image-nkisafbackend

Azərbaycan yüksək iqtisadi inkişaf göstəricilərinə malikdir

image-reklam_sirab_01

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır.

Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar: birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü; ikincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü. Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli — Azərbaycan modeli yaranmışdır. Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır. Bu gün ölkədə inkişafın müsbət dinamikasının təmin edilməsi, iqtisadi potensialın möhkəmləndirilməsi, dərinləşdirilməsi, onlardan istifadənin səmərəliliyinin yüksəldilməsi, makroiqtisadi sabitliyə və artıma nail olunması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, təşviqi, qeyri-neft sektorunun, rəqabət qabiliyyətli, ixracyönümlü yerli istehsalın inkişafı üçün möhkəm zəmin yaradır.

Bazar iqtisadiyyatının prinsiplərinə uyğun islahatların dərinləşməsi, habelə regionların resurslarının təsərrüfat dövriyyəsinə cəlb olunması, onların kompleks və sürətli sosial-iqtisadi inkişafına nail olunması, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə inteqrasiyası, Azərbaycanın bölgənin aparıcı ölkəsinə çevrilməsi, son nəticədə ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi, ölkədə həyata keçirilən iqtisadi siyasətin həmin proqramların uğurla reallaşdırılmasının məntiqi sosial-iqtisadi nəticəsi hesab edilməlidir. Azərbaycanın müasir iqtisadi siyasəti iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun tərəqqisinə, dayanıqlı və rəqabətqabiliyyətli milli iqtisadiyyatının yaradılmasına yönəldilib. Milli iqtisadiyyatda mənfi təsirləri minimuma endirmək, makroiqtisadi sabitliyi qorumaq Azərbaycan dövlətinin prioritet məsələlərindəndir. Prezidentinin rəhbərliyi ilə qurulan və gerçəkləşən “Azərbaycan 2020: gələcəyə Baxış” inkişaf konsepsiyalarının iqtisadi, siyasi və sosial vəziyyətdə, yaxın onillikdə ölkəmizin, xalqın inkişaf etməsində vacib müsbət effektin gerçəkləşməsinə yönəlib.  İlham Əliyevin bu inkişaf konsepsiyasının yaradılması və gerçəkləşdirilməsi əlaqədar sərəncamı ölkəmizin inkişaf eləmiş ölkələr sırasında  çıxış  etməsini  göstərən çox vacib və tarixi sənəddir. Bu konsepsiyanın qəbul edilməsi ölkəmiz üçün təzə inkişaf pilləsinə addım atmaqdır.

Bu gün Azərbaycan özünün keyfiyyətcə yeni iqtisadi modelini formalaşdıraraq Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrini genişləndirib, Qafqaz nəqliyyat dəhlizinin inkişafı ilə yanaşı, nəhəng layihələrin gerçəkləşməsində mühüm rol oynayır. Son illərdə Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq transmilli layihələrin reallaşması nəticəsində ölkəmiz beynəlxalq nəqliyyat dəhlizinə, nəqliyyat mərkəzinə çevrilib. Ölkəmizdə böyük gəmiqayırma zavodu inşa edilib. Xəzər hövzəsində olan ən böyük beynəlxalq Ələt Dəniz Ticarət Limanının və  Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi  tarixi hadisədir. Enerji sahəsində digər bir mühüm hadisə Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması olmuşdur.

Anlaşma Memorandumu ölkəmizin neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Bu tarixi hadisə ölkəmizin tranzit ölkə kimi rolunun artmasına öz müsbət təsirini göstərəcək Transxəzər enerji kəmərinin reallaşmasına töhfəsini verəcək. İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində bütünlükdə Azərbaycanda, eləcə də regionlarda sosial-iqtisadi inkişafın, idarəçilik, dövlət quruculuğu və beynəlxalq sahədəki fəaliyyətinin nəticələri onu uzaqgörən, analitik düşüncəli, iqtisadi və sosial prioritetləri vaxtında və düzgün müəyyənləşdirə bilən, ekstremal hallarda düzgün və optimal qərar qəbul edə bilmək bacarığına malik bir lider olduğunu sübut edib. Bizim uğurların təməlində siyasətimizdir, gələcəyə olan baxışlarımızdır, strategiyamızdır, birliyimizdir. Azərbaycan xalqı bu 30 il ərzində vətəndaş həmrəyliyini və nə qədər böyük xalq olduğunu göstəribdir. Otuz ildə biz böyük nailiyyətlərə çatmışıq. Bundan sonra da ölkəmizin hərtərəfli inkişafı üçün çalışacağıq ki, daha da qüdrətli, gözəl ölkə yaradaq. Dövlətlə xalqın birliyi isə müstəqilliyimizi əbədi, dönməz və sarsılmaz edəcəkdir.

Niftiyeva Günel, Azərbaycan Dövlət Pedaqoji Universiteti

 

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki