Ermənistanda 7 iyun parlament seçkilərinin nəticələri təkcə Nikol Paşiniyanın komandasının qələbəsi deyil, həm də regionda formalaşan yeni tarixi reallığın təsdiqidir. Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyasının növbəti dəfə etimad qazanması, erməni cəmiyyətinin revanşist ideyalardan imtina edərək, sülh və inkişaf gündəliyini seçdiyini göstərir. Bu, Azərbaycanın qətiyyətli sülh diplomatiyasının və Prezident İlham Əliyevin diktə etdiyi “yeni reallıqlar”ın qələbəsidir.
Lakin seçkiqabağı və seçkidən sonrakı dövr üçün qarşıda duran ən ciddi və həlledici vəzifə -Konstitusiya dəyişiklikləridir. Azərbaycanın mövqeyi birmənalıdır və hüquqi əsasa söykənir: Ermənistanın hazırkı Konstitusiyası ölkənin 1990-cı il İstiqlaliyyət Bəyannaməsinə birbaşa istinad edir. Həmin bəyannamədə isə Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə dair 1989-cu il tarixli qərarı öz əksini tapıb. Bu müddəalar qüvvədə qaldıqca, imzalanacaq istənilən sülh sazişi hüquqi cəhətdən “kövrək” qalır. Çünki gələcəkdə Ermənistanda hakimiyyətə gələ biləcək hər hansı qüvvə, konstitusiyadakı bu “ərazi iddiasını” əsas gətirərək sazişi tanımaya bilər. Odur ki, Azərbaycan üçün bu dəyişiklik təkcə kağız üzərindəki bir düzəliş deyil, sülhün qarantıdır.
Qeyd etməliyəm ki, Nikol Paşinyanın qarşısında üç əsas maneə var:
Bunlardan iliki daxili siyasi müqavimətlə üzləşməkdir ki, Nikol Paşinyanın müxalifət və radikal revanşist qüvvələr konstitusiya islahatlarını “milli dəyərlərə xəyanət” kimi qələmə verərək, cəmiyyəti qızışdırmağa çalışırlar. Onlar “dördüncü respublika” ideyasını hakimiyyətin məsuliyyətdən yayınması kimi təqdim edirlər. İkincisi isə erməni cəmiyyətinin psixoloji hazırlığıdır. Onilliklər boyu xalqın şüuruna yeridilmiş “Böyük Ermənistan” və “Qarabağ” mifi o qədər dərindir ki, ondan imtina etmək bəzi qruplar üçün siyasi intihar kimi görünür. Lakin seçkilərin nəticələri göstərir ki, cəmiyyətin əksəriyyəti artıq “reallıq” və “sülh” arasındakı əlaqəni dərk etməyə başlayıb. Üçüncüsü isə institusional prosesdir ki, yeni konstitusiyanın qəbulu ümumxalq referendumu tələb edir. Bu, Paşinyan üçün növbəti böyük risk və sınaqdır.
Paşinyan bu prosesi bacara bilərmi? Bu sualın cavabı onun siyasi cəsarətindən asılıdır. Əgər o, həqiqətən də Ermənistanı vassal taleyindən qurtarıb müstəqil dövlətə çevirmək istəyirsə, konstitusiyanı dəyişmək onun üçün yeganə çıxış yoludur.
Siyasi şərhçi
Arzuman Muradlı


























