image-377083_srcbackend

“Altun Saray” və “Xəmsə”də çal-çağır: Səfərli 50 min ödəyib, 25 mini geri alıb…

image-reklam_sirab_01

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (ləğv edilmiş) keçmiş icraçı direktoru Vüqar Səfərlinin işi üzrə daha bir epizodun təfərrüatları məlum olub.

Veteninfo.az xəbər verir ki, V.Səfərli və onunla birlikdə mühakimə olunan baş mühasib Təhminə Yaqubova Fondun hesabına keçirilən tədbirlərdə böyük məbləğdə pul vəsaitlərini mənimsəməkdə ittiham olunurlar.

Cinayət işinin materiallarında göstərilir ki, V.Səfərli bayram və ziyafətlər üçün ayrılan vəsaitlərin bir hissəni sonradan restoran sahiblərindən alıb. (“otkat” qismində,-red.) Ziyafətlər adətən “Altun Saray” və “Xəmsə” restoranlarında təşkil edilib. 2017-2019-cu illərdə ziyafətlərə dəvət edilən tədbir iştirakçılarının sayı faktiki iştirakçıların sayından artıq göstərilib, tədbir keçirilməsi üçün müqavilə bağlanmış restoranlara əlavə olaraq 8 və 12 faiz həcmində vergi də Fondun büdcəsi hesabına ödənilib.  Beləliklə 2017-2019-cu illər ərzində hər il üç dəfə – Yeni il, Novruz Bayramı və Milli Mətbuat Günü ilə bağlı keçirilən tədbirlərdə 104 min 444,24 manat pul mənimsənilib.

 

V.Səfərli “Altun Saray” restoranının inzibatçısı Şahin İbrahimov, direktor müavini Təmkin Xəlilov, “Xəmsə” restoranının icarədarları Valeh Orucov və Bəxtiyar Fətullayevlə əvvəlcədən razılığa gələrək tədbir iştirakçılarının sayını artıq göstəriblər. Belə ki, qonaqların sayı 250-ni ötmədiyi halda 350-400 nəfər kimi göstərib. Həmçinin, yemək xərci üzrə normalara da əməl edilməyib.

Tədbirlər üçün Fondun büdcəsindən ayrılan pullar adları çəkilən  restoranların bank hesablarına köçürülüb. Daha sonra isə restoran rəhbərliyi həmin pulu nəğdləşdirərək, əvvəlcədən danışılmış hissəni V.Səfərliyə geri qaytarıblar.

Amma V.Səfərli bu epizod üzrə ona qarşı irəli sürülmüş ittihamlarla razılaşmır. O,  istintaqa verdiyi ifadəsində deyib ki, tədbirlər üçün ayrılan vəsaitlər tam olaraq obyekt sahiblərinə ödənilib. Səfərli ziyafətlərdə iştirak edən qonaqların sayının az olmasını çağırılan şəxslərin hamısının tədbirə gəlməməsi ilə əlaqələndirib: “Tədbirlər həqiqətən keçirilib. Ayrılan vəsaitlər obyekt sahiblərinə ödənilib. Tədbirdə iştirak edənlərin sayının az olması dəvət olunub iştirak etməyənlərə görə yarana bilər. Amma saya görə nəzərdə tutulan məbləğ tam ödənilib. Sərfəli və keyfiyyətli təklif “Altin” və “Xəmsə” restoranları tərəfindən edildiyindən tədbirlər həmin restoranlarda tender və satınalma qaydalarına əməl etməklə təşkil olunub”.

“Altun Saray” şadlıq sarayının inzibatçısı Ş.İbrahimov isə istintaqa verdiyi ifadəsində bildirib ki, ziyafətlərdə bir nəfər üçün 55-60 manat pul ödənilib. Restoran yalnız yeməklə təmin olunmanı təşkil etsə də, V.Səfərli protokolda dəvətnamə hazırlanması, video çəkiliş, musiqiçilərin dəvət olunması, banerlərin yerləşdirilməsi, tədbir zamanı keçirilən oyunlarda qaliblərə hədiyyələr təqdim olunması və s. kimi əlavə xərcləri də restoranın adına yazdırıb. Bu minvalla Səfərli hər tədbir üçün KİVDF-dən restoranın hesabına köçürülən 50 min manatın 25 minini geri alıb.

Digər epizodda isə deyilir ki,  V.Səfərli qəzetlərə maliyyə yardımının ayrılması ilə bağlı prezidentin sərəncamına əsasən hər il 1 milyon manat vəsaitdən 300 min  manatını 2015-2017-ci il tarixədək olan müddətdə həyat yoldaşı Gülər Səfərlinin təsis etdiyi “Futbol+Qol” qəzetinə yardım qismində verilib. Həmin məbləğ G.Səfərlinin bank hesablarına baş mühasib Təhminə Yaqubova tərəfindən hazırlanmaqla ödəniş tapşırıqları əsasında köçürülüb.

Köçürülən məbləğin təyinatı üzrə sərf edilib-edilməməsi ilə bağlı V.Səfərli istintaq zamanı deyib ki, “Futbol+Qol” qəzeti Fond yaradılmamışdan əvvəl fəaliyyətə başlayıb, qəzetə yardım digər qəzetlərdə olduğu kimi Fondun kriteriyalarına  uyğun edilib və qəzetin fəaliyyətinə xərclənib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki