Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev: “Anım Günü xalqımızın qürur günüdür. Biz heç vaxt şəhidlərimizi unutmayacağıq. Gənc nəsil qəhrəman oğullarımızın şücaəti ruhunda böyüməlidir və bu tarixi heç vaxt unutmamalıdır.Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq.”
27 sentyabr günü hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Zəfər qələbəsinin təməlinin qoyulduğu şərəfli bir tarixdir. Artıq 6-cı ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur. Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başlamışlar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. 27 sentyabrda düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayan rəşadətli Azərbaycan Ordusu elə ilk gündən dünyanın hərbi tarixinə düşəcək bir peşəkarlıqla, misilsiz qəhrəmanlıq nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr vurdu, Ermənistan hərbi birləşmələrinin canlı qüvvəsini, 30 ilə yaxın dövr ərzində qurduğu güclü hərbi istehkamlarını və müdafiə xətlərini darmadağın etdi, strateji yüksəkliklər və əzəli torpaqlarımız işğaldan azad olundu, məğlub düşmən ordusu torpaqlarımızdan qovuldu.
27 sentyabrdan başlanan və şanlı Zəfər qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində qalan qətnamələrini döyüş meydanlarında öz gücü ilə həll edərək beynəlxalq hüquq və tarixi ədaləti bərpa etdi.
Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Zəfər dastanını öz qanı və canları ilə yazan şəhidlərimiz və qazilərimiz qürur mənbəyimizdir. Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna dərin ehtiram göstərir, xatirəsini uca tutur. Bu gün respublikamızın bütün bölgələrində, şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir.
Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Bu gün biz təkcə torpaqlarımız uğrunda canından keçən qəhrəman şəhidlərimizi yad etmirik, həm də xalqımızın otuz illik həsrətə, haqsızlığa və işğala son qoyduğu tarixi dirçəliş gününü qeyd edirik.
Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar və can sağlığı diləyirik!
Bəhman Hüseynov
Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının
İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri


























