Tatarıstandakı Nijni Kama neft emalı zavoduna dron hücumu olu
Rusiyanın Tatarıstan Respublikasında yerləşən Nijnekamsk şəhərinə gecə saatlarında dron hücumu həyata keçirilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN agentliyi məlumat yayıb.
Məlumata görə, monitorinq kanallarında Nijnekamsk və Çistopol şəhərlərinin sakinlərinin çoxsaylı dronlar gördüyü bildirilib. Daha sonra bölgədə yanğınların baş verdiyi barədə məlumatlar yayılıb.
Nijnekamsk Rusiyanın ən böyük və müasir neft emalı və neft-kimya komplekslərindən birinin yerləşdiyi şəhərdir. Burada TANEKO, TAIF-NK və SIBUR kimi iri şirkətlərin müəssisələri fəaliyyət göstərir. Sözügedən sənaye kompleksi Rusiyanın yanacaq və enerji infrastrukturu baxımından strateji əhəmiyyət daşıyır.
Yayılan görüntülərdə müəssisə ərazisində iki böyük yanğın ocağı və havaya qalxan qatı qara tüstü görünür.
Nijnekamskdakı sənaye obyektləri daha əvvəl də Ukrayna dronlarının hücumlarına məruz qalıb. Sonuncu hücumun iyulun 8-də baş verdiyi bildirilir.
Bundan başqa, Moskva meri Sergey Sobyanin yerli vaxtla saat 04:00 radələrində hava hücumundan müdafiə qüvvələrinin paytaxta doğru uçan 10-dan çox Ukrayna dronunu vurduğunu açıqlayıb.


























