image-reklam-veteninfo
image-1backend

“Bəyənmə” xətrinə borclanma: Sosial şəbəkələrin gizli kredit tələsi

image-reklam-veteninfo

Sosial şəbəkələrin parıltılı dünyası real həyatları kölgədə qoymağa davam edir. Platformalarda yaradılan “mükəmməl həyat” illüziyası insanları tükəndirici bir yarışa, süni müqayisələrə və hətta ağır maliyyə borclarına sürükləyir.

Sfera.az xəbər verir ki, psixoloq Gülnar Orucova sosial şəbəkələrin insanlarda “mükəmməl həyat” yaratmaq və başqaları ilə ayaqlaşmaq istəyini gücləndirdiyini deyib.

Psixoloqun sözlərinə görə, insanlar sosial şəbəkələrdə əsasən həyatlarının xoş və yaxşı tərəflərini nümayiş etdirirlər. Bu isə kənardan həmin şəxsin daim xoşbəxt və problemsiz həyat yaşadığı təəssüratını yaradır.

G.Orucova dedu ki, nəticədə insanlar öz həyatlarını başqalarının sosial şəbəkələrdə təqdim etdiyi görüntülərlə müqayisə etməyə başlayırlar:

“Bu tendensiya hətta istirahətin özünü də nümayiş predmetinə çevirib. Valideynlərin uşaqları məcbur edərək şəkil çəkdirməsi, daha sonra həmin görüntüləri sosial şəbəkələrdə paylaşması buna nümunədir. Xüsusilə də, “WhatsApp”da status funksiyasının geniş yayılması ilə bu hal daha da artıb”.

Psixoloq qeyd edib ki, insanlar bəzən sosial şəbəkələrdə gördükləri həyat tərzinə uyğunlaşmaq üçün imkanlarından artıq xərcləməyə, hətta borc və kredit götürməyə başlayırlar:

“Kredit kartlarından gündəlik ehtiyaclar üçün deyil, daha çox göstərdiyi həyat tərzini təmin etmək üçün istifadə edənlər də var. İnsanlar bir-biri ilə yarış halında yaşayırlar. Kimsə nəyisə edirsə, digəri də “mən də etməliyəm” düşüncəsinə qapılır. Halbuki hər kəs ilk növbədə öz gəlirini və imkanlarını nəzərə almalıdır. Insanın özünü başqaları ilə müqayisə etməsi özgüvəninin azalmasına və narazılıq hissinin yaranmasına səbəb ola bilər. İmkanı daha yüksək olan insanlarla ayaqlaşmağa çalışan şəxslər zamanla həm maddi, həm də psixoloji problemlərlə üzləşə bilərlər”.

G.Orucova əlavə edib ki, hər kəsin gəliri, işi və həyat şəraiti fərqlidir:

“Buna görə də başqasının yaşadığı həyat tərzini olduğu kimi təkrarlamağa çalışmaq əvəzinə, insan öz imkanlarını düzgün qiymətləndirməlidir. Əks halda sosial şəbəkələrdə yaradılan “mükəmməl həyat” görüntüsünə çatmaq cəhdi şəxsi borclara və daha ciddi problemlərə sürükləyə bilər”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki