image-reklam-veteninfo
image-img-20260810-wa0012backend

Bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi

image-reklam-veteninfo

Bu gün dünya Azərbaycanın sülh təcrübəsindən bəhs edir. Hər bir sahədə zəngin təcrübəyə, böyük potensiala malik olan Azərbaycanın hədəflərə ardıcıllıqla nail olması reallıqdır. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf yolu Azərbaycanı tarixi Zəfərə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, regionda dayanıqlı sülhə, təhlükəsizliyə qovuşdurdu. Artıq bir ildir sülh şəraitində yaşayırıq. Prezident İlham Əliyevin ötən ilin 7-8 avqust tarixlərində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona reallaşdırdığı tarixi işgüzar səfər Bakı ilə Vaşinqton arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə daxil olması ilə yanaşı, Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynadı. Səfər çərçivəsində əldə olunan  razılaşmalar regionun gələcək təhlükəsizlik arxitekturasını müəyyənləşdirdi. Dövlətimizin başçısı İlham Əliyev 2025-ci ili tarixi il kimi xarakterizə edərək bildirdi ki, Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Sülh şəraitində yaşamağın bəhrəsini görürük. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək. Dövlətimizin başçısı İlham Əliyevin  çağırışlarında bu məqam da xüsusi qeyd edilir ki, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi  paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik.

Bugünkü reallıqlarımız daim müstəqillik tariximizdə  keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur. Müstəqilliyimizin bərpasının ilk illəri, xüsusilə AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövrü Azərbaycanda dərin siyasi, iqtisadi və hərbi böhranlarla, həmçinin torpaqlarımızın işğalı ilə yadda qaldı. Şuşanın, Laçının, Kəlbəcərin işğala məruz qalması AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində baş vermişdi. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü  nəyin bahasına olursa-olsun hakimiyyəti zəbt etməyə çalışırdı. Hakimiyyəti zor gücünə ələ keçirən bu cütlük bir il ərzində ancaq talançılıqla, rüşvətxorluqla, soyğunçuluqla, qanunsuzluqla və digər çirkin əməllərlə məşğul idi.

Həmin dövrdə Azərbaycan haqqında məlumatsızlıq ölkəmizə qarşı ədalətsiz qərarların qəbul edilməsinə səbəb oldu. 1992-ci ildə  ABŞ Konqresinin Azərbaycana qarşı atdığı  ədalətsiz addımı xüsusi qeyd etməliyik.  Sovet İttifaqının süqutundan sonra yeni yaranan ölkələrə maliyyə yardımı formasında dəstəyin verilməsi üçün ABŞ Konqresi “Azadlığa Dəstək Aktı”nı qəbul etdi və ədalətsiz  907-ci düzəliş ermənipərəst senatorlar tərəfindən irəli sürüldü. İşğala məruz qalan, bir milyondan artıq soydaşı  məcburi köçkün vəziyyətinə düşən Azərbaycana qarşı belə ədalətsiz qərar tətbiq edildi.

2025-ci il Azərbaycan-ABŞ münasibətləri kontekstində də tarixi il kimi yadda qaldı.  Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  ötən ilin avqust ayında Vaşinqtonda Prezident Donald Trampla tarixi görüşü, bu ilin yanvarında Davosdakı görüş, Donald Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət olunması, Vitse-prezident Cey. Di. Vensin ölkəmizə səfəri, Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın  Bakıda imzalanması və bir çox digər meyarlar göstərir ki, hazırda Azərbaycan-ABŞ münasibətləri heç zaman görmədiyimiz zirvə səviyyəsindədir.

Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması yeni imkanlar açır. Son bir ilin reallıqlarına diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısı İlham Əliyev hər bir çıxışında bu çağırışı edir ki, biz əbədi sülhə sadiqik. Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir.

Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycan malik olduğu üstünlükləri ilə dünyanın diqqətindədir. Təbii ki, bu üstünlüklər sırasında coğrafi mövqeyi xüsusi qeyd edilir. Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan körpü rolunu daim möhkəmləndirir. Nəqliyyat və logistika məkanı kimi diqqətdədir. Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amilin rolunu nəzərə alsaq Azərbaycanın  bu imkanlarının  əməkdaşlığın coğrafiyasının genişləndirilməsində rolu aydın görünür. Onu da qeyd edək ki, ötən il Vaşinqton Sammitinin nailiyyətlərindən biri  Azərbaycanın  əsas hissəsi ilə onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsidir. Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaq. Layihənin əsas məqsədi regionda sülhü möhkəmləndirməklə yanaşı, yeni iqtisadi əlaqələrin formalaşdırılmasına, yükdaşımaların genişlənməsinə töhfə verməkdir.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki