image-reklam-veteninfo
image-1backend

Diplomatik korpusun səfərinə isterik münasibət fərdi xarakter daşımır

image-reklam-veteninfo

Ermənistanda keçirilən son parlament seçkiləri göstərdi ki, erməni cəmiyyətində hələ də revanş hissi ilə yaşayan, “böyük Ermənistan” xülyasının xiffətini çəkən elektorat kifayət qədər genişdir. Baş nazir N. Pşinyanın parlamentdə konstitusion çoxluğu əldə edə bilməməsinin arxasında digər amillərlə yanaşı, həm də bu reallıq dayanır.

Elə bu səbəbdən, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərinə Ermənistan ictimaiyyətinin emosional, bir çox hallarda isə isterik münasibəti şəxsən məni təəccübləndirmədi. Milli ideologiyası uzun onilliklər ərzində uydurma miflər əsasında yoğrulmuş bir toplumun saxta doqmalardan qısa müddətdə azad olunacağını gözləmək özümüzü yormaqdan başqa bir şey deyil. Nə qədər gülünc görünsə də, erməni cəmiyyətində çoxları inanır ki, hətta dünya sivilizasiyası da öz mövcudluğuna görə onlara borcludur. Bütün xalqlardan üstün və əlahiddə olduqlarına inanan bir toplumun oturuşmuş ideoloji asılılıqdan qısa müddətdə xilas ola bilməsi az inandırıcıdır. Ermənistan parlamentinə son seçkilərdə revanş müxalifətinə verilən səslər bunun əyani sübutudur. Bu seçimin acınacaqlı və təhlükəli tərəfi ondadır ki, özünü erməni millətinin az qala fədaisi kimi qələmə verən revanş “müxalifəti”, əslində, xarici qüvvələrin idarə etdiyi “oyuncaq”dır.

Diplomatik korpusun səfərinə isterik münasibət göstərənlərin çoxu elə bu düşərgəni təmsil edir. Belələri erməni cəmiyyətinin o hissəsidir ki, lazım gəldikdə, özlərini topluma “ən məğlubedilməz”, yeri gəldikdə isə ”ən məzlum” və ya “təqib olunan” zümrə kimi sırıya bilir. Bu, onilliklərə söykənən xəstə ideologiyanın müasir Ermənistan siyasətinə yeni formatda transformasiyası deməkdir.

Zənnimcə, daha çox diqqət yetirməli olduğumuz və cəmiyyətimizi düşündürməli olan məsələ Ermənistan parlamentinin sədri Ruben Rubinyanın sentyabrın 14-də verdiyi açıqlamadır. 2022-ci il 12-13 sentyabr tarixlərində sərhəd döyüşlərində həlak olmuş erməni hərbçilərinin xatirəsinin parlamentdə bir dəqiqəlik sükutla anılması isə o deməkdir ki, hakim partiyanı təmsil edən parlament sədrinin özü də ya revanş müxalifəti kimi düşünür, ya da onlara qarşı açıq şəkildə çıxmaqdan çəkinir. Sözsüz ki, R.Rubinyanın sərgilədiyi mövqe Ermənistan hökumətinin Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına dair çoxsaylı bəyanatları ilə heç cür uzlaşmır.

Bu cür ziddiyyət, bir tərəfdən, Ermənistan hökumətinin bəyanatlarının səmimiliyini şübhə altına alır, digər tərəfdən isə Baş nazir N.Paşinyanın Vətən müharibəsindən əvvəl Qarabağa etdiyi “toy-bayram” səfərini və oradan verdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını cəmiyyətimizə yenidən xatırladır. Azərbaycanda siyasi əqidəsindən və peşə mənsubiyyətindən asılı olmayaraq, hər kəs bilməlidir ki, Ermənistan hökumətinin köklü siyasi transformasiyası savaş meydanında qazandığımız mütləq və tam Qələbə ilə birbaşa bağlıdır. Parlamentdə konstitusion çoxluğu əldə edə bilməsə də, Baş nazir N.Paşinyanın partiyasına verilən səslər həm də onun göstəricisidir ki, erməni seçicilərinin yarısı Azərbaycanın yaratdığı reallıqla və siyasi düşüncə transformasiyasının labüdlüyü ilə bu gün barışır.

Burada açar sözlər “reallıq” və “bu gün” ifadələridir. Bugünün dönməzliyi və reallığın əbədi olması üçün Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etmiş böyük həqiqətləri, göstərilən fədakarlığı və misilsiz xidmətləri heç vaxt unutmamalıyıq, başqalarının da unutmasına imkan verməməliyik! Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri həm də bu baxımdan olduqca əhəmiyyətlidir. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət nüfuzlu heyətin iştirakı o deməkdir ki, tərəddüd və çəkinmələr keçmişdə qalıb, Azərbaycanın beynəlxalq hüquq normaları əsasında bərpa etdiyi reallıq artıq heç kimdə şübhə doğurmur.

Ermənistan ictimaiyyətinin nümayəndələri tərəfindən səfərdə iştirak edən diplomatların hədəfə alınması, bəzilərinin təhdid və hədə dilinə keçməsi aydın şəkildə göstərir ki, Paşinyan hökumətinin öz cəmiyyəti ilə apardığı izahat işi daha aydın və birmənalı olmalıdır, daxili auditoriyaya ikili və ya sətiraltı mesajlar verilməməlidir. Bu qənaətim ona söykənir ki, səfərlə bağlı bir çox neqativ paylaşımlar, yazı və təhlillər Ermənistanın hakim partiyasına yaxın olan resurslarda aparılır. Belə faktlar bir daha sübut edir ki, Ermənistan hökumətinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına dair bəyanatları ilə real mənzərə arasında ziddiyyətlər, yumşaq desək, ciddi boşluqlar mövcuddur.

Buna görə də kimsə düşünməsin ki, ölkəmizin suveren ərazisində həyata keçirilən belə səfərlərə göstərilən isterik münasibət yalnız ayrı-ayrı şəxslərin fərdi təşəbbüsüdür. Bilməliyik ki, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatından sonra baş verən kəskin siyasi transformasiyanın kökündə güclü Azərbaycan reallığı, beynəlxalq hüququn fundamental prinsipləri və tarixi ədalət amili dayanır. Ermənistanda heç kim sülh qiyafəsini əyninə könüllü şəkildə geyinməyib, bunu unutmamalıyıq.

Diplomatik korpus nümayəndələrinin səfərinin məhz 20 sentyabr-Dövlət Suverenliyi Günü ərəfəsində həyata keçirilməsi də diqqətdən yayınmamalıdır. Bu səfər Ermənistandakı revanş müxalifətinə və onu xaricdən idarə edənlərə, həmçinin erməni lobbisinə “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamında təsbit olunan bu tarixi həqiqəti həmişə xatırladacaq:

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli digər Sərəncamı ilə sentyabrın 20-si həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olunub. Bu şəhərlər də daxil olmaqla, işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun istənilən guşəsində dalğalanan Azərbaycan Bayrağı hər birimiz üçün, bütün Türk dünyası üçün qürur mənbəyidir. Bu tarixi Qələbəni bizə nə BMT, nə də Minsk qrupu bağışlamayıb. Azərbaycan xalqı onu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi ilə savaş meydanında özü əldə edib. Bu gün isə diplomatiya müstəvisində qəbul olunan uğurlu qərarlar tarixi Zəfərimizin təməlinin daha da möhkəmlənməsinə xidmət edir.

Unutmayaq ki, Cənubi Qafqazdakı yeni reallığın bəzi dairələr tərəfindən həzm olunmamasının və Ermənistanda revanş müxalifətini hərəkətə keçirməsinin əsas səbəblərindən biri də Qələbəmizin ibrətamiz mahiyyəti ilə bağlıdır. Çünki Azərbaycan öz Zəfəri ilə işğaldan və separatçılıqdan əziyyət çəkən digər xalqlara ümid verdi, onlara Qələbənin yeganə mümkün yolunu göstərdi. Ən başlıcası, bu Zəfər Türk dünyasının oyanışında tarixi rol oynadı və bütün dünyaya göstərdi ki, Türk kimliyi Avrasiya coğrafiyasında ayırıcı deyil, əksinə, birləşdirici faktordur və o, yalnız sülhə, quruculuğa, ümumi rifaha və təhlükəsizliyə xidmət edir. Bu həqiqətləri görməmək və ya onları görməzdən gəlmək ürəyimizi bulandırsa da, nəticəni dəyişmir və dəyişə bilməyəcək. Azərbaycan Bayrağı Qarabağda və Şərqi Zəngəzurda hər zaman qürurla dalğalanacaq, muğam səsi və Azan sədası torpaqlarımızdan heç vaxt əskik olmayacaq, yetişməkdə olan nəsillər isə bərpa etdiyimiz tarixi ədaləti bundan sonra da göz bəbəyi kimi qoruyacaq!

Ülvi Quliyev,

Milli Məclisin deputatı




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki