Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesir vilayətində baş verən zəlzələdən zərər çəkən vətəndaşlara dəstəyini ifadə edib.
Prezident sosial şəbəkə hesabında paylaşım edərək bildirib:
“Balıkesir vilayətinin Sındırgı rayonunda baş verən və qonşu bölgələrdə də hiss olunan zəlzələdən zərər çəkən vətəndaşlarımıza tezliklə sağalma və güc diləyirəm. Fövqəladə Hallar İdarəmiz (AFAD) və digər aidiyyəti qurumlarımız ərazidə ətraflı araşdırma və yoxlamalar aparmağa davam edir. Biz də prosesi yaxından izləyirik. Allah ölkəmizi və xalqımızı bütün bəlalardan qorusun.”
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Balıkesir vilayətinin Sındırgı rayonunda baş verən zəlzələ nəticəsində bəzi binaların zərər gördüyü bildirilir.
Kütləvi informasiya vasitələrinin məlumatına əsasən, zəlzələnin maqnitudası 6,1 bal olub.
Türkiyəli seysmoloqların məlumatına görə, yeraltı təkanlar bir sıra vilayətlərdə – o cümlədən İstanbul və İzmirdə də hiss olunub.
Yerli mətbuat yazır ki, İstanbulda zəlzələlər zamanı çilçıraqlar yırğalanıb, pəncərələr silkələnib.


























