image-3backend

YAP – cəmiyyətin aparıcı qüvvəsi  

image-reklam_sirab_01

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 32 ili tamam olur. Cənubi Qafqazın ən qüdrətli siyasi təşkilatı, Azərbaycanın isə hakim siyasi gücü olan partiyamızın yubileyi dövlətimiz və xalqımız üçün vacib, əhəmiyyətli tarixdir.
Yeni Azərbaycan Partiyasının qurulduğu 1992-ci il müstəqillik tariximizin ən çətin dövrlərindən idi. Həmin müddətdə torpaqlarımızın Ermənistan tərəfindən işğalı, daxildə hakimiyyət uğrunda mübarizənin aparılması, ölkənin faktiki olaraq parçalanmaq vəziyyətində olması cəmi bir il əvvəl müstəqilliyini bərpa edən dövlətimizin süqutu ilə nəticələnə bilərdi. Regionumuzdan uzaqda yerləşən və qonşuluqda olan dövlətlərin Azərbaycanın təbii zənginliklərinə göz dikməsi, ölkənin yerləşdiyi əlverişli coğrafi mövqe – Avrasiyanın orta xəttinin qapısı uğrunda ciddi mübarizənin başlanması ilə nəticələndi. Belə gərgin daxili və beynəlxalq proseslər fonunda Azərbaycan dərin xaos və anarxiya içində idi.
Müstəqilliklə bərabər, həm də əzab, problemlər qazanan, buna görə də lider və sabitlik axtarışında olan xalq başa düşürdü ki, onu bu bəlalardan ancaq Ümummilli Lider Heydər Əliyev xilas edə bilər. Nəhayət, 1992-ci il oktyabrın 16-da bir qrup ziyalı yeni siyasi partiyanın qurulması xahişi ilə Ulu Öndər Heydər Əliyevə müraciət edir. “91-lər”in müraciəti, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Lakin onun Bakıya gəlməsinə ozamankı hakimiyyətin maneələr törətməsi ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi – 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.
Yeni Azərbaycan Partiyası ilk gündən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsi kimi prinsipləri qarşısına vacib məqsəd kimi qoymuşdur. Partiya proqramının əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş oldu. YAP qısa zamanda ümumxalq partiyasına çevrildi.
Ulu Öndərin hakimiyyətə gəlişindən sonra uğurlu daxili və xarici siyasətin, həmçinin gələcək onillikləri hədəfləyən yeni strateji kursun müəyyən olunması ölkədə möhkəm xalq-dövlət birliyinin əsasını qoydu. Bunun da bariz nümunəsidir ki, 1993-cü ilin oktyabrından etibarən bütün prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası daim səs çoxluğu ilə qalib gələn partiya kimi tarixə düşdü.
Ümummilli Liderin Bakıya qayıdışı ilə Azərbaycanda vətəndaş müharibəsi, separatizm, erməni işğalının coğrafiyasının genişlənməsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdləri iflasa uğradı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və davamlı inkişaf gətirdi. Cəmiyyətdə dövlətimizin və müstəqilliyimizin yenilməzliyi ilə bağlı mütləq əminlik yarandı.
Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, iqtisadiyyatı güclü olan dövlət bütün məqsədlərini reallaşdırmağa qadirdir. Bu məqam YAP-ın proqramında da əksini tapdı. Partiya ölkənin iqtisadi inkişafını və sosial islahatları sürətləndirən kursun hazırlanmasında fəal iştirak etdi.
15 oktyabr 2003-cü ildə cənab İlham Əliyevin prezident seçkilərində qalib gəlməsi ilə xalqımızın və partiyamızın həyatında yeni mərhələ başlandı. 2005-ci il martın 26-da keçirilən YAP-ın III Qurultayında Prezident İlham Əliyevin partiyaya sədr seçilməsi ilə YAP-ın ictimai dayaqları daha da gücləndi.
Prezident İlham Əliyevin 21 illik fəaliyyəti dövründə onilliklərə bərabər sürətli inkişaf yolu keçən Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə doğru inamla irəliləyib və bunlara nail olub. Dövlət başçısı hələ 2003-cü ildə seçkiqabağı çıxışları zamanı irəli sürdüyü “Əsl siyasət – konkret real iş görməkdən ibarətdir” tezisini də tam reallaşdırıb.
Hakimiyyətin, o cümlədən onun siyasi istinadgahı olan YAP-ın ən böyük nailiyyəti isə şübhəsiz ki, Vətən savaşında əldə olunan tarixi zəfərdir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti və liderlik keyfiyyətləri sayəsində ölkəmiz Qarabağ probleminin ədalətli həllinə nail olaraq yeni geosiyasi reallıq yaradıb. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər Prezident İlham Əliyevin qətiyyətli, prinsipial, milli maraqları əsas tutan liderlik missiyasını, dahi intellektini bir daha təsdiqləyib. Son 200 il ərzində ilk dəfə olaraq Azərbaycan qələbə qazandı, II Dünya müharibəsindən sonra isə hərbi əməliyyatlar nəticəsində ərazilərini işğaldan azad edən ilk dövlət kimi tarixə düşdü. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi Prezident İlham Əliyevin regional və qlobal miqyasda nüfuzunu daha da artırıb, dünyanın ən uğurlu liderləri sırasında yer almasını təmin edib.
Prezident İlham Əliyevin başçılığı altında hazırda ölkəmiz işğaldan azad edilmiş rayonlarda quruculuq, bərpa və abadlıq işlərini sürətləndirir. Qarabağın, Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə bölgədə mövcud olan status-kvo ləğv edildi, Azərbaycanın rəhbərliyi ilə Qafqaz bölgəsinin inkişafında yeni tarixi mərhələnin əsası qoyuldu. Postmünaqişə dövründə sülh şərtlərini diktə edən, danışıqların gündəmini müəyyən edən ölkə indi məhz Azərbaycandır. Artıq dünya birliyi bu gerçəkliyi qəbul edir ki, Azərbaycanın regionda yaratdığı geosiyasi reallıq ümumən Cənubi Qafqazın inkişafı üçün alternativsiz yoldur.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image