image-1backend

Xalqı birləşdirən bayram

image-reklam_sirab_01

Novruz Bayramı Azərbaycanda, eləcə də türk və islam inanclı xalqların tarixində önəmli bir bahar bayramı kimi qeyd olunur. İnsanlar baharın gəlişini həvəs və həsrətlə gözlədiklərindən Novruzun 4 çərşənbələri olan suyun, odun, küləyin, nəhayətdə torpağın oyanışı kimi bir qədər mifik, bir qədər gerçəklik nişanəsi olaraq xüsusi həvəslə bayram edirlər. Çərşənbələr bu xalqların əsas bayramı olan Novruza doğru gedilən yoludur. Məqsədə, sonluğa, oyanışa, nəhayət güllü-çiçəkli yaşıllıqlara, bar-bərəkətin ilkin cücərtilərinin hərəkətləndiyi Bahara yetişmək! Bu insan arzusunun və “yaşama davam” fəlsəfəsinin əsas qayələrindəndir. Baharı və ona yol açan Novruzu sevmək, həm də torpağı, zəhməti, onun yetirdiyi ruzini sevməkdi. Ona görə İlaxır çərşənbə və Novruz bayramının əsas  dualarından biri və bəlkə də başlıcası qarşındakına “bol-bol ruzi” arzulamaqdı.
Novruzun əsrlərlə zaman-zaman kəsb etdiyi və bəlkə də kəşf etdiyi çoxlu sayda atributları vardır. Tonqal qalanması, tonqaldan tullanmaq, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma, balıq ləvəngisi, dünyasını dəyişənlərin ziyarət olunması, uşaqların papaq atması, indi az qala unudulan yumurta döyüşdürülməsi, süfrəyə “s” hərfilə başlayan yeddi təam və əşyanın qoyulması və bir çox digər adət-ənənələrimiz də var. Novruzda qulaq falına çıxan qızların da öz istək və arzularına çatdığını deyirlər, Elə ahıl və orta yaşlıların da niyyətlərinə, gözlədikləri xoş xəbərlərə qovuşmaq diləyilə eşitdiyi ilk sözdən sevinib və ya pərişan olması da adətlərimizin sırasındadır. Bir sözlə, Novruzdan hər kəs bolluq, bərəkətlə yanaşı, mənən rahatlanma, gələcəyə ümid cücərtiləri də gözləyirlər. Deməli Novruz təkcə dadlı yeməklərin deyil, həm də mənəviyyatımızın bayramıdı.
Novruz bayramında keçirilən kütləvi bayram şənlikləri xalqımızın birlik-bərabərlik və həmrəyliyindən xəbər verir. Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə hər il Novruz bayramında el şənliklərində iştirak edən Ulu Öndər Heydər Əliyev xalqımızın milli bayramına böyük önəm verir, Novruz bayramının mahiyyətini izah edən dəyərəli fikirlər söyləyirdi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev Novruz bayramını xalqın gözəl neməti və dostluq, həmrəylik, yüksək mənəviyyat bayramı adlandırmışdır. Eyni zamanda bildirmişdir ki, böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır.
Müstəqilliyini əldə etdikdən 30 ilə yaxın bir müddətdə xalqımızın ümdə bir arzusu var idi. İşğal olunmuş torpaqlarımızın azad edilməsi və həmin ərazilərdə digər bayramlarla bərabər Novruz bayramının da qeyd olunmasını xalqımız böyük həsrətlə gözləyirdi. Bu gün Müstəqil Azərbaycan dövlətinin milli bayramı olan Novruz xalqımız tərəfindən indi daha böyük coşqu və təmtəraqla qeyd olunur. Dörd il öncə Prezident, Müzəffər Ali baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbəmiz və keçən ilki lokal antiterror əməliyyatı ilə xalqımızın arzusu və Ulu Öndərin vəsiyyəti tam reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və xalqımız artıq dörd ildir ki, həmin ərazilərdə Zəfər təntənəsi ilə Novruz bayramını qeyd edir.
Azərbaycan xalqının qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir. Aparılan uğurlu dövlət siyasəti nəticəsində artıq Novruz bayramı haqqında dünyanın bir çox ölkələri və xalqıları məlumatlıdırlar. Belə ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb, həmçinin martın 21-i «Beynəlxalq Novruz Günü” elan olunub.
Bayramınız mübarək, əziz Azərbaycan xalqı!

Təranə Tağıyeva – BDU, Beynelxalq munasibətlər ve iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki