image-photo-2022-04-21-09-08-29backend

Ana dilimiz  mənəvi dünyamızın beşiyidir.

image-reklam_sirab_01

Azərbaycan xalqının ünsiyyət vasitəsi olan ana dilimiz milli-mənəvi dəyərlər sistemində ən qiymətli sərvətimizdir. Təsadüfi deyil, dahilərimiz ana dilimizi mənəvi Vətən saymış, ulularımız milli varlığımızı yaşatmaq üçün onu torpaqlarımızla eyni dərəcədə sevmiş və qorumuşlar. Dilimiz də eynilə torpaqlarımız kimi ötənlərimizi bugünümüzə qovuşdurmuş, xalqımızı dünyada tanıdan ən başlıca milli əlamət kimi onu gələcəyin astanasına gətirib çıxarmışdır.

Xalqımız öz dilini, dilimiz isə onu yaşadan xalqımızı qorumuş, indiki biçimdə formalaşdırmışdır. Bütün bunları nəzərdə tutan ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqlardan bir neçə minillik tarixi yaşaması lazım gəlir”. Doğrudan da, milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür.

Dilin görüntüsü, onu zamandan-zamana ötürən daşıyıcı rolu oynayan işarə və yazı nümunələri tarixi inkişafımızın önəmli faktları sırasında yer almışdır. Qobustan qayalarındakı şəkil və rəmzlər, mixi yazılar, əski türk əlifbası, ərəb, latın, kiril qrafikalı əlifbalar əcdadlarımızın düşüncə və danışıqlarını gələcəyə ötürmüş, tarixə silinməz- pozulmaz möhür basmışdır. Xalqımızın milli varlığını qorumaq, dövlətçiliyini dirçəltmək uğrunda mübarizəsi həmişə yad-yabançı yazı nümunələrindən, mürəkkəb əlifba sistemlərindən yaxa qurtarmaq cəhdləri ilə müşayiət olunmuşdur.

Tarixin ağır sınaqlarından çıxıb bu günümüzə yetişən Azərbaycan dili artıq milli dövlətçiliyimizin əsas göstəricilərindən biri kimi layiq olduğu ali məqama yüksəldilmişdir. Azərbaycan dili ölkəmizin dövlət dili səviyyəsində qərarlaşaraq xalqımızın milli kimliyini bütün dünyaya təqdim edir. Ana dilinin dövlət dili statusuna yüksəlməsi, haqlı olaraq, tarixi hadisə, milli dövlətçiliyimizin tarixinin önəmli səhifəsi sayılır. Bu, milli yetkinliyin təsdiqi, xalqın öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin parlaq ifadəsidir.

Bu gün Azərbaycan dili, sözün həqiqi mənasında, müstəqil bir dövlətin dilidir. İndi Azərbaycan dili dünyanın müxtəlif dilləri ilə birbaşa əlaqəyə girmək imkanı qazanıb. Əgər bir vaxtlar dünya dilləri ilə Azərbaycan dili yalnız rus dili vasitəsilə əlaqəyə girirdisə, indi birbaşa əlaqə imkanları var. Bu mənada Azərbaycan dilinin inkişafı göz qabağındadır. Ölkəmizin tarixində ilk dəfə ana dili və onun əlifbasının şərəfinə ayrıca günün təsis olunması müstəqil dövlətimizin bu məsələyə nə qədər ciddi yanaşdığını, ana dilimizi necə bir yüksək məqama qaldırdığını göstərən tarixi amildir.

Ümumiyyətlə, dil, xalq və dövlət anlayışları çoxminillik bəşər tarixinin gedişatında aparıcı yer tutduğu kimi, qloballaşma dövründə də önəmini və aktuallığını qoruyub saxlayır. Çağdaş dünyanın siyasi mənzərəsini əks etdirən, dünya birliyində rəngarənglik yaradan suveren coğrafiyaların və dövlətlərin əsasında xalqlar dayanır. Hər bir xalqın başlıca özünəməxsusluğunu isə onun ana dili təşkil edir. Doğrudan da, dil olmasa xalq, xalq olmasa dövlətlər bir-birindən seçilib-ayrılmaz. Belə bir ifadə mövcuddur: xalqı onun dili, dövləti isə onun xalqı yaşadır. Elə buna görə də hər bir dövlətin təhlükəsizliyi ilə bağlı amillər içərisində onun xalqının dilinin qorunması və zənginləşdirilməsi də daim diqqətdə saxlanılır. Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də ulu öndərin adı ilə bağlıdır.

Hər bir şəxsiyyətin öz xalqına olan məhəbbəti doğma tarixinə, dilinə, dininə və mədəniyyətinə münasibəti ilə ölçülür. Bu gün böyük sevgi ilə qeyd etdiyimiz Azərbaycan dili və Əlifbası Günü daşıdığı sosial-siyasi və məfkurəvi mənası ilə bizim hər birimizi milli varlığımızın aynası olan ana dilimizin saflığını qorumağa, onu zənginləşdirməyə çağırır. Unutmayaq ki, torpaq fiziki varlığımızın vətəni olduğu kimi, ana dilimiz də mənəvi dünyamızın beşiyidir.

 

Niftiyeva Günel -Nəsimi rayon sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki