image-indirbackend

Yeni müharibə ocağı: Əfqanıstan İranı müharibə ilə hədələdi

image-reklam_sirab_01

İran ilə Əfqanıstan arasında sərhəddə yerləşən Hilmənd, yaxud Hirmənd çayının su ehtiyatından istifadə üstündə münaqişə yenidən qızışıb.

Vətəninfo.az xəbər verir ki, artıq neçə gündür ki, hər iki ölkənin təmsilçiləri arasında söz atışması davam edir. Gərginlik ondan başlayıb ki, ötən həftənin sonlarında İran prezidenti İbrahim Rəisi Əfqanıstanla həmsərhəd Sistan və Bəluçistan əyalətinə səfəri zamanı bölgənin su təminatı ilə bağlı Taliban hökumətinə hədələyici tonda müraciət edərək deyib: “Əfqanıstan hakimiyyətinə demək istəyirəm ki, mənim söylədiklərimə adi baxmasınlar, buna çox ciddi yanaşsınlar. Mən Əfqanıstanın rəsmilərinə və hakimiyyətinə xəbərdarlıq edirəm ki, gecikdirmədən Sistan və Bəluçistan əyaləti və əhalisinin haqqını versinlər”.

İran prezidenti Əfqanıstan tərəfdə Hilmənd çayı üzərində tikilmiş bənddə su olmadığı barədə qarşı tərəfin açıqlamalarına münasibət bildirərək əlavə edib: “Yubanmadan bizim mütəxəssislərə imkan yaradılmalıdır ki, məsələni araşdırsınlar. Əgər bizim mütəxəssislər bunu təsdiq etsələr, çox yaxşı, problem yoxdur, suyun olmamasına biz bir şey demirik. Amma əgər su varsa, Sistan və Bəluçistan əhalisinin payı verilməlidir. Biz əhalinin haqqının pozulmasına heç bir vəchlə imkan vermərik”. Rəisi sonda bir daha Taliban rəhbərlərinə xəbərdarlıq edərək deyib: “Mənim bu sözlərimə ciddi yanaşsınlar, sonra gileylənib söyləməsinlər ki, bizə deyilməyib”.

İran prezidentinin bu hədələyici açıqlamasına Talibanın tanınmış simalarından biri, Əfqanıstan polis qüvvələrinin sabiq sözçüsü general Əbdülmobin özünəməxsus reaksiya verib və Rəisini ələ salıb. O, Logərdəki su bəndindən bir kanistr su götürərək, İran prezidentinə müraciətlə kinayəli tərzdə deyib: “Hilmənddə su yoxdur, ona görə buradan sizə bir qab su götürdüm, xəbərdarlıq etməyin, biz qorxuruq, buyurun, bir qab su xidmətinizdədir. Cənab İranın prezidenti, bunu götürün, amma bizə hücum etməyin, biz qorxuruq”. Qeyd edək ki, videodakı sarı rəngli kanistr rəmzi məna daşıyır, belə ki, bu cür qablardan Taliban üzvləri intihar hücumlarında və partlayışlarda istifadə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki