1992-ci il may ayının 14-də bir qrup qədeş 70 gün öncə istefa vermiş Ayaz Mütəllibovu zor gücünə yenidən prezident kreslosuna otuzdurdu. AXC-nin cavabı gecikmədi – bir gün sonra, 15 may tarixində mənim də şəxsən iştirak etdiyim olaylar qədeşizmə son verdi.
Prezidentin səlahiyyətlərini icra edən parlamentin sədri Yaqub Məmmədov da ayın 17-də istefa verdi. Onun yerinə kimin seçilməsi məsələsi gərginliyi ən üst səviyyəyə çıxarmışdı. Bir qrup parlamentar İsa Qəmbərin seçilməsinə müqavimət göstərir, onların da namizədləri olduğunu bildirirdilər. Bu namizəd Heydər Əliyev idi. Məndə dəqiq məlumat var idi ki, Heydər Əliyev parlament sədri seçilmək fikrində deyil. Çünki həm Xalq Cəbhəsi ilə münasibətlərini pozmaq istəmir, həm də 20 gün sonra keçiriləcək prezident seçkisində Elçibəyin dövlət başçısı olma ehtimalı çox yüksək idi.
AXC elektoratı içərisində xeyli sayda Heydər Əliyev tərəfdarı olsa da, yuxarı rəhbərlikdə olanların böyük əksəriyyəti Heydər Əliyevə qısqanclıqla yanaşır və ona qarşı addımlar atmaqdan çəkinmirdi. Şübhəsiz ki, mahir siyasətçi bunu anlayır və bu səbəbdən də namizədliyini irəli sürmək istəmirdi. Təsəvvür edin ki, prezident Elçibəy olur, dövlətin ikinci postunda isə Heydər Əliyev oturur, amma prezidentin yaxın ətrafı ona qarşıdır – hadisələrin bu istiqamətdə cərəyan etməsi gələcək komanda daxilində siyasi gərginliyə səbəb ola bilərdi. Heydər Əliyev isə bunu qətiyyən istəmirdi. Ancaq o, hər fürsətdə AXC-ni dəstəklədiyini bildirir, öz tərəfdarlarını Elçibəyə səs verməyə çağırırdı.
Xülasə, gələk sözümüzün canına…
18 may tarixində parlamentə İsa Qəmbərin sədr seçilməsinə müqavimət göstərənlərə Arif Hacılı sərt şəkildə hədə gəlməyə başladı: “Siz istəsəniz də, istəməsəniz də İsa bəyi biz seçəcəyik. Ağlınızı başınıza yığın, gələcəyinizi düşünün. Onu da bilin ki, biz İsa bəyin seçilməsi üçün 9 dövlətlə razılıq əldə etmişik!”
Və… və hər şey bitdi! Hər şeyə son verildi! Amma bu, həm də AXC-nin sonunun başlanğıcı idi…
O zaman mən hələ çox cavan idim, çox şeyi də anlamırdım. Aradan uzun illər keçəndən sonra mən iki suala cavab tapmağa çalışırdım:
– parlament sədrinin kimin olacağından asılı olmayaraq, Elçibəyin prezident seçiləcəyi şübhəsiz idi. Bəs, nədən İsa Qəmbər və çevrəsi ciddi cəhdlə çalışırdılar ki, seçkilərə qədər spiker vəzifəsini ələ keçirsinlər?
– Arif Hacılının bəhs etdiyi, İsa Qəmbərin seçilməsi üçün öz “dobro”sunu verən 9 dövlət hansılardı?
Mən 1-ci suala cavabı artıq bilirəm. İsa Qəmbər 30 gün ərzində prezident səlahiyyətlərini icra etdi və bu müddətdə bütün kilid vəzifələrə öz adamlarını yerləşdirdi. O, gələcəkdə hakimiyyətin ən zirvəsinə qalxmağı düşünürdü və 18 may 1992-ci il tarixdə gerçəkləşən hadisələr bu yolda atılan ilk addımlar idi. Yəni Elçibəy 1 il öz komandası olmadan dövləti idarə etmək məcburiyyətində qaldı. Nəticəsi də 04 iyun qiyamı oldu – bu qiyam qaçınılmaz idi, Elçibəy özü də peyğəmbərcəsinə bunun proqnozunu bir il əvvəldən vermişdi.
Bu hadisələri niyə xatırladım? Əli Kərimli olayından sonra düşünürəm ki, mənim sabiq yol yoldaşlarım nədən siyasi olimpə gedən yolun başqa dövlətlərlə razılaşmaqdan, onların qucağında oturmaqdan keçdiyini düşünürlər? Hakimiyyətə gedən yol xalqla birlikdə olmaqdan, onların qəlbini qazanmaqdan keçir. Ancaq çox təəssüflər olsun ki, əlilər, isalar, arifhacılılar xalqın etimadını çoxdan itiriblər, əbədi məğlubiyyət onların taleyinə yazılıb. Bunu onlar öz talelərinə özləri yazdılar – 18 may 1992-ci il tarixdə, 9 dövlətin qucağına oturduqları gün…
























