Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməsi ehtimalına münasibət bildirib.
Vətəninfo.az xəbər verir ki, Zaxarova Şərq İqtisadi Forumunda jurnalistlərin suallarını cavablandırarkən deyib ki, belə bir qərar Moskva əleyhinə deyil, Ermənistanın özünə qarşı yönəlmiş addım olacaq.
“Əgər Ermənistan birdən viza tətbiq etsə, onlar bunu bizə qarşı deyil, öz vətəndaşlarına qarşı tətbiq etmiş olacaqlar”, – deyə Zaxarova bildirib.
Rusiya XİN rəsmisi qeyd edib ki, viza rejiminin tətbiqi Ermənistanda çoxsaylı qohumları yaşayan Rusiya vətəndaşlarına da təsir göstərəcək.
Zaxarovanın sözlərinə görə, bu cür qərar Ermənistan və Rusiya arasında mövcud humanitar və ailə əlaqələrinə də mənfi təsir göstərə bilər.


























