image-360485_res_01backend

Bayden “nüvə bombası effektli” sanksiyalar tətbiq etdi

image-reklam_sirab_01

Bu dəqiqələrdə ABŞ prezidenti Cozef Baydenin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar barədə fərman Ağ evin saytında dərc edilib. Gözlənildiyi kimi sanksiyalara Rusiyanın suveren borc istiqrazlarının alqı-satqısının ABŞ maliyyə institutlarına qadağan edilməsi də daxildir. Bu, həm rublla, həm xarici valyuta ilə olan, 14 iyun 2021-ci ildən sonra buraxılan borc sənədlərinə aiddir. Fərman ABŞ Maliyyə Nazirliyinə Rusiyanın suveren borclarına qarşı sanksiyaları lazım bildikdə daha da genişləndirmək səlahiyyəti də verir.

Habelə fərmana əsasən Rusiya xüsusi xidmət orqanlarına kiberproqramlar üzrə dəstək verən 6 Rusiya texnologiya şirkəti də sanksiyaların təsiri altına düşür. Həmin şirkətlərlə hər hansı əməkdaşlıq qadağan edilir. “Biz Rusiyanı kiberhücumlara görə bütün siyasi alətlərdən və səlahiyyətlərdən istifadə etməklə məsuliyyətə cəlb etməkdə davam edəcəyik”,-fərmanda deyilir.

Sanksiyalar Rusiyadan 32 hüquqi və fiziki şəxsə qarşı da tətbiq olunur. Bunlar ABŞ-da 2020-ci ildə keçirilmiş prezident seçkilərinə təsir göstərməyə cəhd edənlər, dezinformasiya aktı və digər müdaxilələrə görə cavabdeh olanlardır. ABŞ bu cür fəaliyyətlə məşğul olanları təqib etməkdə davam edəcəyini bildirir.

***

ABŞ prezidenti Cozef Bayden bu gün Rusiyaya qarşı yeni sərt maliyyə sanksiyaları elan etməyə hazırlaşır. “Reuters” agentliyinin Bayden administrasiyasındakı mənbələrə istinadən yaydığı xəbərə görə, sanksiyalar arasında Rusiyanın suveren borclarının alqı-satqısına qadağa qoyulması da yer alacaq. Səhər saatlarından etibarən bu xəbərlərin təsiri altında Rusiyada dollar bahalaşmağa başlayıb.

ABŞ Rusiyanın suveren borc istiqrazlarının ilkin bazarda alınmasını hələ 2014-cü ildə qadağan etmişdi, lakin investorlar ikinci əl bazarda bu istiqrazları alıb-sata bilirdilər və nəticədə sanksiya Rusiyaya elə də ciddi təsir etmirdi. İndi isə istiqrazların ümumiyyətlə alınmasına qadağadan söhbət gedir.

image-360486_src

Sanksiyalara əsas kimi Rusiyanın ötən ilin sonlarında ABŞ seçki sisteminə müdaxiləsi və kiber hücumlar həyata keçirməsi göstərilir. Geniş sanksiyalar paketində Rusiyadan 20 şirkət və təşkilat, 12 fiziki şəxs yer alır. Bura kəşfiyyatın və hökumətin nümayəndələri də daxildir. Analitiklər bu sanksiyalar paketinin Rusiyanın maliyyə sistemi üçün “nüvə bombası effekti” yarada biləcəyini deyirlər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva ABŞ-ın bu cür sanksiyalar cəhdlərini pisləyir və qanunsuz sayır. Amma hələlik rəsmi məlumatın açıqlanmasını gözləyir və ondan sonra öz mövqeyini bildirəcək. Bununla belə Peskov deyib ki, od olmayan yerdən tüstü çıxmaz…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki