Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turunun “Neftçi” – “Zirə” və “Qəbələ” – “Keşlə” oyunlarındakı (hər ikisi 1:1) hakim idarəçiliyi ciddi narazılıqlara səbəb olub.
Veteninfo.az-ın məlumatına görə, xüsusilə paytaxtdakı qarşılaşmanın baş hakimi İnqilab Məmmədovun qərarları birmənalı qarşılanmayıb.
61-ci dəqiqədə qonaqlardan Coşqun Diniyevi, 12 dəqiqə sonra meydan sahiblərindən Eddi İsrafilovu ikinci sarı vərəqə ilə meydandan qovan çimərlik futbolu üzrə FIFA referisi matçın əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə qolkiper Mehdi Cənnətovun meydan sahiblərinin kapitanı Emin Mahmudova kobudluq etdiyini bildirərək, “qartallar”ın qapısına penalti təyin edib və ona sarı vərəqə göstərib. Təsadüfi deyil ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da oyunsonrası mətbuat konfransında hakimin işindən narazı qaldığını açıq şəkildə bildirib: “Bu epizod rəqib qapısı tərəfdə olsaydı, penalti təyin olunacaqdı? Əminəm ki, əks qapıda olsaydı, verilməyəcəkdi. Əsaslandıracaqdılar ki, penalti yoxdur. Amma bizim qapımızda varsa, əsaslandıracaqlar ki, buna görə penaltidir. Artıq təəccüblənmirəm, işimizi görürük”.
Əyalətdə baş tutmuş qarşılaşmada isə baş hakim Fərid Hacıyevin Bakı klubunun 2 oyunçusu – müdafiəçi Tərlan Quliyev (birbaşa qırmızı vərəqə) və qapıçı Kamal Bayramovu (ikinci sarı vərəqə) meydandan kənarlaşdırması qonaq komandanın baş məşqçisi Sənan Qurbanovu razı salmayıb. 42 yaşlı mütəxəssis görüşdən sonra gənc referinin ikinci hissədəki qərarlarının komandasının əleyhinə olduğunu vurğulayıb: “Qırmızı vərəqə epizoduna da baxmaq lazımdır. “Qəbələ”nin oyununa kölgə salmaq istəmirəm. Xırda “foul”lara görə aqressivləşdik. Sadəcə, qırmızı vərəqəyə soyuq başla baxmalıyıq. Orada qırmızı vərəqə yoxdursa, əlbəttə, referi nəticəyə təsir edib”.
Xaqani Məmmədov: “İnqilab Məmmədovun bəxti gətirdi”
Hakimlərin mübahisəli qərarlarını “Report”a açıqlamasında AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov və hazırda oyunları idarə etməyən FIFA referisi Rəhim Həsənov şərh edib.
Məmmədov “Neftçi” – “Zirə” oyunundakı bütün mübahisəli qərarların doğru olduğunu bildirib: “Qırmızı vərəqə epizodlarında biri düşüncəsiz, digəri isə qeyri-idman hərəkəti idi. Penaltiyə gəlincə, qayda pozuntusunu müəyyən etmək üçün 3 meyar var: qayda pozuntusu meydanda baş verib, qayda pozuntusunu oyunçu edib və qayda pozuntusu baş verərkən top oyunda olub. Həmin epizodda bu meyarların hər üçü var idi. Ona görə haqlı qərar verilmişdi. Bu epizod əks tərəfdə olsaydı, eyni qərar olacaqdımı? Bunu mən deyə bilmərəm. Maraqlı sualdır, amma gərək, olsun ki, deyək. Bəlkə baş hakim onda da penalti təyin edəcəkdi. Baş məşqçini də başa düşmək olar. Komandası əlavə olunmuş dəqiqələrdə qol buraxır və 3 xal əldən gedir. Oyuna qalsa, “Zirə” “Neftçi”ni udmalı idi. Çünki çempionatda bəlkə də özünün ən yaxşı oyununu oynadı”.
Lakin Məmmədov keçmiş yetirməsinin oyun ərzində bəzi səhvlərə yol verdiyini də etiraf edib: “Ən böyük səhvi Davit Volkovun topu əli ilə qabağına atmasından sonra oyunu saxlamaması oldu. Yaxşı ki, həmin hücum qolla nəticələnmədi. Çox kobud səhv idi. Referinin bəxti gətirdi. İkincisi, meydanda mövqe seçimi çox pis idi. Top iki dəfə ona dəydi”.
Sabiq komitə sədri “Qəbələ” – “Keşlə” oyununda qonaqların iki oyunçusu – müdafiəçi Tərlan Quliyev və Kamal Bayramova göstərilmiş qırmızı vərəqələrin yanlış olmadığını söyləyib: “Oyuna televiziya vasitəsilə baxdığımız üçün fikir bildirmək bir qədər çətindir. Hiss olunur ki, Tərlan Quliyev Rafael Utziqə zərbə endirdi. Amma daha əvvəl hücumçu onu təxribata çəkdi. Nəticədə müdafiəçi dönüb braziliyalı oyunçunu vurdu. Diqqətlə baxsaq, bunu açıq-aşkar görmək olar. Kamal Bayramov isə etiraza görə meydandan qovuldu ki, bu da doğru qərardır”.
Rəhim Həsənov: “Alan da, verən də razı qalmalıdır”
Qəbələdəki oyunu izləmədiyini deyən Rəhim Həsənov isə “Neftçi” – “Zirə” görüşündəki hakim qərarlarını bu cür şərh edib: “Penalti epizodunda baş hakimin verdiyi qərar tam haqlıdır. Kimlərsə narazı qala bilər, amma qaydalara əsasən, bu, 11 metrlik cərimə zərbəsidir. Burada müxtəlif səbəblər var. Qapıçı rəqibin üstünə tullanır. Bir var, sırf topu dəf etməyə getsin. Düzdür, hardasa buna çalışır, amma hərəkəti ehtiyatsız olduğu üçün rəqibə xələl yetirir. Ona görə də qaydanı pozur. Çox adam düşünə bilər ki, epizod futbolçu topla oynayandan sonra baş verib. Fərqi yoxdur, orada qayda pozuntusu var. Həmin epizodda yalnız Cənnətova göstərilmiş sarı vərəqə ilə razılaşmaya bilərəm. Bir az ağır qərar oldu. Qırmızı vərəqələrə gəlincə, Coşqun Diniyevin epizodunda adi qayda pozuntusu var idi. Futbolçu topa oynamağa çalışırdı. Ehtiyatsızlıqdan qaydanı pozdu. Halbuki belə fikri yox idi. Həm də ikinci sarı vərəqə hamı üçün aydın olmalı, heç bir sual qalmamalı, futbolçu özü də qərarla razılaşmalıdır. Yəni, “qırmızı”nı alan da, verən də razı qalmalıdır (gülür). Eddi İsrafilovun epizodunda isə ola bilsin, perspektivli hücumun qarşısı alındığı üçün sarı vərəqə göstərilib. Biz videotəkrara əsasən fikir bildiririk. Hakim isə epizoda daha yaxın olur”.
AFFA Hakimlər Departamentinin sədri Fritsa Ştuxlik isə “Report”a açıqlamasında hakim qərarlarına münasibət bildirmək istəmədiyini söyləyib: “Keçmişdə olduğu kimi, ictimaiyyət qarşısında hakimlərin qərarları ilə bağlı heç bir şərh verməyəcəyəm”