image-be53ee61162523266342009126810629910backend

“Dəmir Yumruq”: yeganə təsir vasitəsi

image-reklam_sirab_01

Noyabrın 15-də Fransa Senatı Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən və Azərbaycana qarşı böhtan və iftiralarla dolu bir qətnamə qəbul etdikdən sonra estafeti Milli Assambleyaya ötürdü.

Dünən isə Fransa Respublikasının Milli Assambleyası Senatın iddialarına dəstək nümayiş etdirən bir qətnamə qəbul etdi. Ardınca Fransa Xarici İşlər Nazirliyi tərəfindən bu qətnamələrin Fransa hökümətinin mövqeyi ilə üst-üstə düşmədiyi və Fransa höküməti tərəfindən dəstəklənmədiyi elan edilsə də bu hələlik Ermənistan siyasətçilərinin “qələbə” eyforiyasını söndürə bilməyib. Bu üç hadisənin ardıcıllığından çıxan nəticə hələlik ermənilər tərəfindən düzgün oxunmur və ya özlərini bilməməzliyə vururlar. Odur ki, Fransa prezidentinin təşəbbüsü və barmaq işarəsi ilə parlamentin hər iki palatasında qəbul olunmuş və ardınca Fransa höküməti tərəfindən rədd edilmiş bu qətnamələrin iddia olunan faydası və real zərəri haqqında erməni cəmiyyətinin düşünməyinə ehtiyac var.

Azərbaycan höküməti, parlamenti və cəmiyyəti haqlı olaraq bu bədnam qətnamələri dəyərsiz bir kağız parçası hesab etdiyini bildirib və öz növbəsində Azərbaycan hökümətinə adekvat cavab tədbirlərinin görülməsini tövsiyyə edib. Ermənistan cəmiyyəti isə yenə də bu dəyərsiz kağız parçaları üzərində siyasət qurmağa, növbəti dəfə aldanmağa meylli görünür. Bu günlərdə Ermənistan mətbuatı artıq Fransa ilə daha sıx hərbi əməkdaşlıqdan və Fransa qoşunlarının əraziyə gətirilməsindən tutmuş hətta Qarabağ ərazisində Fransanın hansısa qondarma missiyasının yerləşdirilməsinə qədər absurd ideyalarla dolub daşır. Erməni millətçilərinin entuziazmı o həddə çatır ki, 200 il əvvəl onları Cənubi Qafqaza köçürmüş və 100 il əvvəl onlara Azərbaycan ərazisində dövlət yaratmış və bu gün də onların sərhədlərini mühafizə edən Rusiyanı artıq tanımaq belə istəmirlər. Saxta Fransa hamiliyinə dərindən inanmış ermənilərin KTMT dövlət başçılarının sammitində iştirak etmək üçün İrəvana gəlmiş V. Putini Avropa Birliyinin bayraqları ilə qarşılaması da bu sadəlövhlükdən irəli gəlir.

Amma reallıqda nə baş verir və bunun ermənilərə faydası və zərəri nə ola bilər? Bu haqda erməni siyasətçiləri düşünməyi və danışmağı xoşlamırlar. Onlar öz inandıqlarına sitayiş etməyə adətkardırlar. Erməniçilik, millətçilik və terrorçuluq ideyaları ilə zəhərlənmiş erməni cəmiyyəti dəfələrlə başları daşa dəyməsinə baxmayaraq, yenə də öz xam xəyallarını Azərbaycan torpaqlarının üzərində süzdürməyə davam edir və növbəti dəfə öz fantaziyalarını Fransa vasitəsilə gerçəkləşdirə biləcəklərinə ümid edirlər.

Son iki ildə Ermənistanla Azərbaycan arasında baş tutmuş təmasların xronologiyası mümkün sülh prosesinin məhz sonuncu Praqa görüşündən sonra pozulduğunu göstərir. 6 noyabr Praqa görüşünə qədər həm Rusiya və həm də Aİ prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlərin nəticələrində pozitiv dinamika müşahidə olunurdu. İlk dəfə olaraq bu görüşlərə Fransa prezidentinin də qatılması tərəflər arasında əldə olunmuş irəliləyişlərin qarşısını aldı. Ardınca Fransa prezidentinin sonrakı görüşlərdə də iştirakının Ermənistan tərəfindən şərt kimi irəli sürülməsi danışıqlar prosesini dalana dirədi. Beləliklə, qapı arxasında E. Makronla N. Paşinyan sövdələşməsi iki ölkə arasında münasibətlərin tənzimlənməsinə mane olmaqla bölgədə sülhün və təhlükəsizliyin bərqərar edilməsinin qarşısını aldı.

Baş verənlərin Ermənistanın milli maraqlarına uyğun olduğunu düşünmək belə ağılsızlıq olardı. Onda Ermənistan niyə Makronun oyunlarına getdi? Ehtimal etmək olar ki, Paşinyan-Makron cütlüyünün ssenarisinə görə Fransa prezidenti bu görüşlərə qatılmaqla bir tərəfdən Minsk Qrupundakı uğursuzluğunu ört-basdır etməli idi. Digər tərəfdən isə Azərbaycana Senat və Milli Assambleya vasitəsilə siyasi təzyiq göstərməklə Azərbaycandan Ermənistan üçün müəyyən güzəştlərin əldə olunmasına nail olmalı idi. Başqa bir tərəfdən, bu proseslərdə destruktiv rol oynamaqla, Fransanın heç də Ermənistana dəstək olmaq yox, əksinə öz xeyrinə Azərbaycandan hansısa preferansiyalar əldə etmək istədiyini də istisna etmək olmaz. Amma belə bir diletant ssenari işləyə bilməzdi.

Azərbaycan prezidentinin növbəti dəfə Makronun qatılacağı görüşdən imtina etməsi Paşinyan – Makron oyununu elə başlanğıscında dayandırdı. 10 noyabr 2020-ci il Bəyanatının tələblərinin yerinə yetirilməməsi və o cümlədən, Sülh müqaviləsi üzrə danışıqların dayandırılması isə ilk növbədə Ermənistanı daha ağır duruma salır. Erməni hərbiçilərinin hər bir təxribatı yenidən Azərbaycan Ordusunu hərəkətə gətirə bilər və o zaman Ermənistan yenidən sülh yalvarışlarına əl atmalı olacaq. Bütün hallarda bölgədən kənar güc sahibinə ümid edərək konstruktiv danışıqlar prosesini pozmaq Ermənistanı növbəti fəlakətlə üz-üzə qoya bilər. Görünür ki, bir tərəfdən Rusiya ilə Aİ arasında, digər tərəfdən İranla ABŞ arasında “manevrlər” etdiyini güman edən Ermənistan hakimiyyəti indiki durumunda belə riskli reveransların hansı acı nəticələrə gətirib çıxara biləcəyini düşünmək və anlamaq iqtidarında deyil.

“Başına gələn başmakçı olar” deyiblər. Bu misalın Ermənistanın bu günkü durumuna birbaşa aidiyyatı var. Görünən odur ki, 1-ci dünya müharibəsi illərində, ardınca 1918-1920-ci illərdə və nəhayət, 1988-2020-ci illərdə başına gələnlər Ermənistanı “başmakçı” edə bilmədi. Deməli, “Dəmir Yumruq” hələ də yeganə təsir vasitəsi olaraq qalmalıdır.

Cavanşir Feyziyev

Millət vəkili

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki