image-reklam-veteninfo
image-1backend

İxtisas seçimi edənlər DİQQƏT! – Rektordan abituriyentlərə vacib mesaj

image-reklam-veteninfo

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov abituriyentlərə müraciət edib.

Vətəninfo.az xəbər verir ki, rektor sosial şəbəkə hesabında paylaşdığı müraciətdə iki gün sonra başlayacaq ixtisas və universitet seçimi ilə bağlı abituriyentlərə tövsiyələrini verib.

Ədalət Muradov bildirib ki, hazırda “Mən harada oxuyum?” və “Mənim övladım harada oxusun?” kimi suallar abituriyentləri və valideynləri ən çox düşündürən məsələlərdəndir.

Rektor qeyd edib ki, bugünkü abituriyentlərin qarşısında əvvəlki illərin məzunlarından fərqli və daha mürəkkəb suallar dayanır. Onun sözlərinə görə, məktəbdən universitetə keçid yalnız akademik mərhələ deyil, həm də insanın özünü sınadığı, fərqli ideyalarla qarşılaşdığı və inkişaf etdiyi yeni mühitdir.

Ə. Muradov süni intellektin sürətli inkişafının insan bacarıqlarının əhəmiyyətini azaltmadığını, əksinə, bəzi keyfiyyətləri daha da dəyərli etdiyini vurğulayıb.

“Səbir, intizam, komandada işləmək, özünü ifadə etmək, tənqidi düşünmək və etik qərarvermə kimi insani keyfiyyətlər daha da dəyərli olur”, – deyə rektor bildirib.

O əlavə edib ki, müasir əmək bazarında işəgötürənlər yalnız texniki biliklərə deyil, problem həll etmə, məlumatları şərh etmə, intellektual dürüstlük və səmimi ünsiyyət bacarıqlarına da üstünlük verirlər.

“Hazırda üstünlük yalnız məlumatlı olmaq deyil, həm də yaradıcı, etik, çevik və kritik düşünə bilməkdədir. Gələcəyin əmək bazarı yalnız texnologiyanı istifadə edənləri deyil, texnologiyanın hüdudlarından kənar düşünə bilən mütəxəssisləri qiymətləndirəcək”, – deyə Ədalət Muradov qeyd edib.

Rektorun sözlərinə görə, müasir universitet yalnız peşəkar kadr deyil, həm də Vətənini, millətini və torpağını sevən vətəndaş formalaşdırmalıdır.

Ə.Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin bu prinsiplərə önəm verdiyini vurğulayıb.

“Əsas məsələ doğru seçim etməkdir! Bir insanı digərindən fərqləndirən də məhz onun etdiyi seçimlərdir! Seçiminizdə uğurlar, əziz abituriyentlər! Qoy hər şey ürəyinizcə olsun! İnanın, hər şey daha da yaxşı olacaq!” – deyə rektor bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki