image-resizebackend

“Bu, Nikol Paşinyanın ikinci böyük səhvi olacaq” – Proses hara gedir?

image-reklam_sirab_01

İkinci Qarabağ müharibəsindən dərhal sonra imzalanan üçtərəfli sazişə əsasən, qısa müddətdə Azərbaycan-Ermənistan sərhədləri sovet dövrünün xəritəsinə uyğun olaraq müəyyənləşdirilməlidir. Lakin zəfərdən 7 aydan çox vaxt keçməsinə baxmayaraq, demarkasiya və delimitasiya prosesinə hələ də başlanılmayıb. 

Düşmən anlaşmanın şərtlərinə əməl etməmək üçün demək olar ki, hər gün sərhəddə təxribat xarakterli addımlar atır. Bir neçə aydan sonra hava şəraiti dəyişəcəyini və bunun da sərhədlərin müəyyənləşdirilməsində problemlər yaradacağını nəzərə alsaq, hadisələrin gedişatını heç də müsbət qiymətləndirə bilmərik.

Tərəflər arasındakı mövcud durumu Yenisabah.az-a şərh edən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, yubanmanın əsas səbəbi Nikol Paşinyanın sərhədləri dəqiqləşdirmək istəməməsidir:

“Çünki Ermənistan tərəfi bilir ki, sərhədlərin demarkasiyası və delimitasiyası faktiki olaraq Azərbaycanın sərhədlərini tanımaq deməkdir və onlar indiki vaxtda Qarabağın dağlıq hissəsi ilə bağlı buna getmək istəmirlər, bunun Ermənistan üçün ciddi tarixi hadisə olacağını başa düşürlər. Ermənilər bilir ki, yaxında qış ayları gəlir  və xüsusilə Kəlbəcər istiqamətində demək olar ki, oktyabr ayından sonra hərəkət etmək mümkün olmayacaq. Buna görə də prosesi o istiqamətdə yubatmaq, vaxt aparmaqla məşğuldurlar. Lakin Azərbaycan və Ermənistanın bütün sərhədlərində sərhədlərin dəqiqləşdirilməsinə böyük ehtiyac var. Biz başa düşürük ki, Azərbaycanın bu məsələnin həll edilməsi üçün sadəcə bir neçə ay vaxtı var”.

Həmsöhbətimiz qeyd edib ki, əgər Ermənistan dinc yolla demarkasiya və delimitasiya məsələsinə başlamazsa, Azərbaycan artıq öz gücü hesabına sərhədlərin dəqiqləşdirilməsi ilə məşğul olacaq:

“44 günlük müharibəyə qədər düşmən sərhəddə işğalçı siyasətini yürüdürdü, sərhədin bu tərəfinə keçirdi və düşünürdü ki, torpaqlarımız onlarındır, hətta Şərqi Zəngəzur istiqaməti ilə bağlı da belə düşünürdülər.

Təsadüfi deyil ki, bir neçə ay əvvəl Zəngilan və Qubadlı istiqamətində sərhədlərin dəqiqləşdirilərkən Azərbaycan sərhədçilərinin önə çıxması zamanı yerli əhali buna qarşı narahatlığını bildirirdi, çünki onlar hesab edirdi ki, oralar erməni torpağıdır. Bu problemlər Kəlbəcər daxil olmaqla digər istiqamətlərdə də var.

Ermənistan tərəfi anlamalıdır ki, əgər Ermənistan Qarabağın dağlıq hissəsi ilə bağlı öz təxribatlarını davam etdirərsə və tez zamanda Azərbaycan sərhədlərini tanımazsa, biz də Ermənistan sərhədlərini tanımayacağıq və Ermənistanın təxribatlarına adekvat cavab verəcəyik.

Bu isə Nikol Paşinyanın ikinci böyük səhvi olacaq. Birinci səhvində  44 günlük müharibə və biabırçı məğlubiyyətlə üzləşdisə, ikinci səhv Ermənistanın dövlət sərhədlərini və bugünkü dövlətçiliyini təhdid altında qoyacaq. Lakin Moskva da Bakı və İrəvan arasında tez bir zamanda demarkasiya və delimitasiya məsələlərinin başlanılmasına tərəfdarıdır. Çünki İndiki halda bizim əsas istəyimiz Laçın dəhlizi və Qarabağın dağlıq hissəsini bir qədər gələcək vaxta qoyaraq sərhədlərin dəqiqləşdirilməsi və nəqliyyat xətlərinin açılmasıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki