image-rasim_quliyevbackend

“Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin möhürü Hacıbala Abutalıbovda idi”-Rasim Quliyev

image-reklam_sirab_01

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin məhkəmə prosesi bu gün davam etdirilib. Veteninfo.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Dilarə Əliyeva küçəsində yaşayan sakinlərin əlavə şahid kimi məhkəməyə çağırılması və “Səs” İnformasiya Agentliyinin söküntü aparılan binada yaşayan sakinlərlə bağlı hazırladığı araşdırmanın istintaq materiallarına əlavə edilməsi barədə təqsirləndirilən şəxsin vəkilləri vəsatət veriblər.

Həmin materiallarda Xalq artisti Şeyx Əbdül Mahmudbəyov və digər sakinlər tərəfindən D.Əliyeva küçəsi 141 ünvanında yerləşən binanın yan divarının 2017 -ci ilin oktyabrında uçması anını təsdiq edən video görüntü və şahidlərin müsahibələri əks olunan DVD-R disk hakimə təqdim edilib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Daha sonra Rasim Quliyev ifadə verib və dövlət ittihamçısının suallarını cavablandırıb.

Prokurorun Bakı Şəhər İcra Hakimiyyəti başçısının vəzifələrini icra etmək üçün sərəncamın olub-olmadığı barədə suala cavab verən R.Quliyev bildirib ki, bununla bağlı heç bir sərəncam olmayıb. Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxtı icra hakimiyyətində Aparat rəhbəri kimi çalışıb: “Sabiq icra başçısı Hacıbala Abutalıbov tərəfindən həmin dövrdə müavin vəzifəsinə təyinat üçün 3 nəfərin təqdimatını hazırlamaq göstərişi verildi. Həmin üç nəfərin içində mənim adım yox idi. Digər iki nəfərin isə intellektual səviyyəsi çox aşağı idi. Bununla bağlı Hacıbala Abutalıbova bildirdim ki, təqdimat üçün adı göndərilən şəxslər heç ərizə yaza bilmirlər. Bundan sonra ekstremal vəziyyət olaraq BŞİH-nin keçmiş icra başçısı Hacıbala Abutalıbov müavin vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək üçün mənə həvalə edib”.

R.Quliyev prokurorun suallarının cavabında sonradan apardığı araşdırma nəticəsində həmin sərəncamın da hüquqi cəhətdən düzgün tərtib olunmadığını diqqətə çatdırıb: “Mənim müavin olmağım barədə Prezident Administrasiyasına məlumat verilməyib. Sərəncamdan sonra məndən əvvəl icra başçısının müavini olan Rauf Pənahovun rəhbərlik etdiyi komissiyalara rəhbərlik etməyə başladım. Əvvəl də dediyim kimi, mənim müavin səlahiyyətlərini müvəqqəti icra edəndə nə əmək müqaviləm olub, nə də müavin maaşı almamışam. Sadəcə vəfat edən müavinin poçtasına baxmışam və ictimai şuralara rəhbərlik etmişəm. Həmin vaxt icraya sənədlər dövlət idarələrindən gəlirdi. Belə ehtimal edirəm ki, mənim səmimiyyətimdən istifadə ediblər. Hətta Ramiz Mehdiyevlə Hacıbala Abutalıbovun yazışmalarından da aydın olur ki, Hacıbala Abutalıbov Baş nazirin müavini olduğu vaxtda da faktiki olaraq Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik edib. Mən indi Ramiz Mehdiyevə və digərlərinə zəng edib, o vaxt müavin səlahiyyəti ilə bağlı razılaşma olduğunu soruşa da bilmərəm. Amma rəsmi razılıq olmayıb”.

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri ifadəsinin davamında bildirib ki, 2018-ci ildə Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısı təyin olunandan sonra sentyabr ayında öz ərizəsi ilə Aparat rəhbəri vəzifəsindən azad olunub: “Həmin sənəddə də göstərilib ki, Rasim Quliyev Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri vəzifəsindən azad olunsun. Mən icra başçısının müavini vəzifəsindən deyil, aparat rəhbəri vəzifəsindən azad olunmuşam. Əgər müavin olmuşamsa, deməli, indiyə qədər də müavinəm və bu günə qədər də əməkhaqqı almalıyam”.

Bunun ardınca prokurorun Rasim Quliyevə, “14 iyul 2018-ci ilə qədər nəyə görə müavin olmadığınız barədə təqdimat qaldırmadınız” sualına cavabında təqsirləndirilən şəxs bildirib ki, bununla bağlı Hacıbala Abutalıbova müraciət edib.

Daha sonra prokuror, Hacıbala Abutalıbovu nəzərdə tutaraq, Baş nazir müavininin icra hakimiyyəti işlərinə nə aidiyyəti olduğunu soruşub. R.Quliyev isə prokurorun sualına, “Baş nazir müavininin aidiyyəti yox idisə, niyə mənimlə bağlı müxtəlif qrumlarla yazışmalar aparıb və mənim məktubuma cavab verirdi”, – deyə cavab verib: “Mən Administrasiyaya müraciət etməli deyiləm, bunu başçı etməlidir”.

Sonra R.Quliyev ittihamda qeyd olunan Dilarə Əliyeva küçəsindəki işlərlə bağlı sərəncamı kimin hazırladığı ilə bağlı suala cavab verib: “Həmin sərəncamı Bakı Şəhər İcra Hakimiyyətinin tərəfində olan Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi hazırlayıb. Həmin vaxt idarənin möhürü də icra başçısında olub. Hacıbala Abutalıbov Baş nazirin müavini olduqdan sonra həmin möhür Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Akif Abdullayevə verildi”.

Ardınca isə Rasim Quliyev D.Əliyeva küçəsində söküntü aparılan zaman həmin ərazidə yaşayış olub-olmaması barədə sualı cavablandırıb: “2017-ci ildə sözügedən ərazidə söküntü aparılması ilə bağlı Hacıbala Abutalıbov “FF-2011” tikinti şirkətinə məktub yazaraq bildirib ki, qeyd olunan ünvanda – Dilarə Əliyeva 145 tikinti işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılıb. Sonradan həmin məktubun üzərində düzəliş edilərək qeyd olunub ki, bura Dilarə Əliyeva 141 də daxildir. Məktubda qeyd olunub ki, söküntü işləri “FF-2011” tikinti firmasının vəsaiti hesabına aparılsın. Göründüyü kimi mənə qədər aidiyyəti qurumlar tərəfindən bütün sənədlər imzalanmış, sərəncam verilmişdi”.

Növbəti proses sentyabrın 9-a təyin olunub.

Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılıb.

Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki