sərəncamlar isə bu yolda daim işıq saçacaqdır.Bu gün çox böyük daxili inamla demək olar ki, ümummilli liderimiz Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafına, işlənmə arealının genişlənməsinə göstərdiyi qayğı, onun siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə çox böyük sevgi ilə davam etdirilir.
Nəsimi rayon sakini Hüseynli Billurə