“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı Şuşada keçirilən Qlobal Media Forumu bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Dövlət başçısı İlham Əliyevin forumdakı çıxışı və tədbir iştirakçılarının suallarına cavabı hazırkı dövrün çağırışlarının yüksək səviyyədə çavablandırılması istiqamətində yol xəritəsi oldu. Cənab İlham Əliyev həm Azərbaycanın, həm də regionun gələcəyi ilə bağlı fikirlərini açıqladı. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Şuşa Qlobal Media Forumu dünyaya nümunə olan Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin təqdimatında öz sözünü dedi. Belə ki, sual-cavab formatında keçirilən forumda ilk sualın iki qardaş ölkənin münasibətlərinin bugünkü inkişaf səviyyəsi ilə bağlı olması növbəti dəfə bu məkandan-Qarabağı tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşadan dünyaya mesaj oldu. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Prezident İlham Əliyev bu reallığı diqqətə çatdırdı ki, Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğu təkcə regionda deyil, dünyada məlum bir faktdır. Bu, regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Eyni zamanda, Türkiyə və Azərbaycan xalqları arasında da münasibətlər, əlbəttə ki, uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulub. Bu, çox gözəl təməldir və ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir, bir-birini dəstəkləyir.
Dövlət başçısı İlham Əliyevin çıxışında xüsusi yer alan “İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq” fikirləri iki qardaş ölkənin münasibətlərinin gələcəyi barədə aydın təsəvvür yaradır. Şuşa Bəyannaməsi xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bu Bəyannamə qarşımızda yeni üfüqlər açır.”
Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Millət vəkilinin sözlərinə görə, qlobal məsələlərdə və regionda Türkiyənin rolu çox önəmli və vacibdir: “Bu rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir. Dövlət başçısı İlham Əliyev forumdakı çıxışında bu məqamlara diqqət yönəltdi ki, Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra ilk dövlət səfərini Azərbaycana etdi. Eyni zamanda, cənab İlham Əliyev Türkiyə Prezidentinin inauqurasiya mərasimində iştirak etdi. Bütün bu addımlar iki qardaş ölkənin münasibətlərinin təqdimatı, qardaşlığın əsl nümunəsidir. Qarşıdan gələn illərdə də Türkiyə və Azərbaycan regionda daha önəmli rol oynayacaq.”
Əliabbas Salahzadə qeyd edib ki, Qlobal Media Forumu Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzuna bir daha işıq saldı: “Ölkə Prezidenti İlham Əliyev Azərbaycanın sabitlik məkanı, birləşdirici aktor kimi möhkəmlənən mövqeyini əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırdı. Vurğulandı ki, Azərbaycan rəqabət deyil, əməkdaşlıq məkanıdır. Rusiya və ABŞ silahlı qüvvələrinin yüksək nümayəndələri, ordu qərargahlarının komandanları, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər. Bu, ölkəmizə etimadın, etibarın göstəricisidir. Belə görüşlər dəfələrlə keçirilib. Bu da onu göstərir ki, Azərbaycan maraqları birləşdirən ölkədir.”
Millət vəkili vurğulayıb ki, regionun perspektivlərindən bəhs edən dövlət başçısı İlham Əliyev diqqəti Azərbaycanın Ermənistanla münasibətlərdə yeni səhifənin açılması, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədilə sülh müqaviləsinin imzalanması təklifinə yönəltdi. Bir daha bu reallıq qeyd edildi ki, əslində regional inkişaf, əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır.
Əliabbas Salahzadə forumun postmünaqişə dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında mühüm platforma olduğunu açıqladı: “Böyük Qayıdış proqramı çərçivəsində görülən işlərdən geniş bəhs edildi. Belə ki, ölkə başçısı 30-dan çox şəhər və kəndin Baş planının təsdiqləndiyini, həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanın qayıdacağını bildirdi. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Cənab İlham Əliyev həyata keçirilən hər bir layihənin onda böyük qürur, xoşbəxtlik hissi yaratdığını belə ifadə etdi: “Xoşbəxtlik nədir, bir çoxları özünə sual verir. Amma hər dəfə bu inkişafı görəndə mən özümə deyirəm, yəqin ki, xoşbəxtlik, bax, budur.”
Millət vəkili bildirib ki, Azərbaycan hər bir sahədə zəngin, təkmil təcrübəsi ilə dünyanın diqqətindədir: “Tarixi Zəfərimizdən dərhal sonra başlanan bərpa-quruculuq işləri Azərbaycanın təkmil dirçəliş modelinin təqdimatıdır. Qısa zamanda görülən işlər dövlətimizin qətiyyətinin, malik olduğu iqtisadi imkanların göstəricisidir. Tezliklə Böyük Qayıdış proqramının tam şəkildə uğurla başa çatdırılması ilə Azərbaycanın həyatında yeni mərhələ başlayacaq. Azərbaycan daim dinamik inkişaf nümunəsi ortaya qoyur. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq Media Forumunun qlobal miqyas alması bütün bu realllıqların təbliğində əhəmiyyətli rol oynayacaq. 49 ölkəni təmsil edən 150 nümayəndənin hər biri bu reallıqların təbliğatçısı olacaq.”