ABŞ prezidenti Co Bayden Konqresdən Kiyevə 13 milyard dollar hərbi yardım, həmçinin Ukrayna və digər ölkələrə iqtisadi və təhlükəsizlik üçün 8,5 milyard dollar ayırmağı xahiş edib. Vətəninfo.az xəbər verir ki, bu barədə “The Washington Post” yazır.
Ümumilikdə Bayden Konqresdən 40 milyard dollar, o cümlədən ABŞ-da təbii fəlakətlərin aradan qaldırılması üçün 12 milyard dollar və sərhədlərin qorunması üçün 4 milyard dollar əlavə maliyyə istəyib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, Bayden administrasiyası ABŞ ictimai rəyindən asılı olmayaraq, Ukraynaya hərbi yardımı davam etdirmək üçün Konqresə təzyiq edəcək.
O, CNN telekanalının keçirdiyi ictimai rəy sorğusunun nəticələri fonunda Ukraynaya davamlı dəstəyin perspektivləri ilə bağlı sualı cavablandırıb.
Onlardan belə çıxır ki, amerikalıların 55%-i ABŞ Konqresinin Kiyevə əlavə yardım göstərməsinin əleyhinədir. Sorğu həmçinin göstərib ki, amerikalıların 51%-i ABŞ-ın artıq Ukraynaya kifayət qədər kömək etdiyinə inanır.