image-51backend

Avropa İttifaqı-Azərbaycan əlaqələri – əməkdaşlığın genişlənməsinə şərait var

image-reklam_sirab_01

Azərbaycan müstəqilliyini bərpa edəndən Avropa ilə əlaqələri genişləndirməyə üstünlük verib. Bu baxımdan Azərbaycanın Avropa İttifaqı (Aİ) Şurasının 2008-ci il iyunun 19-20-də keçirilən toplantısının nəticəsində təsis edilən “Şərq Tərəfdaşlığı” Proqramında iştirakını da örnək göstərmək olar. “Şərq Tərəfdaşlığı” Proqramı Avropa İttifaqına üzv ölkələrlə, onun 6 Şərq qonşusu – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova​ və Ukrayna arasında əlaqələrin dərinləşdirilməsinə, gücləndirilməsinə yönəlmiş birgə siyasi təşəbbüsdür. Şərq qonşularında sabitlik və dayanıqlığın gücləndirilməsinə diqqətin artırılmasına dair çağırış edən Aİ-nin Qlobal Strategiyası və yenilənmiş Avropa Qonşuluq Siyasəti qurumun qonşuları ilə əlaqələrinə bələdçilik edir. Sözügedən çərçivədə bütün regionun vətəndaşları üçün gözəçarpan nəticələr təmin edilməsinə dair birgə öhdəlik mövcuddur. 2020-ci il üçün 20 praktiki nəticə adlı cari proqrama əsaslanaraq bir sıra yeni uzunmüddətli siyasət məqsədləri – “Dayanıqlığın gücləndirilməsi: bütün ölkələrdə özünü təsdiqləyən Şərq Tərəfdaşlığı”na dair birgə kommünike 2020-ci il martın 18-də qəbul olunub və orada “Şərq Tərəfdaşlığı”nın 2020-ci ildən sonrakı məqsədləri və dayanıqlığını gücləndirməyə, dayanıqlı inkişafa dəstək verməyə və cəmiyyət üçün gözəçarpan nəticələrin əldə olunmasına yönəlmiş tədbirlər qeyd olunub.

Dekabrın 15-də Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti keçiriləcək. Sammitin gündəliyinə koronavirus pandemiyası ilə mübarizə, “Şərq Tərəfdaşlığı” ölkələrində islahatlar və Aİ-nin proqrama sadiqliyi ilə bağlı məsələlər daxildir. Liderlərin həmçinin bölgədə, o cümlədən Ukrayna, Belarusla sərhəddə təhlükəsizlik durumunu və Qarabağı müzakirə edəcəyi gözlənilir.

Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasi kursunda üstünlük verdiyi məsələlərdəndir. İttifaq və Azərbaycan münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir. Aİ Azərbaycanın əsas ticarət, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Azərbaycanın ticarətinin 40 faizdən çoxu İttifaqa üzv dövlətlərin payına düşür. 2020-ci ildə tərəflər arasında ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olub. Azərbaycanda quruma üzv dövlətlərin 1700-dən çox şirkəti fəaliyyət göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ildən etibarən qurumla əlaqədar 9 dəfə Brüsselə səfər etməsi, habelə 2012-ci ildən etibarən Şura prezidentlərinin 4, 2011-ci ildən isə Avropa Komissiyasının prezidentlərinin 2 dəfə Azərbaycana səfər etməsi tərəflər arasında münasibətlərin müsbət istiqamətdə inkişafını təsdiqləyən faktlardandır. Azərbaycanla İttifaq əlaqələrinin indiki siyasi çərçivəsini “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəd təşkil edir. Sənəd 2018-ci il iyulun 11-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının o vaxtkı Prezidenti Donald Tuskun iştirakı ilə paraflanıb. Sənədin əsas xüsusiyyəti ondan ibarətdir ki, orada tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi öhdəliyi gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilib.

Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra da qurumla əlaqələr inkişaf edib. Bu il iyulun 8-də isə Avropa İttifaqının Qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi Azərbaycana səfərinin yekununa dair Avropa Komissiyasının rəsmi saytında bu fikirləri paylaşıb: “Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələrinə yeni təkan verilib”. Qarabağ mövzusu ilə bağlı geniş fikir mübadiləsi aparıldığını qeyd edən komissar bildirib ki, Avropa İttifaqı olaraq müharibənin nəticələrini aradan qaldırmaq, bölgədə uzunmüddətli sülh naminə birgə çalışmaq üçün Qarabağ münaqişəsinin postkonflikt dövrü ilə bağlı plan və fikirlər barədə rəsmi Bakı ilə müzakirə aparılıb. Şuranın Prezidenti Şarl Mişel ilk dəfə 2021-ci ilin iyulunda Bakıya səfər edib. Bu, İttifaqın Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə hörmətlə yanaması, əməkdaşlığın yeni şəraitdə də davam etdirilməsinin göstəricisi idi. Qeyd edək ki, Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana təqdim etməsi, Azərbaycanın 15 ermənini Ermənistana təhvil verməsi kimi humanitar aksiyaların həyata keçirilməsində Şarl Mişelin də vasitəçilik rolu olub.

Yeri gəlmişkən, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri genişləndirmək üçün davam edən bəzi istiqamətləri diqqətnizə çatdırırıq:

− Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş layihəsi üzrə danışıqların başlanğıcının qeyd edilməsi məqsədilə Aİ Şurasının Prezidenti Donald Tuskun dəvəti əsasında Prezident İlham Əliyev 2017-ci ilin fevralında Brüsselə işgüzar səfər edib;

− 2017-ci idən etibarən yeni hərtərəfli sazişi üzərində danışıqlar aparılır. Layihənin böyük bir hissəsinin razılaşdırıldığı bildirilir. Azərbaycanın rəhbər tutduğu əsas yanaşma saziş layihəsi üzrə danışıqlar bərabərhüquqlu tərəfdaşlıq prinsipi üzrə həyata keçirilməsindən ibarətdir;

− Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Azərbaycanın qaz ehtiyatları ölkəmizin ən azı 100 il ərzində Avropaya qaz nəql etməsinə imkan verəcək.

− Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş Cənub Qaz Dəhlizi Avropaya enerji mənbələrinin şaxələndirilməsi üçün geniş imkanlar yaradır. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi 7 ölkəni birləşdirir;

− Azərbaycan Aİ ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir.

− Azərbaycan Aİ-nin 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb: Latviya, Litva, Rumıniya, Xorvatiya, İtaliya, Macarıstan, Bolqarıstan, Çexiya və Polşa.

− 2020-ci il iyunun 18-də “Şərq Tərəfdaşlığı” ölkələrinin liderlərinin videokonfransında Prezident İlham Əliyev bildirmişdi ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir. Bir ildən sonra Prezident İlham Əliyev 6-cı Zirvə Görüşünə münaqişəni ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edən Müzəffər Ali Baş Komandan kimi qatılır.

Beləliklə, regionda yaranan yeni vəziyyətdən çıxış edən Avropa İttifaqının yaxın zamanda Azərbaycanla əməkdaşlığın yönlərini artıracağı da istisna edilmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image