Rusiya Qara dənizdə, xüsusilə Böyük Odessa limanları istiqamətində mülki gəmiçiliyin hərəkətini bloklayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk telemarafon zamanı açıqlama verib.
Onun sözlərinə görə, hazırda Qara dənizdə gəmilərin keçidi həyata keçirilmir və müvafiq dəniz dəhlizi üzrə fəaliyyət dayandırılıb.
“Hazırda naviqasiya, yəni keçid yoxdur.
Müvafiq olaraq, aidiyyəti nazirliyin nümayəndələrinin də bildirdiyi kimi, dəhliz boyunca işlər dayandırılıb”, – Pletençuk bildirib.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Rusiyanın Qara dənizdə yaratdığı təhlükəyə qarşı mübarizənin davam etdiyini qeyd edib. O bildirib ki, bu istiqamətdə Ukrayna Müdafiə Qüvvələrinin müxtəlif bölmələri, o cümlədən Hərbi Dəniz Qüvvələri fəaliyyət göstərir.
Pletençuk həmçinin son dövrlərdə Rusiya ordusunun Ukraynanın Odessa vilayətinə hücumlarda istifadə etdiyi pilotsuz uçuş aparatlarının taktikasını dəyişdirdiyini deyib.
Onun sözlərinə görə, iyulun ortalarından etibarən Rusiya qüvvələri vaxtaşırı “Banderol” tipli baraj sursatlarından və reaktiv mühərriklə təchiz edilmiş “Shahed-238” dronlarından istifadə etməyə başlayıb.
“Biz bu hücumları mümkün qədər zərərsizləşdirmək üçün əlimizdən gələni edirik”, – Ukrayna rəsmisi vurğulayıb.
Pletençuk bildirib ki, Ukrayna ordusu Qara dənizdə Rusiya qüvvələrinə qarşı mübarizə imkanlarını genişləndirmək üzərində işləyir. O, bölgədəki böhranlı vəziyyətlərin Rusiya-Ukrayna müharibəsindən əvvəl də müşahidə edildiyini xatırladıb.
“Bu, təəssüf ki, nə birinci, nə də ikinci belə haldır. Bir vaxtlar Hərbi Dəniz Qüvvələri oxşar vəziyyətlərdən çıxış yolu tapa bilmişdi. İndi də yaranmış vəziyyətin təsirini azaltmağa çalışırıq. Əminəm ki, bu vəziyyətdən də çıxış yolu tapacağıq”, – Pletençuk deyib.


























