“Vətən müharibəsində qələbədən sonra ölkəmizi aşağı reytinqlərdə göstərən, ənənəvi nifrət ideologiyası ilə hərəkət edən beynəlxalq təşkilatların davranışlarında müəyyən dəyişikliyin olacağını gözləyirdik. Dünyada ədalət etalonu sayılmayan Freedom House-un bu həftə Azərbaycan haqqında verdiyi qiymətləndirmə və onunla eyni dalğada The National İnterest dərgisində ölkəmiz əleyhinə dərc olunan böhtan xarakterli məqalədən sonra tam bir həqiqəti dərk edirsən – dövlətimizi 160-cı, 170-ci yerlərdə göstərənlər işğalçılıq siyasətinin ideoloqları, lobbiçilər və xəfiyyə mərkəzləridir”.
Veteninfo.az xəbər verir ki, bunu Milli Məclisin bugün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.
O bildirib ki, ölkəmiz seçki sistemini təkmilləşdirməyə ehtiyac duyur: “Eləcə də qanunların pis işləməsi, vətəndaş hüquqları, hökumətin korrupsiya ilə mübarizəsində problemləri ilk növbədə, prezident dəfələrlə qeyd edir. 2019-cu ildən başlanan yeni hakimiyyət quruculuğunun məhz xalq üçün ədalətli idarəçilik olduğu vurğulanır. Lakin dövlətlərin azadlıq indeksini çıxaran bir təşkilatın və Dmitri Sayms adlı ziddiyətli fiqurun, onun rəhbərlik etdiyi informasiya qurumunun ölkəmizi Həmasın idarə etdiyi Qəzza bölgəsi ilə, yaxud repressiyalara məruz qalan hüsilərin yaşadığı Yəmənlə müqayisə etməsi qəbuledilməzdir. Bildiyiniz kimi, Yəmən şəriət qaydaları ilə idarə olunur. Biz əlbəttə, onların seçiminə hörmətlə yanaşırıq. Lakin dövlətlər üzərində özünü dəyənək kimi hiss etdirmək soyuq müharibə dövrünün qalığıdır”.
“Ölkəmizin Böyük Britaniya ilə yüksək əlaqələrini yalnız bp-yə bağlamaq, Çinlə artan əməkdaşlığın Azərbaycana BMT-də verdiyi həlledici üstünlüyü qəbahət kimi qələmə vermək, İsraillə uzun illərin partnyorluğunu “neft əvəzinə silah” adlandırmaq, eləcə də dünyəvi Azərbaycanda din adamlarının “sıxışdırılması”na Amerikanın “dözməsini” İrana qarşı planlarla əlaqələndirmək the National İnterest və ona informasiya dəstəyi verən platformaların özlərinin azad olmadığını göstərir. Axı Freedom House “Azadlıq Evi” deməkdir. Ötən ili qiymətləndirən hesabatda 700 min köçkünün azad olan, lakin mövcud olmayan evi haqqında bir cümlə yazmamaq, bunu insan haqlarının təminatı sahəsində “dünyanın ən böyük hadisəsi” adlandırmamaq köləlikdir, qərəzdir, siyasi möhtəkirlikdir.
İşğala son qoyan yagənə bir xalqın bundan sonra fundamental hüquq və azadlıqların təminatı, sülhə töhfəsini görməmək və dünyada 57-yə yaxın etnik, milli və dövlətlərarası münaqişələrdən birinin həll olunması, 82 milyon qaçqın siyahısından çıxmasını vurğulamamaq, yalnız məhbuslar mövzusuna köklənmək Amerika təşkilatlarını inkivizisiya məhkəmələrinə oxşadır.Məgər Azərbaycan torpaqlarının azadlığı ən böyük reytinqlərə layiq deyil? Doğma evlərə və bütün Qarabağa qayıtmaq bir millətə və dövlətə nüfuz qazandıran hadisə deyilsə, onda bizə işğal, evsiz azadlıq gərək deyil”, – deputat bildirib.