image-369608_res_01backend

“Beta” şirkəti Azərbaycanda SOYQIRIM HƏYATA KEÇİRİR

image-reklam_sirab_01

Lənkəranın Haftoni kəndinin ərazisində meşə sahəsinin çay plantasiyası salmaq üçün “Beta” şirkətinə uzunmüddətli icarəyə verilməsi və orada ağacların kütləvi qırılması ekoloqların etirazına səbəb olub. Bu günlərdə bir qrup ekofəal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. “Ecofront” təşkilatının rəhbəri Cavid Qara bu haqda virtualaz.org-a bildirib.

Onun sözlərinə görə, etirazçılar nazir Muxtar Babayevlə və ya digər vəzifəli şəxslərlə görüş tələb etsələr də pandemiyanı bəhanə edərək fəalları nazirliyə buraxmayıblar.

image-496814_src

“Ecofront” təşkilatının rəhbəri Cavid Qara

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Haftoni kəndinin yaxınlığında yerləşən meşə fondu torpaqlarının 45 hektarını “Beta” şirkətinə uzunmüddətli icarəyə verib. Şirkət isə bu ərazidə ağacları kütləvi şəkildə qırıb və çay plantasiyası salmağa başlayıb. Bu məsələ sosial şəbəkələrdə və KİV-lərdə etiraza səbəb olub. Nazirlik isə iddia edib ki, icarəyə verilən ərazidə ağaclar yox, hansısa kol-koslar təmizlənir. “Ağacların kəsilməsindən söhbət gedə bilməz. Bu rayonda sahə kol-kosdan və qurumuş ağaclardan təmizlənir”,-nazirliyin nümayəndəsi Namiq Xıdırov belə demişdi. (Hərçənd iri ağacların kəsildiyini əks etdirən fotolar var).

Ekofəallar isə Haftoni meşələrində  ağacların qırılmasına son qoyulanadək etirazları davam etdirmək niyyətindədirlər.

“Bundan əvvəl də nazirliyə məlumat vermişdik, lakin hələ də nazirliyin vəzifəli şəxsləri tərəfindən yerində araşdırma aparılmayıb. Belə görünür ki, nazirlik aranı sakitləşdirmək istəyir, buna görə də meşə ərazisində işlər müvəqqəti dayandırılıb. Halbuki ortada qanun pozuntuları var, ağacları kəsməklə təbiətə küllü miqdarda ziyan vurublar. “Beta” şirkəti ilə icarə müqaviləsinə xitam verilməlidir, amma nazirlik bu məsələyə ümumiyyətlə, münasibət bildirmir. Sadəcə olaraq, meşənin qırılmasına necə haqq qazandıracaqlarını fikirləşirlər. İşlər müvəqqəti dayandırılsa da, gələcəkdə ağacların qırılmayacağına təminat verilmir”,-C.Qara bildirib.

Ekofəal deyir ki, söhbət yüzlərlə ağacın, üstəlik Qırmızı Kitaba salınmış qiymətli ağacların  məhv edilməsindən gedir.  C.Qara onu da deyib ki, Baş Prokurorluğa müraciət edəcəklər, çünki təbiətə milyonlarla manat zərər dəyib.

Haftoni meşələrində Qırmızı Kitaba salınmış dəmirağaclarını da məhv ediblər...

“Lənkəranda meşə ərazisinin məhv edilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılmışdı. Biz həmin məlumatı dərhal yerində araşdırdıq. Amma nazirlik əvvəlcə təkzib etdi, dedilər ki, bir ağacın belə qırılmasından söhbət gedə bilməz. Sonra işlərin dayandırıldığını açıqladılar. Guya ki, ağır texnikanın ehtiyatsızlığı ucbatından 3-4 ağac qırılıb. Amma Qırmızı Kitaba düşən Dəmirağaclar da qırılıb.  Nazirlik konkret olaraq meşə ərazisini satıb. Yəni 49 illik icarə artıq ərazinin faktiki olaraq satılması deməkdir”,-təşkilat rəhbəri bildirib.

C.Qara iddia edir ki, Lənkəranda 1 hektar torpaq yerləşdiyi ərazidən asılı olaraq  5-15 min manat arasında satılır. Söhbət əlbətdə ki, qeyri-rəsmi ödənişin məbləğindən gedir. Rəsmi olaraq isə meşə sahələri qəpik-quruşa uzunmüddətli icarəyə verilir. Cavid Qara deyir ki, onlar daha əvvəl Şəkidə və digər rayonlarda kənd təsərrüfatı məqsədi ilə uzunmüddətli icarəyə verilən meşə torpaqlarına dair icarə müqavilələrinin surətini əldə ediblər. Həmin müqavilələrdə göstərilir ki, torpağın hər hektarı cəmi 25 manata icarəyə verilib. Bu baxımdan Haftoni meşələrinin də təxminən bu qiymətə icarəyə verildiyini ehtimal etmək olar. Yəni indiki halda dövlət bu icarə müqaviləsindən cəmi 1250 manat qazana bilərdi.

Cavid Qara əlavə edib ki, meşə fondu torpaqlarının ictimaiyyətə açıq xəritəsi yoxdur. Görünür kimlərsə böyük pullar qazandığından ictimai narazılığa baxmayaraq  “Beta” şirkəti ilə müqaviləni ləğv edə bilmirlər. Çünki  belə olsa pulları qaytarmaq lazımdır: “Qusarın Qalacıq meşəsinin aqibəti də belədir.  130 hektara yaxın sıx meşə, 170 hektara yaxın kolluq olmaqla cəmi 300 hektar təbiət ərazisi qoz bağı salmaq üçün son 2 ildə məhv edildi”.

image-496835_src

“Ecofront” təşkilatı hazırda Lənkəranda məhv edilmiş meşə ərazilərinin hüdudlarını müəyyən etmək üçün peyk fotoları ilə işləyir. Cavid Qara vəd edib ki, həmin fotoları tezliklə redaksiyamıza təqdim edəcək.//virtualaz.org

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki